Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6524/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğluna qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(010)-2092/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğluna qarşı «kredit borcunun ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2092/2020 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmişdir. Cavabdeh1 oğlu qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 2(010)-2092/2020 saylı qərardadı ilə qaytarılmışdır (prosessual müddətin ötürülməsi əsası ilə). Bundan sonra, cavabdeh ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayətini - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, məhkəmənin qətnaməsini 08.10.2020-ci il tarixdə alması, 06 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti verməsi, pandemiya ilə əlaqədar vaxtında şikayət verə bilməməsi, bu halın üzrlü saılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 129.1-ci maddəsinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. İşdən görünür ki, cavabdeh qətnamənin surətini şəxsən 08 oktyabr 2020-ci il tarixdə almış, bu barədə göndəriş məktubunda şəxsi imzası ilə qeyd aparmışdır (iş vərəq 68). Qətnamədən qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, məhkəmənin 11 noyabr 2020-ci il tarixli məktubu vasitəsilə icra vərəqəsi icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İmişli rayon İcra və Probasiya şöbəsinin 16 noyabr 2020-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh isə qətnamədən 11 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, bu səbəbdən də şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 2(010)-2092/2020 saylı qərardadı ilə qaytarılmışdır (prosessual müddətin ötürülməsi əsası ilə). Bundan sonra, cavabdeh ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, ərizəni pandemiya ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsi kimi əsaslandırmışdır. Birinci instansiya ərizəni rədd edərkən göstərmişdir ki, işə Cavabdeh1 iştirakı ilə baxılmış, qətnamə onun iştirakı ilə elan olunmuş, qətnamənin tam mətni cavabdehə məktuba imza etdirilməklə 08 oktyabr 2020-ci il tarixdə təqdim edilmiş, lakin prosessual müddət ötürülmüş, cavabdeh isə üzrlü səbəblər barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət 08 noyabr 2020-ci il tarixi olmuş, o, isə müddətin bərpasına dair ərizə ilə 06 yanvar 2021-ci il tarixdə, yəni qətnamənin surətinin rəsmi qaydada alındığı vaxtdan təxmini 03 ay sonra müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, Covid-19 pandemiyası ilə əlaqədər 2020-2021-ci illərdə məhkəmələrin fəaliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarları ilə bir-neçə dəfə dayandırılsa da, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Eyni zamanda, cavabdehin qətnaməni rəsmi qaydada aldığı 08 noyabr 2020-ci il tarixdən etibarən bir ay müddətində məhkəmələrin fəaliyyəti davam etmişdir və cavabdeh həmin müddət ərzində apellyasiya şikayətini vermək imkanında olmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, müddətin üzrlü səbəblərdən buraxılmasını əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizədə göstərdiyi həmin dəlil özü-özlüyündə prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas ola bilməz. Buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Prosessual müddətin müvafiq əsas olmadan bərpası isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, digər tərəfin hüquqlarının pozulması ilə nəticələ bilər. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız saymaqla, hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlmişdir. bu səbəbdən də, şikayət təmin edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(010)- 2092/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(010)- 2092/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6524/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6524/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver