Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6520/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Səbinə İsmayılovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-922/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə icasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “Hyundai Sanata” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). Avtomobil Cavabdeh1 mülkiyyətində olub (iş v. 80, şəhadətnamə). İddiaçı bildirir ki, 2009-cu ilin may ayında Cavabdeh1 avtomobili etibarnamə əsasında faktiki olaraq ona satıb, bunun müqabilində o, Cavabdeh1 banka olan kredit borcu üzrə 27.233 ABŞ dolları ödəniş edib, lakin son nəticədə avtomobili mülkiyyətinə keçirə bilməyib, bankın iddiası üzrə avtomobilə tutma yönəldilib. 2.Avtomobil digər cavabdeh "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olub. Belə ki, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında iki kredit müqaviləsi bağlanıb: 1) xx.xx.2009-cu il tarixli 587 nömrəli müqavilə; 2) xx.xx.2009-cu il tarixli A/702 nömrəli müqavilə. Avtomobil hər iki kredit müqaviləsi üzrə kredit alanın öhdəliyinin icrasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib. Başqa mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-5918/2013 nömrəli qətnaməsi ilə hər iki müqavilə üzrə borcun kredit alandan tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət olunub. 3.Cavabdeh "xxxx" ASC həmin kredit üzrə tələb hüququnu "xxxx" QSC-yə güzəşt edib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, 1-ci kredit müqaviləsi, yəni xx.xx.2009-cu il tarixli 587 nömrəli müqavilə üzrə iddiaçının Cavabdeh1 əvəzinə digər cavabdeh "xxxx" ASC-yə ödədiyi 27.233 ABŞ dolları cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. 5.Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, həmin tələbin irəli sürülməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində müəyyən edilmiş iki illik müddət keçib. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Səbinə İsmayılova iddia tələbinin banka qarşı olan hissəsinin əsassız olduğunu bildirdi. 9.Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddiaçı Cavabdeh1 kredit öhdəliyi üzrə cavabdeh "xxxx" ASC-yə 27.233 ABŞ dolları pul ödəyib. Bu, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə təsdiq olunur (iş v. 19-27). Həmin məbləğdə ödəniş edildiyini bank da təsdiq edir. 11.Ödəniş qəbzlərinin bir hissəsində ödəyici kimi iddaçının öz adı, bir hissəsində “Əlisalam Həsənov”, “Zülfəli Həsənov” və “Bahəm Həsənov” adları qeyd olunub, bir hissəsində isə ödəyicinin adı qeyd olunmayıb. Müəyyən olunur ki, Əlisalam Həsənov iddiaçının əmisi, Zülfəli Həsənov isə iddiaçının atasıdır. “Bahəm Həsənov” kimi göstərilən şəxs də iddiaçının atasıdır, belə ki, iddiaçının atasının adı Zülfəli olsa, qohum və tanışlar onu həm də “Bahəm” çağırır. Bu şəxslər ödənişi iddiaçının mənafeyi naminə həyata keçiriblər. O cümlədən adsız ödəniş qəbzləri də iddiaçı və onun qohumlarına aiddir, çünki həmin qəbzlər iddiaçıdadır. 12."xxxx" ASC apellyasiya icraatı zamanı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli HD-269 nömrəli məktubda bildirib ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi (yəni 1-ci müqavilə) üzrə 20.708 ABŞ dolları məbləğində kredit ayrılıb, həmin müqavilə üzrə banka ümumilikdə 29.979 ABŞ dolları ödənilib. Bu mələğə aiddir: a) 4.770 ABŞ dolları – Əlisalam Həsənov adlı şəxs tərəfindən ödənilib; b) 6.762 ABŞ dolları – Zülfəli Həsənov adlı şəxs tərəfindən ödənilib; c) 700 ABŞ dolları – Bahəm Həsənov adlı şəxs tərəfindən ödənilib; d) 3.000 ABŞ dolları – İddiaçı adlı şəxs tərəfindən ödənilib. 13.Bundan başqa, bankın həmin məktubunda qeyd olunub ki, 12.001 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair mədaxil qəbzlərində ödəyən şəxsin adı qeyd edilməyib, 2.746 ABŞ dolları məbləğində pulun ödənilməsi isə sistemdə əks olunsa da, bu barədə iddiaçı tərəfində hər hansı qəbz təqdim edilməyib. 14.İddia ərizəsində tələb olunan 27.233 ABŞ dolları yuxarıda qeyd olunan, adlı və adsız ödəniş qəbzlərində göstərilən məbləğlərin cəminə bərabərdir: 4.770 ABŞ dolları + 6.762 ABŞ dolları + 700 ABŞ dolları + 3.000 ABŞ dolları + 12.001 ABŞ dolları = 27.233 ABŞ dolları. 15.Kredit öhdəliyinin icrasının pozulmasına, bunun nəticəsində isə avtomobilə tutma yönəldilməsinə səbəb cavabdeh (kredit alan) Cavabdeh1 hərəkətləri olub. Belə ki, Cavabdeh1 avtomobili faktiki olaraq İddiaçı satarkən əldə olunmuş razılığa görə iddiaçı cavabdehin 1-ci (xx.xx.2009-cu il tarixli) kredit müqaviləsi üzrə kredit borcunu ödəməli idi. Razılığa uyğun olaraq iddiaçı 1-ci (xx.xx.2009-cu il tarixli) kredit müqaviləsi üzrə ödənişləri etmiş, lakin Cavabdeh1 həmin ödənişlərin bir hissəsini 2-ci (xx.xx.2009-cu il tarixli) kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasına yönəltmiş, iddiaçının isə bundan məlumatı olmamışdır. Nəticədə isə hər iki kredit müqaviləsi üzrə öhdəliyin icrasında pozuntu (natamam icra) yaranmış, ona görə də bank hər iki kredit müqaviləsi üzrə qalıq borcun və faizlərin tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə iddia qaldırmışdır. 16.Yuxarada göstərilən halı bank təsdiq edib. Belə ki, "xxxx" ASC apellyasiya icraatı zamanı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli HD-269 nömrəli məktubda qeyd edib ki, Zülfəli Həsənov adlı şəxs (iddiaçının atası) tərəfindən edilmiş ödənişlərin 3.430 ABŞ dolları, Əlislam Həsənov adlı şəxs (iddiaçının əmisi) tərəfindən edilmiş ödənişlərin 870 ABŞ dolları, kim tərəfindən edildiyi dəqiq məlum olmayan xx.xx.2010-cu il tarixli 1.000 ABŞ dolları ödəniş, ümumilikdə 5.300 ABŞ dolları sonradan 1-ci (xx.xx.2009-cu il tarixli) kredit müqaviləsi üzrə deyil, 2-ci (xx.xx.2009-cu il tarixli) kredit müqaviləsi üzrə kredit hesabına köçürülmüş və həmin kreditin ödənilməsinə yönəldilmişdir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsində öhdəliyin üçüncü şəxs tərəfindən icrası imkanı müəyyən edilib. İddiaçının etdiyi ödənişlər kredit öhdəliyinin üçüncü şəxs tərəfindən icrası sayılır. Mülki Məcəllənin 431.3-cü maddəsinin ikinci cümləsində qeyd olunub: “Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir”. İddiaçı kreditoru 27.233 ABŞ dolları həddində təmin etdiyinə görə, kreditorun borclu Cavabdeh1 qarşı olan tələb hüququ həmin məbləğdə iddiaçıya keçib. Ona görə də iddiaçı 27.233 ABŞ dollarının ona ödənilməsini Cavabdeh1 tələb edə bilər. Digər cavabdeh "xxxx" ASC-nin iddiaçının qarşısında pul öhdəliyi yaranmayıb. Birinci intansiya məhkəməsinin istinad etdiyi, Mülki Məcəllənin 1095-ci maddəsindəki iki illik müddət iddiaçının tələbinə şamil olunmur, çünki tələb əsassız varlanmaya əsaslanmır. 18.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. 19.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-922/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. 27.233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları məbləğində pul ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi, yəni "xxxx" ASC-yə qarşı yönəlmiş hissəsi rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 229 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 manat, cəmi 344 (üç yüz qırx dörd) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6520/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6520/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver