Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6514/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundani barət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6.268,73 manat əsas borc, 59.13 manat faiz borcu və 17.62 manat cərimə borcu olmaqla, ümumilikdə 6.345,48 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş N 2(011)-2006/21) iddia tələbi qismən təmin olunaraq, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 5.577,65 (beş min beş yüz yetmiş yeddi manat altmış beş qəpik) manat əsas borc, 59.13 (əlli doqquz manat on üç qəpik) manat faiz borcu, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 5.639,78 (beş min altı yüz otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) illik 18 faizlə 36 ay müddətinə 8.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi səthi və birtərəfli aparılaraq onun konstitusion hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxan zaman yalnız iddiaçı tərəfin izahatını dinləmiş və ona istinadən qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız Cavabdeh borcun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKBASC ilə Cavabdeh arasında imzalanmış 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə işə baxan zaman bir tək iddiaçı tərəfin izahatını dinləmiş və ona istinadən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətində mülki və prosessual qanunvericiliyin normaları sadalansa da, kredit borcunun daha az olması, iddianın əsassızlığı barədə bir kəlmə belə qeyd olunmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizə xarakteri daşıdığı qənaətinə gəlir və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan yalnız formal mülahizılərə görə ləğv oluna bilməz. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirdi ki, apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verilməməsi barədə göstərilənlər yanlışdır, vəkili tərəfindən düzgün göstərilməyib. Ona məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş rəsmi qaydada təqdim olunub və o, məhkəmə iclasında iştirak edib. Eləcə də, onun əsas, faiz və cərimə borcunun məbləği ilə bağlı heç bir etirazı yoxdur, həmin məbləğlərlə razılaşır. Sadəcə olaraq, hazırda maddi vəziyyətdən sıxıntı çəkdiyinə görə borcun hissə-hissə ödənilməsində ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə hazırkı mərhələdə deyil, qətnamə qanuni qüvvəyə minib icraya yönəldikdən sonra qətnamənin icrası mərhələsində işə baxmış məhkəməyə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6514/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6514/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver