Məhkəmə qərarları › İş №2(103)-6524/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6524/2025

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6524/2025 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun - cavabdeh Cavabdeh və iddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında sadə yazılı formada bağlanmış borc müqavilələrinə əsasən cavabdehin hissəhissə ondan aldığı borcun qaytarılması məqsədi ilə cavabdehdən onun xeyrinə 15.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdehin xahişi ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə hər biri 2.500 manat olmaqla cəmi 5.000 manat, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə isə hər biri 5.000 manat olmaqla cəmi 10.000 manat, ümumilikdə 15.000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh hər dəfə iddiaçıdan borc alarkən öz əl yazısı ilə qəbz yazıb imzalamışdır. İddiaçının yazdığı qəbzlərdən göründüyü kimi, o, ##.##.2024-cü il tarixdə aldığı 2.500 manat məbləğində borcu 2 ay ərzində, ##.##.2024-cü il tarixdə aldığı 2.500 manat məbləğində borcu 1 ay ərzində, ##.##.2024-cü il tarixdə aldığı 5.000 manat məbləğində borcu 1 ay ərzində, ##.##.2024-cü il tarixdə aldığı 5.000 manat məbləğində borcu 1 ay ərzində iddiaçıya qaytarmalı idi. Bunlara baxmayaraq cavabdeh iddiaçıya olan borcu qaytarmamış və iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq qaytarmaq niyyətində deyil. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat

3. İddiaçı iddia tələbinin müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsində xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 2024-cü ilin iyun ayında ona pul lazım olduğu üçün o, iddiaçıdan faizlə cəmi 800 manat məbləğində pulu borc almışdır. Həmin vaxt və sonradan, yəni borcun və faizlərin ödənilməsini geçikdirəndə iddiaçı ondan tələb etmişdir ki, o, iddia ərizəsində qeyd edilən qəbzləri yazıb ona versin. Çıxılmaz vəziyyətdə olduğu üçün, həmin qəbzləri yazaraq iddiaçıya vermişdir. İddiaçıdan aldığı 800 manatı tam həcmdə iddiaçıya qaytarmışdır. Lakin onda 700 manatın qaytarılmasını təsdiq edən qəbz var. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin iddiaçıdan aldığı borcun qaytarılması məqsədi ilə (15.000 – 700=) 14.300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan qəbzlər iddiaçının cavabdehə ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə hər dəfə 2.500 manat, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə isə hər dəfə 5.000 manat olmaqla, ümumilikdə 15.000 manat pul verməsini təsdiq edir. Digər qəbzlərlə cavabdehin iddiaçıya cəmi 700 manat qaytardığı müəyyən edildiyindən Rayon Məhkəməsi qaytarılmamış borcun 14.300 manat təşkil etdiyi qənaətinə gəlmişdir. Məhkəmə bu zaman cavabdehin mübahisəli qəbzlərdəki imzaların ona məxsus olduğunu və onları imzalayarkən həmin sənədlərdə göstərilən məbləğləri bildiyini etiraf etməsini də nəzərə almışdır. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar haqqında məlumat

8. Cavabdeh – apellyator apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, 2024-cü ilin iyun ayında ona pul lazım olduğu üçün o, bacısının tanışı olan iddiaçıdan faizlə cəmi 800 manat məbləğində pulu 1 ay müddətinə borc almışdır. Həmin vaxt iddiaçı ondan tələb etmişdir ki, o, iddiaçıdan guya 2.500 manat məbləğində borcun 1 ay və 2 ay müddətinə aldığını yazılı qaydada etiraf etsin ki, gələcəkdə birdən o, iddiaçıya olan borcu qaytara bilməzsə, iddiaçı borcu faizlərlə birlikdə ondan rəsmi qaydada tələb edə bilsin. Çıxılmaz vəziyyətdə olduğu üçün, iddiaçının diktəsi ilə o, eyni vaxtda iki qəbzi – ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qəbzləri yazmışdır. Bundan bir müddət sonra, o, iddiaçıya, iddiaçıdan aldığı 800 manatı 860 manat faizlə birlikdə qaytarmışdır. Pulları qaytaranda qəbz yazılmamışdır. Bir müddətdən sonra onun səhhətində problem yaranmış və o, iddiaçıya müraciət edərək, ona 2.000 manat məbləğində pulun borc verilməsini xahiş etmişdir. İddiaçı da ona əvvəlki qaydada ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qəbzləri yazdırmışdır ki, guya o, iddiaçıdan 5.000 manat və 5.000 manat məbləğində borc almışdır. O həmin 2.000 manata görə iddiaçıya hər ay 280 manat faizi ödəmiş, bir neçə aydan sonra isə yaranmış maliyyə çətinliklərinə görə faizi ödəyə bilməmiş, iddiaçı da ona qarşı iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də, o, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi haqqında məlumat

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbil edilməlidir.

11. Belə ki, cavabdeh tərəfindən yazılaraq iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halını təşkil edən ##.##.2024-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, iddiaçı, 2 ay ərzində qaytarmaq şərti ilə iddiaçıdan 2.500 manat məbləğində pulu borc almışdır. 11.1. Bu qəbzin məzmununa görə, həmin borc cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixədək qaytarılmalı idi.

12. Cavabdeh tərəfindən yazılaraq iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halını təşkil edən ##.##.2024-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, iddiaçı, 1 ay ərzində qaytarmaq şərti ilə iddiaçıdan 2.500 manat məbləğində pulu borc almışdır. 12.1. Bu qəbzin məzmununa görə, həmin borc cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixədək qaytarılmalı idi.

13. Cavabdeh tərəfindən yazılaraq iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halını təşkil edən ##.##.2024-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, iddiaçı, 1 ay ərzində qaytarmaq şərti ilə iddiaçıdan 5.000 manat məbləğində pulu borc almışdır. 13.1. Bu qəbzin məzmununa görə, həmin borc cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixədək qaytarılmalı idi.

14. Cavabdeh tərəfindən yazılaraq iddiaçıya təhvil verilməsi işin mübahisəsiz halını təşkil edən ##.##.2024-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, iddiaçı, 1 ay ərzində qaytarmaq şərti ilə iddiaçıdan 5.000 manat məbləğində pulu borc almışdır. 14.1. Bu qəbzin məzmununa görə, həmin borc cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixədək qaytarılmalı idi.

15. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı, qeyd edilən qəbzlərə əsasən ondan hissə-hissə aldığı cəmi 15.000 manat məbləğində borcu qaytarmamışdır.

16. İşə baxmış Rayon Məhkəməsi isə iddianı qismən təmin edib, cavabdehin iddiaçıya olan borcun qaytarılması məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 14.300 manat məbləğində pulun tutulmasını qət edərkən, iddia tələbinin 700 manata aid hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 700 manat qaytarılmışdır.

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verməməklə təsdiq etmişdir ki, 700 manat cavabdeh tərəfindən ona qaytarılıb.

18. Cavabdeh isə iddia tələbinə və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə etiraz edərək, bildirir ki, o, ilk dəfə iddiaçıdan faizlə 800 manat məbləğində pulu borc alan zaman iddiaçının tələbi ilə ##.##.2024 və ##.##.2024-cü il tarixli qəbzləri, bir neçə aydan sonra isə iddiaçıdan 2.000 manat məbləğində pulu borc alan zaman iddiaçının tələbi ilə ##.##.2024 və ##.##.2024-cü il tarixli qəbzləri yazmışdır. Qəbzlərdə borcun məbləği cəmi 15.000 manat qeyd edilsə də, borcun faktiki məbləği cəmi 2.800 manat olmuş, o, 800 manatı faizlər ilə birlikdə iddiaçıya qaytarsa da, 2.000 manat məbləğində əsas borcu qaytara bilməmiş, lakin həmin məbləğə görə hesablanmış faizləri bir neçə ay ödəmişdir.

19. İş üzrə tərəflər qeyd edilən qəbzlərdən başqa heç bir başqa sübutu işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişlər.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

21. Qeyd edilən prosessual hüquq normaların tələblərini nəzərə alan Məhkəmə yuxarıda qeyd edilən qəbzlərə və qəbzlərdə əks olunmuş məlumatlara (bax: hazırkı qətnamənin 11.1, 12.1 və 13.1-ci bəndlərə) əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə götürülmüş borcların qaytarılmadığı halda cavabdehə yenidən və az məbləğdə (5.000 manat + 5.000 manat) olmayan borcların verilməsini ağlabatan hesab etmir.

22. Cavabdeh isə iddiaçıdan cəmi 2.800 manat məbləğində borc aldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlara malik deyil.

23. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə 2.500 manat və 2.500 manat olmaqla cəmi 5.000 manat məbləğində borc verilmiş, ##.##.2024 və ##.##.2024-cü il tarixli qəbzlər isə əvvəlki borcların cavabdehə alınması üçün təsir aləti qismində iddiaçı tərəfindən cavabdehdən alınmışdır. Cavabdeh tərəfindən iddiaçıdan 5.000 manat məbləğində borc alınsa da, cavabdeh iddiaçıya həmin borcdan cəmi 700 manat məbləğində qaytarılmasını sübuta yetirə bilmişdir.

24. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə görə bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, digər şəxs isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

25. Qeyd edilən maddi hüquq normalarının və hazırkı qətnamənin 20-ci bəndində qeyd edilən prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddia qismən, yəni (2.500+2.500-700=) 4.300 manata aid hissədə əsaslı, (5.000+5.000=) 10.000 manata aid hissədə isə əsassızıdır. Buna görə də, Rayon Məhkəməsi 4.300 manat məbləğində pul ilə yanaşı 10.000 manat məbləğində pulun tutulması barədə iş üzrə nəticəyə gəlməkdə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili qismən əsaslıdır. g) apellyasiya baxışının nəticəsi

26. Beləliklkə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnamə qismən – cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ## ######## 2024 və ## ####### 2024-cü il tarixli qəbzlər üzrə pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qeyd edilən qəbzlərə əsaslanan tələb təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnamənin qalan hissəsi, yəni ## #### 2024 və ## #### 2024cü il tarixli qəbzlər üzrə (700 manatın qaytarılması nəzərə alınmaqla) 4.300 (dörd min üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (bir yüz otuz beş) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar