Məhkəmə qərarları › İş №2(103)-6514/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6514/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6514/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-597/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 473 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2800 manat əsas borc, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 404,04 manat faiz borcu, 1539,47 manat müddət sonuna hesablanan faiz borcu, 2247 manat cərimə borcu olmaqla ümumilikdə 6990,51 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat kredit verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 597/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 2800 manat əsas borc, 1226,83 manat faiz borcu, müqavilə müdddəti bitdikdən sonrakı dövr üçün 404, 04 manat faiz (5%) borcu, 100 manat cərimə, cəmi 4530,87 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manatın 100 manatının cavabdehdən, 50 manatının iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, onun iştirakı olmadan qətnamə çıxarılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh teleqram ünvanlayaraq məhkəmə iclasının səhhətində problem olduğu üçün təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəf qətnaməni mübahisələndirməmişdir, qətnamə apellyasiya şikayəti vermiş cavabdehə münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 473 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 2800 manat əsas borc, 1539,47 manat müqavilə müddətinədək hesablanmış faiz borcu, 404,04 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu və 2247 manat cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, cavabdeh bank tərəfindən kredit öhdəliyinin yerinə yetirilməsi barədə lazımi qaydada xəbərdar olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 31704 saylı ekspert rəyinə əsasən, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin ASC-yə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 2800 manat, faiz borcu üzrə 1226,83 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2800 manat, faiz borcu üzrə 1629,72 manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, hazırki tədqiqatla xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcu müqavilənin bitdiyi gündən xx.xx.2019-cu il müddətinədək illik beş faiz olmaqla hesablanılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayəti formal xarakter daşımaqla ümumi sözlərlə ifadə edilmiş, hər hansı bir konkret dəlil göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, apellyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-597/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar