Məhkəmə qərarları › İş №2(103)-6527/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6527/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6527/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Əlisəməd oğluna və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh1 Əlisəməd oğlunun, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əlisəməd oğluna və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(007)- 277/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Əlisəməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 17 may 2018-ci il tarixində Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində Cavabdeh1 Əlisəməd oğluna məxsus Az ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı avtomaşınla İddiaçı məxsus Az ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.

2. Həmin hadisənin baş verməsində Cavabdeh2 Azərbaycan Respublikasının İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qəza zamanı Cavabdeh2 Az ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” markalı avtomaşını etibarnaməsiz idarə etmişdir.

3. Quba Rayon Polis Şöbəsi tərəfindən verilmiş “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, təqsirli olan Az ** XT *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 Əlisəməd oğlu, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olmuşdur.

4. Xaçmaz 1 Saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ziyan aktına əsasən İddiaçı məxsus Az ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı, 2012-ci il buraxılışlı avtomaşına yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün 10497 manat xərc çəkilmişdir. Həmin xərcin 5000 manat məbləği "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ödənilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh1 Əlisəməd oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona dəymiş maddi zərərə görə 5497 manat və dövlət rüsumu olan 30 manat, cəmi 5527 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomaşına ziyan vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsinin baş verməsində həm hadisə zamanı avtomaşını idarə edən Cavabdeh2, həm də avtomobili etibarnaməsiz idarə etmək üçün Cavabdeh2 vermiş avtomobilin mülkiyyətçisi Cavabdeh1 təqsirkardır. Hadisə nəticəsində onun avtomobilinə 10497 manat maddi zərər dəymiş, dəymiş zərərin 5000 manat hissəsi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ona ödənilmişdir. Yerdə qalan məbləğin ona ödənilməsi ilə bağlı bir neçə dəfə cavabdehlərə şifahi olaraq bildirməyinə baxmayaraq sonuncular bu istiqamətdə heç bir addım atmamışdır. Nəticədə ona vurulmuş maddi zərərin 5497 manat hissəsi ödənilməmiş qalır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-277/2022 saylı mülki iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh2 Əlsəməd oğlundan 4026 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim X1)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 2012-ci il buraxılışlı “Toyota Prado” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9026 manat təşkil etdiyindən və həmin zərərin 5000 manat hissəsi sığorta təşkilatı tərəfindən qarşılandığından, qalan 4026 manat pul yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan Cavabdeh2 İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etsə də, avtomobilin mülkiyyətçisi olan onun qardaşı Cavabdeh1 həmin vaxt avtomaşında sürücünün yanında olduğundan, onun məsuliyyəti istisna edilir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1108.1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 Əlisəməd oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qanunsuz tərtib olunmuş akta və kifayət qədər əsaslandırılmamış ekspert rəylərinə istinad etmiş, avtomobilin köhnə olması, köhnə detalların baha qiymətləndirilməsi, avtomobillər toqquşduqdan sonra meşəyə girməsi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının yetərli olmayan sübutları əsasında işə baxmış, maddi və prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia ona qarşı hissədə rədd olunsa da, o, iddianın rədd olunması əsası ilə razı deyil. Belə ki, onun mülkiyyətində olan və hadisə zamanı qardaşı Cavabdeh2 idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi avtomobil toqquşduqdan sonra iddiaçının avtomobili yolun kənarındakı meşəlik əraziyə girib ağaclara dəyərək zədə almışdır. İddiaçının mülkiyyətində olan avtomobilə zərər dəyməsində nə onun, nə də qardaşının heç bir təqsiri yoxdur. Bundan əlavə, avtomobilə dəymiş zərərin məbləği şişirdilmiş, məhkəmə isə bunu nəzərə almamışdır.

14. Cavabdehlərin vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

15. İddiaçının nümayəndəsi Vəkil1 isə izahatında apellyasiya şikayətinin əsassız olduğunu və prosesi uzatmağa hesablandığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

16. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın təmin olunmaması xahiş olunmuşdur. İddia tələbi apellyatora qarşı hissədə rədd olunsa da, apellyator iddianın rədd olunması əsasları ilə razılaşmadığını bildirmişdir. Buna görə də qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iddianın rədd edilməsi əsasları düzgün olmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas yoxdur.

20. İş materiallarından görünür ki, hadisə baş verən zaman Cavabdeh2 idarə etdiyi avtomobil tərəfindən iddiaçıya məxsus olan Az ** BX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobilinə maddi ziyan dəymişdir.

21. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/37 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Toyota Prado” markalı, Az ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9026 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, avtomobilə dəymiş zərərə görə iddiaçıya "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 5000 manat ödəniş olunduğundan yerdə qalan 4026 manat məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

23. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4026 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 Əlisəməd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-277/2022 saylı mülki iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar