Məhkəmə qərarları › İş №2(103)-6527/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6527/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6527/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC-yə qarşı “əsassız hesablanmış faiz borcunun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4796/2024 nömrəli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, cavabdeh "xxxx" QSC BOKT tərəfindən İddiaçı hesablanmış 156.297 manat faiz borcu silinsin. 2.İddia ərizəsində 6 cavabdeh göstərilib: "xxxx" ASC, "xxxx" QSC BOKT, “X1 Edilməsi Agentliyi” MMC, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, Cavabdeh3 MMC və Cavabdeh1 MMC. İddia ərizəsində yalnız 1 cavabdehə - "xxxx" QSC BOKT-na qarşı yönələn tələb göstərilib, digər 5 cavabdehə qarşı tələb yənəldilməyib. Birinci instansiya məhkəməsində icraat 3.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 4.Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununa əməl edilməyib, yəni iddia ərizəsində 6 cavabdeh göstərilsə də, onlardan yalnız 1-nə qarşı tələb yönəldilib, digər 5 cavabdehdən nəyin tələb edilməsi iddia ərizəsinin məzmununda göstərilməyib. 5.İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş edib. 6.Birinci instansiyası məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsinin məzmununda göstərilməlidir. Lakin iddia ərizəsinin məzmununda 6 cavabdehdən yalnız 1-nə qarşı yönələn tələb göstərilib. 8.“Cavabdeh” anlayışı MPM-in 50.3-cü maddəsində müəyyən olunub: iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosesdə “cavabdeh” ifadəsi cavabverən mənasında işlədilir, yəni ona qarşı yönələn iddiaya məhkəmədə cavab verən şəxs cavabdeh hesab olunur. İddia ərizəsində göstərilmiş 6 cavabdehdən 5-nin hansı iddiaya cavab verəcəyi iddia ərizəsinin məzmununda göstərilmədiyinə görə, onların cavabdeh kimi prosesdə iştirakı mümkün deyil. 9.MPM-in 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 4796/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar