Məhkəmə qərarları › İş №2(103)-652/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-652/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-652/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. E 217/03/08(A) saylı 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, “Nikoil” X1 3 saylı filialı Cavabdeh 15300 (on beş min üç yüz ) ABŞ dolları məbləğində krediti illik 25% (İyirmi beş faiz) hesablanmaqla 36 (otuz altı) ay müddətinə vermişdir.

2. Müqaviləyə əlavəyə (Ödəniş cədvəli) əsasən, Cavabdeh kredit məbləği 15300 ABŞ dolları, müddət 36 ay, faiz 25, ödəniş tarixi xx.xx.2008-xx.xx.2011-ci ildir.

3. 09.09.022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 5944 ABŞ dolları, faiz borc 1628,89 ABŞ dolları, əldən çıxmış fayda 365,8 ABŞ dolları olmaqla, ümumi borc cəmi 7938,69 ABŞ dolları, kreditin bitmə tarixi xx.xx.2011-ci il, kreditin bitmə tarixinə əsas borc üzrə qalıq məbləği 10944 ABŞ dollarıdır.

4. Yelo Bank” ASC-nin tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək, ondan kredit müqaviləsi üzrə borcun 5 gün ərzində tam ödənilməsi tələb olunmuşdur.

5. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1782 saylı ekspert rəyinə əsasən, Cavabdeh borcu xx.xx.2011-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 13196,50 manat, faiz borcu üzrə 7954,56 manat; xx.xx.2022ci il tarixə (müqavilə müddəti bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 6977,09 manat, faiz borcu üzrə 12550,70 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “Yelo Bank" ASC arasında bağlanmış 11 avqust 2008-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi və 11 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 5944 ABŞ dolları əsas borc, 1628.89 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 365.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938.69 ABŞ dolları borcun və 128.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Büstəm oğlundan alınaraq "Yelo Bank” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 15300 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 5944 ABŞ Dolları əsas borc, 1628.89 ABŞ Dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 365.8 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7938.69 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 11 avqust 2008-cı tl tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələn ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə və iddia tələbinə etiraz ərizəsi təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış E 217/03/08 (A) saylı, 08 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh Rüstə oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5.944,00 (beş min doqquz yüz qırx dörd) ABŞ dolları əsas borc, 1.628,89 (bir min altı yüz iyirmi səkkiz min ABŞ dolları, 89 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə 11 avqust 2011-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 365,80 (üç yüz altmış beş ABŞ dolları, 80 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7.938,69 (yeddi min doqquz yüz otuz səkkiz ABŞ dolları, 69 sent) ABŞ dolları borcun və 128,62 (bir yüz iyirmi səkkiz manat, 62 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbləri” üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X3)

10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2011-cu il tarixə qədər müəyyən olunmuş, üç illik müddətin axımı xx.xx.2011-cu il tarixdə başlayaraq xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi üzrlü səbəblər olmadan, iddia müddəti başa çatandan sonra, elektron formada xx.xx.2022ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 385, 442, 443, 448, 739, maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 119-cu, 124.2-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. İş materiallarında olan kredit müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və Borcalanın Bank qarşısında bu müqavilə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinədək qüvvədə qalır, cavabdeh isə öhdəliyini yerinə yetirmədiyinə görə hazırkı işə iddia müddəti tətbiq edilməməlidir. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

23. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

25. Məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Lakin cavabdeh iddia müddətinin ötürüldüyünü bildirir və hazırki iddiaya iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə də hüquqi qiymətin verilməsini və bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır.

26. Bu baxımdan nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, E 217/03/08(A) saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2011-ci il tarixdə bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2011ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2022-ci il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini pozmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə iddiaçının iddia müddətinin axımının başlanğıcının tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlaması barədə mövqeyinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam həcmdə yerinə yetirilməsindən sonra deyil, bütün öhdəliklər üzrə (hazırki halda müqavilədə müəyyən edilmiş xx.xx.2011-ci il) icra müddəti bitdikdə başlanır. Müqavilə tələbləri üzrə də müəyyən edilmiş iddia müddəti 3 ildir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-233/2023 nömrəli, 29 sentyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar