Məhkəmə qərarları › İş №2(103)-6519/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6519/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6519/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-515/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kreditin, ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 19 iyul 2019-cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 1619,28 manat əsas, 704,57 manat faiz və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,5 faiz dərəcəsində 358,25 manat cərimə borcu olmaqla, ümumilikdə 2682,10 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1880 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-515/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) tərəflər arasında bağlanılmış 19 iyul 2019-cu il tarixli 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 1619,28 manat, faiz borcuna görə 704,57 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 2480,28 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, 18 avqust 2019-cu il tarixdə 214 manat, 19 avqust 2019-cu il tarixdə isə 179 manat pul ödəməsini, borcun şişirdilməsini, kredit borcunun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertizanın təyin olunmaması, müqavilənin müddətinin bir olmasının nəzərə alınmaması, avtomobilinə qaz avadanlığının quraşdırılması, lakin işləməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, həmçinin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə hər hansı etirazının olmamasını, tələbin avtomobilinə quraşdırılmış qaz avadanlığına yönəldilməli olmasını göstərmiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəişdirilməlidir. Belə ki, işdə olan tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 219-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə, illik 44% ödəmək şərtilə 1880 manat məbləğində kredit verilmişdir. İşdə olan, maliyyə arayışından görünür ki, cavabdehin 14.09.2020-ci il tarixə əsas borcu 1619,28 manat, faiz borcu 1062,82 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianını qismən təmin edərkən, işdə olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsaslanmış, cəriməni isə azaldaraq 100 manat həddində təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində 18 avqust 2019-cu il tarixdə 214 manat, 19 avqust 2019-cu il tarixdə 179 manat pul ödəməsini, borcun şişirdilməsini, mühasibatlıq ekspertizasının təyin olunmamasını, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan sübutlara əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) 19 iyul 2020-ci il tarixdə bitmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddia ərizəsindən, həmçinin təqdim olunmuş maliyyə arayışından görünür ki, kredit borcu (əsas borc və faizlər) 14 sentyabr 2020-ci il tarixə hesablanaraq cavabdehdən tələb olunmuşdur. Birinci instansiya məhkəməsi isə, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. Qeyd edilənlərə əsasən apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 9/5793 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinin şərtləri, hesabdan çıxarış məlumatları və s. nəzərə alınmaqla, Cavabdeh kredit borcu müqavilə müddətinin bitdiyi tarixə (19.07.2019-cu il) əsas borc üzrə 1619,28 manat, faiz borcu üzrə 593,74 manat, maliyyə arayışında qeyd olunan tarixə (14.09.2020-ci il) əsas borc üzrə 1619,28 manat, faiz borcu üzrə 593,74 manat təşkil etmişdir. Göründüyü kimi, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə (19.07.2019-cu il) əsas borc 1619,28 manat, faiz borcu 593,74 manat təşkil etmişdir (əsas borc maliyyə arayışında qeyd olunan tarixə də 1619,28 manat təşkil etmişdir). Lakin iddiaçı faizləri əsassız olaraq 14 sentyabr 2020-ci il tarixədək hesablamış, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmişdir. Belə olan halda isə, apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı, qətnamə faizlərin tutulması hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 593,74 manat həddində müəyyən olunmalıdır. Bununla yanaşı, ekspertiza rəyindən görünür ki, birinci instansiya məhkəməsi əsas borcu 1619,28 manat həddində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh bunun əksini (əsas borcun daha az olması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi tələb olunan dəbbə pulunu MM-nin 467.1-ci maddəsinə əsasən azaldaraq 100 manat həddində təmin etmişdir ki, bu da əsas borca münasibətdə tənasübsüz deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri (cavabdehin avtomobilinə qaz avadanlığı quraşdırması, qaz avadanlığının işləməməsi, girov qoyulması və s.) ilə də razılaşmayaraq qeyd edir ki, həmin dəlillər özü-özlüyündə iddia tələbini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 593,74 manat müəyyən olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdeh X3 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)-515/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(011)- 515/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 593,74 (beş yüz doxsan üç manat yetmiş dörd qəpik) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar