Məhkəmə qərarları › İş №2(103)-6513/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6513/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6513/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3999/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X10, xx.xx.2009-cu il tarixdə X9 və xx.xx.2012-ci il tarixdə X8 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4867/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və hər ay hər uşağa görə 137 manat, cəmi 411 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-6347/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3002/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması (aktiv əmək müqaviləsi) müəyyən edilmir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda xx.xx.2005-ci il təvəllüdlü X7 17, xx.xx.2009-cu il təvəllüdlü X6 14 və xx.xx.2012-ci il təvəllüdlü X4 11 yaşı vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır, repititor yanında hazırlaşırlar və buna görə də məsrəfləri yetərincə artmışdır. Ötən dövr ərzində uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da dəyişmiş və hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh isə övladları ilə maraqlanmır, onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların bütün qayğısını, ehtiyaclarını onun özü qarşılayır. Onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3999/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 3002/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, 579 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 40,16 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim X12)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, 2023-cü il üzrə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq, hesab etmişdir ki, dəyişən yaşayış minimumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3002/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 100.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 233.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.1.2-ci, “Uşaq hüquqları haqında” Qanunun 13-cü, 19-cu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi, yəni uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, o, şəkər xəstəliyindən əziyyət çəkir. Səhhətində baş verən kəskin ağrılar və xəstəliyin daimi müayinə, müalicəsi üçün əmək fəaliyyəti ilə məşğul ola bilmir. Hələ bu azmış kimi, alimentin məbləğinin artırılması da onun vəziyyətini daha da ağırlaşdıracaqdır. Həmçinin, əlilliyə görə də ona pensiya təyin edilməmiş, o, səhhətindən irəli gələn xərcləri özü ödəməli olur. Dərman preparatlarının qiyməti də olduqca baha olduğundan onun aylıq olaraq ödənilməsi onun maddi vəziyyətini daha da pisləşməsinə səbəb olur. Göründüyü kimi, bütün bu mövcud hallar onun maddi vəziyyətini aşağı salır. Bu səbəbdən hesab edir ki, onun xəstə olmağı, buna görə də müalicə xərclərini qarşılamağı, hazırda əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, habelə ailə, maddi və sağlamlıq vəziyyəti nəzərə alınaraq alimentin miqdarı azaldılmalıdır. O, alimenti ödəməkdən boyun qaçırmır, belə ki, bu günədək qanunla müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtına ödəmiş, övladlarının saxlanılması üçün var gücü ilə səy göstərərək, alimentin tam məbləğini ödəmişdir. Lakin hazırda təyin edilmiş alimentin miqdarının çox olması onun yaşayışına mənfi təsir göstərəcəkdir. Qət edilmiş aliment məbləği ölkə üzrə 2023-cü il üçün yaşayış minimumunun üzərindədir. Məhkəmə yekun akt qəbul edərkən yaşayış minimumunu nəzərə almamış, bu qədər məbləğin hər ay onun tərəfindən ödənilməsinin mümkünsüz olmasını gözardı etmişdir. Məhkəmə yekun akt qəbul etmədən öncə onun da maddi, sağlamlıq və digər vəziyyətini nəzərə almalı, yaşayışının təmin edilməsi standartlarını göz önündə tutmalı idi. Məhz buna görə də hesab edir ki, qət edilmiş aliment məbləği azaldılmalı, qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın qismən təmin edilməsi və hər ay hər uşağın saxlanılması üçün tutulan alimentin miqdarının 150 manat müəyyən edilməsi xahiş edildiyindən qətnamə yalnız mübahisələndirilən, yəni bu məbləğdən artıq tutulan məbləğlə bağlı hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, habelə tərəflərin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ümumilikdə müəyyən edilmiş aliment məbləğinin artırılmasına etiraz etmir. Lakin ondan hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimenti 193 manat deyil, 150 manat miqdarında müəyyən edilməsini istəyir və bunu səhhətində problemlərin olması, müalicə və müayinəsinə xeyli sayda vəsait sərf etməsi, həmin problemlərlə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsi və gəlir əldə edə bilməməsi, nəticə etibarı ilə maddi imkansızlığı və səhhətində olan problemlərlə əsaslandırır.

24. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların hər birinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2021-ci il) qəbul edilməsindən 2 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Cavabdehdən tutulan 137 manat aliment miqdarı artıq 2022-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan (193 manat) xeyli az olmuş, hazırda artırılmış məbləğin özü də 2023-cü il üzrə deyil, 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumudur. Alimentin cavabdehin istəyinə uyğun 150 manat miqdarında müəyyən edilməsi isə uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

25. Bununla belə, hazırki mübahisəyədək cavabdehin hər ay 137 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır, lakin bu məbləğ hazırda uşağın maddi baxımdan təmin edilməsi üçün yetərli deyil. Bu da öz növbəsində həmin miqdarın hər uşağa münasibətdə artırılmasını şərtləndirir. Bu baxımdan alimentin artırılaraq 193 manat miqdarında müəyyən edilməsi ilə hər uşağın minimum dolanacaq xərcləri həddində deyil, bu həddə yaxın maddi təminat almaq hüququ təmin edilmiş olur. Hər bir halda, 220 manat uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumudur. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri həmin məbləğdən də aşağı olan 193 manatın nəinki 150 manatadək, ümumiyyətlə hər hansı məbləğdə azaldılmasına əsas ola bilməz.

26. Digər tərəfdən nəzərə alınmalıdır ki, artırılmış, yəni 193 manat məbləğində aliment birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Tərəflərin birgə nikahından doğulmuş X10 isə xx.xx.2005-ci il təvəllüdlü olduğundan xx.xx.2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsindən də əvvəl (xx.xx.2023-cü il tarixdə verilmişdir) artıq yetkinlik yaşına çatmışdır. Bu baxımdan ona münasibətdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə bu tarixdən artıq xitam verilmişdir. Həmin tarixdən etibarən yaranmış aliment borcu istisna olmaqla, onun saxlanılması üçün cavabdehdən nəinki artırılmış, ümumiyyətlə hər hansı məbləğdə aliment tutula bilməz.

27. Belə olan halda, cavabdehin xx.xx.2023-cü il tarixdən etibarən cəmi (193 x 2 = 386) 386 manat məbləğində aliment ödəmək öhdəliyi qalır ki, bu da onun ödənilməsini təklif etdiyi 450 manatdan xeyli azdır. Başqa sözlə, mövcud vəziyyətdə cavabdeh qalan iki uşağa görə hətta 2023-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu həddində də aliment ödəmək imkanına malikdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 193 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir (aydın məsələdir ki, hazırki mövqedən çıxış edən cavabdeh bu məbləği qarşılayan deyil). Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır.

29. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

30. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (193- 137=56, 56 x 2 uşaq x 12 ay = 1.344 manat) 1.344 manat təşkil etdiyindən və məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3999/2023 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar