Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6521/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2477/2020 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş xx xxx 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsi, cavabdehlərin əməllərinə obyektiv hüquqi qiymət verilməsi, barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi, iddia ərizəsinə əlavə edilmiş iddianın təmin edilməsi haqqında ərizəyə baxılmasının təmin edilməsini xahiş etmişdir. İddiaçılar eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 1 mərtəbə 7, 1 saylı) mənzili istənilən yollarla özgəninkiləşdirməyin (almı-satqı, girov qoymaq, ipoteka ilə yüklü etmək, bağışlama, vəsiyyət etmə və s.) cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2477/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 1 mərtəbə 7, 1 saylı mənzil) ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2477/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, vicdansız niyyətli iddia tələbinə əsasən prosessual hüquq normalarının pozularaq düzgün tətbiq edilmədən çıxarılmış qərardad qanunsuz və əsassızdır, dərhal ləğv edilməlidir. Çünki əvvəllər tanımadığı İddiaçı2yla Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145, mənzil 45, (yeni qaydalarla AZ1078,ünvan 1 mərtəbə 7, m1) ünvanda yerləşən mənzilə dair öncədən mənzilin qiymətini razılaşmaları əsasında xx.xx.2020-ci il tarixdə 300.000 (üç yüz min) manat ödəməklə Daşınmaz Əmlakın Alğı- Satqı müqaviləsinə əsasən həmin mənzili tam vicdanlı alıcı olaraq İddiaçı2 anası Cavabdeh1 adına almışdır və alğı-satqı zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən 4441 AZN vergi tutmanı, “xxxxxxxxx” ASC-nin xəzinə mədaxil orderinə əsasən 600 AZN, Azərbaycan Respublikası Ə.M.D.K-DƏDRX dövlət rüsumu 30.40 və 20.40 AZN tam olaraq ödədikdən sonra hüquqularının dövlət qeydiyyatına alınması üçün müraciət edərək hüquqlarını dövlət qeydiyyatına (çıxarış) almışdır. Qeyd etmək istəyir ki, cəmiyyətdə Tikinti şirkətlərinin rəhbərlərinin qanunsuz əməllər etməyə çalışması hər kəsə məlumdur. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm hüquqi və iqtisadi kateqoriyadır. İşin hallarının və xüsusatların obyektiv araşdırılmadan çıxarılan qərardad onların qanuni və hüquqi mülkiyyət hüquqularının əleyhinə tam zidd olaraq obyektiv araşdırılmadan çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehin izahatı dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2477/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 157-ci və 158-ci maddələrinin məzmununa görə, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından, həmçinin məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş müvəqqəti xarakter daşıyan prosessual tədbirdir. Qanunun mənasına görə iddanın təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılana qədər qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Özünün mahiyyəti etibarı ilə iddianı təmin etmə tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün, həmin tədbiri tətbiq edərkən, məhkəmə belə mövqedən çıxış edir ki, tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Buna görə də, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İddianın təmin tədbiri ilə gələcəkdə qəbul ediləcək qətnamənin icrası arasında əlaqə olmalıdır. Bu kontekstdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yaranmış vəziyyəti nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, mənzilin özgəninkiləşdirilməsi cavabdeh və digər şəxslərə qadağan edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, müvafiq təmin tədbirlərinin tətbiq edilməsində məqsəd iddianı təmin edildiyi halda, qətnamənin gələcəkdə icrasını təmin etməkdir. İddianın təmin etmə tədbirinə dair qərardad müvəqqəti xarakter daşıyaraq, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-2477/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-6521/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6521/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver