Məhkəmə qərarları › İş №2(103)-6525/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6525/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6525/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1713/2022 saylı işi üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər bir uşağa görə, aylıq 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğinin və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddiaçının iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1713/2022 saylı işi üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 2(002)- 808/2022 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 85 manat olmaqla üç uşağa görə cəmi 255 manat sabit pul məbləğində aliment tutulması, ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcinin Cavabdeh tutularaq İddiaçı, iddianın təmin olunmuş hissəsinə mütənasib - 70,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; "Uşaq hüquqları haqqında” Konvensiyanın 18; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3, 75.4, 75.5, 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının həmin il üçün olan yaşayış minimumu məbləğində artırılması üçün əsas deyildir, iddiaçı cavabdehin iki uşaq üçün 200 manat məbləğdə aliment ödəmək imkanına malik olmaqla, daha yüksək gəlir əldə etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırda yetkinlik yaşına çatmamış üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmalarına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir.

3. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: -Qaradağ Rayon Məhkəməsinin 2(002)-808/2020 saylı işi üzrə xx.xx.2020- ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh X6 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-844/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutularaq X6 ödənilən alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir; - 22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə, Cavabdeh X7 idarəsində “İİİ dərəcə maşınist” vəzifəsində işləyir və aylıq əmək haqqı 325 manat təşkil edir (iş.səh.8, 61 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1713/2022 saylı 07 iyul 2022-ciil tarixli qətnaməsini xx.xx.2016-cı il təvəllüdlü X3,xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay Cavabdehğlunun qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 85 manat olmaqla üç uşağa görə cəmi 255 manat sabit pul məbləğində pulun cavabdehdən alınıb verilməsi hissəsində əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin X7 idarəsində "İİİ dərəcə maşinist "vəzifəsində işləməsini və aldığı əmək haqqının 325 manat olduğunu bildiyi halda aliment məbləğini artırması əsassızdır. Belə ki, cavabdeh aldığı məvacibin demək olar ki, hamısını aliment ödənişinə verdiyi halda özünün ehtiyaclarını ödəmək üçün heç bir vəsaiti qalmır. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddədən göründüyü kimi "valideynlər "sözü xüsusi ilə vurğulanır. Deməli uşaqların saxlanılması üçün tək ata deyil, həm də ana məsuliyyətlidir. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Qaradağ rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən,bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti,eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azalda və artıra bilərdi. Qətnamədən də göründüyü kimi Birinci instansiya Məhkəməsi cavabdehin maddi durumunu nəzərə almadan onun vəziyyətini çətinləşdirən bir qətnamə qəbul etmişdir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, cavabdehin hazırda yenidən nikaha daxil olduğunu, cavabdehin əmək haqqı barədə əldə etdiyi arayışa əsasən də əmək haqının 325 manat olmasının müəyyən edildiyini, hazırda müəyyən edilmiş 415 manat aliment məbləğinin cavabdehin maddi vəziyyətinin ağırlaşdıracağını bildirmişdir.

6. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, artırılmadan əvvəl müəyyən edilmiş alimet məbləğini vaxtında ödədiyini bildirmişdir.

7. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, hazırki dövrdə 3 uşağa 300 manat aliment məbləği ilə baxmağın çətin olduğunu, cavabdehin ona bu günə qədər 8000 manata qədər aliment borcunun olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən: “51. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

10. Məcəllənin aşğıdakı müddəaları nəzərə alınmalıdır: 11.“76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 77. Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.”

12. “110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.”

13. “112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.”

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından belə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş olsa da bu təminatın bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsində təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyyarlardır. Kollegiya hesab edir ki, iddiaçı bu meyyarların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı hər-hansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim etməmiş, apellyasiya icaatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən qətnamənin qəbul edilməsi aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılmasını istisna etmir.

15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1713/2022 saylı işi üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar