Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6523/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3115/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında notarial qaydada müqavilə bağlanılaraq iddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində xx.xx.2023-cü il tarixinədək qaytarmaq vədi ilə 10.000 manat borc pul verilmişdir.
2. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 000 manat məbləğində borc pulun, qanunsuz istifadə edilən pula görə 1000 manat və 123.4 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı olan Elnur adlı şəxs ona 2022ci ilin mart ayında müraciət edərək Cavabdeh 1 il müddətinə borc pul verməsini xahiş etmişdir. Ona olan etibarına görə notarial qaydada müqavilə bağlanılaraq tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində xx.xx.2023-cü il tarixinədək qaytarmaq vədi ilə 10.000 manat borc pul vermişdir. 19 saylı notariat kontorunda aralarında müqavilə bağlanılmışdır. 10 000 manat məbləğində pulu verməsinə baxmayaraq cavabdeh notarial qaydada bağlanmış və əvvəlcədən razılaşdırılmış vaxtda pulu ödəməkdən imtina etmişdir. Nəticədə müqavilənin 2-ci bəndini pozmuşdur. Qərəzli olaraq borcdan yayındığına görə borcun notariusun icra qeydi ilə alınması proseduru da keçərsizdir. Cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün o, müddət bitdikdən sonra aidiyyəti üzrə Yasamal rayon 29-cu Polis Bölməsinə müraciət etmişdir. Lakin, müraciəti əsasında ordan xx.xx.2023-cü il tarixli məktub verilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bugünədək cavabdeh tərəfindən ona 1 manat belə olsun pul ödənilməmişdir. Hazırda qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehə dəfələrlə tələblərini irəli sürsə də, polisə müraciət etsə də və digər məsələlərlə ona müvafiq xəbərdarlıqlar etsə də heçbir nəticə verməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehə xx.xx.2023tarixində xəbərdarlıqla müraciət edilsə də hər hansısa bir nizama salınma mümkün olmamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3115/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın qismən təmin edilməsi, Cavabdeh 10 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 123.4 manat dövlət rüsumunun qalan 3.4 manatı özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 427.3, 442, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı borc müqaviləsinə əsasən 10.000 manat mən iddiaçı tərəfdən borc götürmüşdüm. Lakin həmin müqavilə üzrə iddiaçıya tərəfə ümumilikdə 3000 (üç min) manat ödəməyimə baxmayaraq, bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qarşı iddiaçı tərəfə yerdə qalan 7000 ( yeddi min) manatı ayda 500 (beş) yüz manatı ödəmək qabiliyyətində olduğumu bildirsəm də, məhkəmə bunu nəzərə almamış, qarşı tərəfə barışıq əldə olunması məqsədi ilə müddət verməmişdir. Qətnamə iddiaçının xeyrinə birtərəfli əsaslandırılmışdır. Bu hal da bərabərlik prinsipinin pozulması deməkdir. Nəticədə qeyri-obyektiv və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə mənim iddiaçıya olan borcumun nə qədər hissəsinin ödənildiyini tam ətraflı formada araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır.
20. Maddə 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
21. Maddə 882.1 borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
22. Maddə 882.5 əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 220.4 Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər
26. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3115/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2023-cü il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür.
34. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir.
35. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin izahatına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçıdan 10 000 manat aldığını bildirmiş, lakin maddi vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq həmin məbləğin hər ay 500 manat hissə-hissə ödənilməklə ondan tutulmasını xahiş etmişdir.
36. Kollegiya qeyd edir ki, tərəflər arasında olan mülki münasibətləri tənzimləyən notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmiş, sözügedən müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməmiş, həmçinin tərəf izahatında borc münasibətlərinin olmasını təsdiq etmişdir.
37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə yaranmış 10000 manat borc məbləğindən 3000 manat borcun verilməsi ilə bağlı cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı heç bir sübut təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Kollegiya cavabdehin borc məbləğini hissə-hissə ödəməsi ilə bağlı bildirir ki, tərəflər arasında mövcud olan müqavilədə borcun hissə-hissə ödəməsi deyil, xx.xx.2023cü il tarixədək tamamilə qaytarılması nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (MM 5.3-cü maddəsi).
39. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3115/2023 saylı 15 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.