Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6525/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(008)- 5545/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində X13 yolunda X4 mülkiyyətində olan Cavabdeh istifadə etdiyi “Hyundai İ30” markalı, ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi baş vermişdir.
2. Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin İnzibati tənbeh vermə haqqında Qərarında müəyyən edilmişdir ki, “Hyundai İ30” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
3. xx.xx.2025-ci il tarixli, CLM**********67 nömrəli sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsinə əsasən sığortalı “Hyundai İ30” markalı, ** NY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta ilə sığortalanmışdır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 400 manat məbləğində pul vəsaitinin X6 ödənilməsi razılaşdırılmışdır.
4. 04 iyul 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 400 manat sığorta ödənişi həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. “İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 400 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumillikdə isə 430 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai İ30” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Yasamal rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Ceed” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və “Kia Ceed” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 400,00 (dörd yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin İnzibati tənbeh vermə haqqında Qərarında müəyyən edilmişdir ki, “Hyundai İ30” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e- 2(008)- 5545/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə, sığorta ödənişinin faktiki olaraq zərərçəkmiş şəxsə ödənildiyini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. İşdə qiymətləndirmə aktı və sığorta aktı mövcuddur ki, bu sənədlər zərərin mövcudluğunu və ödənişin razılaşdırılmasını göstərir, həmçinin işdə olan ödəniş sənədindən 400 manatın iddiaçı tərəfindən plastik kart tranzit hesabına ödənilməsi görünsə də, həmin ödənişin kimə ödənildiyi məhkəməyə aydın olmur. Belə ki, plastik bank kartının sığortalı, faydalanan və ya baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsə verilməsi və ödənişin də həmin şəxslərdən birinə ödənilməsi iş materialları ilə müəyyən edilə bilmir. Həmçinin, iş üzrə məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmiş sənədlərin müəyyən hissəsi də oxunmur və ya oxunması mümkün olmur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 926.3, 936.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən təqdim edilən ödəniş tapşırığının təyinat hissəsində "xxxx" ASC-nin CLM**********67 saylı sığorta aktına istinad edilmişdir. Həmin aktın surəti birinci instansiya məhkəməsinə sübut olaraq təqdim edilmişdir. Bəhs olunan aktda "xxxx" ASC-nin sığorta ödənişinə dair bütün məlumatları, həmçinin zərərçəkmiş avtomobilin marka, modeli, dövlət qeydiyyat nömrəsi və sığorta ödənişi verilməli olan şəxsin ad, soyad, ata adı qeyd edilmişdir. Məhkəmə sübutları ətraflı araşdırmış olsaydı, həmin detalları müəyyən edərək, ödənişin təyinatını aydınlaşdıra bilərdi. Əlavə olaraq bildirilir ki, qeyd olunan halın daha da dəqiqləşdirilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanmış və ödənişin kimə edildiyi barədə məlumatın dəqiqləşdirilməsi məqsədi ilə sığorta ödənişinin məbləği, sığorta ödənişinin tarixi və ödənişi alan şəxsə dair məlumatları göstərməklə sığorta ödənişinin həyata keçirilməsini təsdiq edən arayışın iddiaçıya təqdim edilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilən arayışda qeyd olunan hallar bir daha təsdiqlənmişdir. Həmçinin, ödəniş tapşırığında pul vəsaitinin köçürüldüyü bank kartı hesab nömrəsinin hadisədə zərərçəkən avtomobilin sahibi X6 məxsus olması barədə bank hesabından çıxarış/rekvizit əlavədə təqdim edilir. Həmçinin, məhkəməyə təqdim olunmuş Yasamal RPİDYPŞ tərəfindən tərtib edilmiş Arayışın, İnzibati Tənbeh vermə Haqqında Qərarın və Protokolun surətləri, Bakı şəhəri Yasamal RPİDYPŞ tərəfindən alınmış izahatların surətləri, "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sığorta şəhadətnaməsinin və subroqasiya üzrə tələbin ödənilməsinə dair vətəndaşa göndərilmiş bildirişin surəti, "xxxx" ASC tərəfindən hazırlanmış sığorta aktının, hesablama aktının və ödənişi təsdiq edən ödəniş tapşırığının surətləri yetərincə oxunaqlı vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinə dair sənədlər səlahiyyətli dövlət orqanından necə təqdim edilmişdirsə, həmin şəkildə də məhkəməyə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X5 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir; Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Maddə 14.1. Sığorta haqqı sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta olunanın sığortaçıya verməli olduğu pul məbləğidir.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1 İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxişinin hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, sığorta ödənişinin faktiki olaraq zərərçəkmiş şəxsə ödənildiyini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. İşdə qiymətləndirmə aktı və sığorta aktı mövcuddur ki, bu sənədlər zərərin mövcudluğunu və ödənişin razılaşdırılmasını göstərir, həmçinin işdə olan ödəniş sənədindən 400 manatın iddiaçı tərəfindən plastik kart tranzit hesabına ödənilməsi görünsə də, həmin ödənişin kimə ödənildiyi məhkəməyə aydın olmur. Belə ki, plastik bank kartının sığortalı, faydalanan və ya baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsə verilməsi və ödənişin də həmin şəxslərdən birinə ödənilməsi iş materialları ilə müəyyən edilə bilmir.
22. Apellyasiya şikayətinin dəlillərinə qiymət verək məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, ödənişin zərərçəkmiş şəxsə verilməsi iş üzrə mübahisə predmeti olmamışdır və apellyasiya instansiyası mərhələsində də bu xüsusat cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
23. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 400 manat məbləğində pul vəsaitinin X6 ödənilməsi razılaşdırılmışdır. Həmin pul vəsatinin "xxxx" ASC tərəfindən plastik karta köçürülməsini təsdiq edən ödəniş sənədinin “ödənişin təyinatı və əsas” bölməsində sığorta aktının rekvizitlərinə də diqqət yetirərkən məhz qeyd olunan sığorta hadisəsi üzrə ödənişin aparılması təsdiqini tapır.
24. Müəyyən olunur ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədilmiş, həmin hadisə nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərər iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ödəniş aparılmaqla aradan qaldırılmış və subroqasiya hüququ ona keçmişdir. Buna görə də sığorta ödənişinin cavabdehdən tutulması üçün əsaslar mövcuddur.
25. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(008)- 5545/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, e-2(008)- 5545/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh 400 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla ümumillikdə 430 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.