Məhkəmə qərarları › İş №2(103)-6515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6515/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6515/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3006/2021 saylı, 27 aprel 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş ziyana görə cavabdehdən 359.22 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3006/2021 saylı, 27 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, 23.01.2017-ci il tarixdə o, İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə girmiş, 23.06.2017-ci il tarixdə Rusiya Federasiyasında diplom müdafəsi ilə əlaqədar işdən çıxmış, qayıdanda əmək kitabçasının götürəndə ona məlum olmuşdur ki, onun əmək müqaviləsinə işdən çıxdığı tarixdən iki ay sonra- 23.08.2017-ci il tarixdə xitam verilib. Həmin vaxt ona qarşı heç bir ziyan və sair barədə tələb olmayıb. Hesab edir ki, iddiaçının 5 ildən sonra belə bir tələblə çıxış etməsi əsassızdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddinın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı beş il sonra onun iştirakı olmadan birtərəfli tərtib olun arayışa əsasən iddianı təmin etmiş, həmçinin rayon məhkəməsində iddia müddətinin tətbiqinə dair etirazında bildirsə də, rayon məhkəməsi həmin etiraz dəlilinə heç bir qiymət verməmiş, bununla bağlı ona prosessual hüquqlarını izah etməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və həm də müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh 23 yanvar 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə götürülmüş və 23 avqust 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh çalışdığı və məsul olduğu “Oba-Radiozavod 3” mağazasında 03 iyun 2017-ci il tarixdə aparılmış inventarizasiya siyahısından görünür ki, cəmisi 580 sıra nömrəsi ilə qırx səkkiz min beş yüz otuz bir manat 23 qəpik mal sayılmışdır. Buna dair müvafiq akt tərtib olunmuşdur. Həmin akt cavadehlə yanaşı iddiaçının 7 nəfər digər məsul əməkdaşı tərəfindən imzalanmışdır. Qeyd olunan aktda hər hansı çatışmamazlığın və ya əskikliyin olması göstərilməmişdir. Müki işdə olan 25 dekabr 2020-ci il tarixli arayışa əsasən 03 iyun 2017-ci il tarixdə cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1.056,61 çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 265.42 manat Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 431.97 manat hissəsi ilə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Cavabdehin şirkət qarşısında 359.22 manat borcu qalmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçı hazırkı iddia tələbi ilə bağlı 03 iyun 2017-ci il tarixdə aparılmış inventarizasiya sənədlərinə əsaslanır, həmin vaxt maddi ziyanın aşkar edildiyini qeyd edir. Cavabdeh iddia tələbinə etirazında bildirir ki, 23.06.2017-ci il tarixdə Rusiya Federasiyasında diplom müdafiəsi ilə əlaqədar işdən təhvil-təslim edərək çıxıb getmiş, həmin vaxt təhvil-təslim zamanı hər hansı çatışmazlığın olduğu aşkar edilməmiş, akta bu barədə qeyd edilməmişdir. Həmçinin həmin vaxt ona maddi ziyanla bağlı işəgötürən, yəni iddiaçı tərəfindən bir tələb olmadığını bildirir. Həmçinin cavabdeh bildirir ki, rayon məhkəməsində iddia müddətinin ötürüldüyünü qeyd etsə də, rayon məhkəməsi buna qiymət verməmişdir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 02.03.2021-ci il tarixdə tarixdə müraciət etmişdir. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Rayon məhkəməsində məhkəmə iclas protokolundan görünür ki, cavabdeh iddiaya etirazında həqiqətən də iddia müddətinin ötürülməsinə də istinad etmişdir (məhkəmə iclas protokolu i/v 62). Belə olan halda, müəyyən olunur ki, rayon məhkəməsi MPM-in yuxarıda istinad olunan 14 –cü maddəsinin tələblərini pozmuş, cavadehə müddətin ötürülməsi ilə bağlı bidirdiklərini yazılı təqdim etməli olması barədə hüququnu izah etməmiş, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh rayon məhkəməsinin qətnaməsində verdiyi şikayətində iddiaçının hazırkı tələbi üzrə müddətin ötürülməsi məsələsini və istəyini yazılı şəkildə yenidən məhkəməyə bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı əsaslı və şübhədənkənar sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Eyni zaman da müəyyən olunmuşdur ki, cavabdehin müddətin keçməsi ilə bağlı dəlili də əsaslıdır. Belə ki , iddiaçı hazırkı halda işçisini ona vurduğu maddi zərəri tələb edir və bildirir ki, bu fakt ona 03.06.2017-ci il tarixli inventarizasiya zamanı məlum olmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 02.03.2021-ci il tarixdə tarixdə müraciət etmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.5-ci maddəsində bu cür tələb üçün nəzərdə tutulmuş bir illik müddət, hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 387-ci maddəsində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasının hansı hallarda qətnamə və qərardadın ləğv edilməsi üçün əsas olduğunu müəyyən etmişdir. Həmin əsaslardan biri də, hazırkı işdə olduğu kimi, prosessual pozuntunun düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmasıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3006/2021 saylı, 27 aprel 2021ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar