Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6515/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)-3514/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)- 1651/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artıralaraq hər bir uşaq üçün 193 manat, ümumilikdə 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, icraatda olan 2(006)-3514/2022 saylı mülki iş üzrə iddia ərizəsini aıdıyyatı üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)-3514/2022 saylı qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini, vəsatətin təmin edilərək işin aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhərində qeydiyyatdadır və orada yaşayır. Belə iddialara cavabdehin qeydiyyatda olduğu rayon məhkəmələrində baxılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3514/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələblərinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin bu Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddanın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün seçim hüququnun iddiaçıya məxsus olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mülki iş üzrə iddiaçının himayəsində azyaşlı uşaqlarının olmasını, onun rəsmi qeydiyyatda olduğu ünvanın ünvan 1əsini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı qanunvericiliklə ona verilən seçim hüququndan istifadə edərək öz rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə düzgün olaraq müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)-3514/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6515/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6515/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver