Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6528/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər:pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5213/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. xx.xx.2023-cü ildə bağlanılan 014A********** saylı ərizədən görünür ki, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta məzənnəsinə uyğun olaraq cavabdeh faiz dərəcəsi 1.5833% olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavə müəyyən olunmuş ödəniş planı üzrə hissə qaytarmaq şərti ilə 11850 manat məbləğində kredit götürmüşdür.
2. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cu ildə bağladığı 014A********** saylı kredit müqaviləsi üçün götürdüyü kredit borcundan 3833.67 manat ödəniş etmiş və onun iddiaçıya 8016.33 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 94 gün üçün hesablanmış faiz borcu 500.61 manat, cərimə borcu isə 105.49 manat təşkil edir.
3. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh faiz dərəcəsi 1.5833% olmaqla, 48 ay müddətinə,əlavə müəyyən olunmuş ödəniş planı üzrə hissə qaytarmaq şərti ilə 11850 manat məbləğində kredit götürmüşdür ki, hər ay üçün ödəniş məbləği 356.0 manat təşkil edir.
4. "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə penya hesablanmışdır. Hesablanmış penya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8016.33 manat məbləğində kredit borcu, 500.61 manat məbləğində faiz borcu və 105.49 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8622.43 manat məbləğində borcun və ödənilmiş 106.23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı "xxxx" QSC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2023-cu ildə bağladığı 014A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh faiz dərəcəsi 1.5833% olmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavə müəyyən olunmuş ödəniş planı üzrə hissə qaytarmaq şərti ilə 11850 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3833.67 manat ödəniş etmiş və onun iddiaçıya 8016.33 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 94 gün üçün hesablanmış faiz borcu 500.61 manat, cərimə borcu isə 105.49 manat təşkil edir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5213/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 8016.33 (səkkiz min on altı manat otuz üç qəpik) manat ödənilməmiş kredit borcu, 500.61 (beş yüz manat altmış bir qəpik) manat faiz borcu və 105.49 (yüz beş manat qırx doqquz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 8622.43 (səkkiz min altı yüz iyirmi iki manat qırx üç qəpik) məbləğində borcun və ödənilmiş 106.23 (yüz altı manat iyirmi üç qəpik) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2, 567, 601, 601.2, 600.1, 600.2, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107,119.1, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin740-cı maddəsi borc müqaviləsi çərçivəsində faizlərin necə müəyyən edilməli olduğunu konkretləşdirir — gecikmə faizləri yalnız ödənilməmiş əsas məbləğə tətbiq edilə bilər və hesablamada dəqiq metodologiya tələb olunur. Bildirir ki, 8016.33 manat məbləğində kreditə görə 500.61 (beş yüz manat altmış bir qəpik) manat faiz borcu hesablanıb. Lakin müqavilədə bu faiz yalnız “illik” göstərilib – günlük faktiki dərəcə (360/365 əsaslı və ya faktiki günə oturan) düzgün müəyyən edilməyib. Faizlər bütün kredit dövrü ərzində əsas məbləğ üzərində sabit işlənib, lakin əsas borcun qismən qaytarılması baş veribsə (məbləğin amortizasiya cədvəli üzrə), hesablamada bu qismən ödənişlər nəzərə alınmayıb. Eyni zamanda gecikmiş ödənişlərə faiz yalnız qalan borc üzrə olmalıdır. Əgər sistem bütün məbləğə görə illik faiz hesablayıbsa, bu Mülki Məcəllənin 740-cı maddəsinə ziddir. Nəticə etibarilə 500.61 (beş yüz manat altmış bir qəpik) manat faiz borcunun real əsas qalığına uyğun deyil — bu rəqəm hüquqi norma və metodika ilə hesablanmamışdır. Təəssüf ki, işə baxan məhkəmə ancaq iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı ilə kifayətlənmiş, real faiz borcunu qanunun tələbinə uyğun olaraq metodika ilə hesablamamış, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını təkzibedilməz sübut kimi qiymətləndirmiş, bununla bağlı ekspertiza təyin etməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən prosessual hüquq normasının məzmunundan da göründüyü kimi, qanunvericilik sübut qismində yazılı və maddi sübutları, ekspertlərin rəylərini, yerində müayinə keçirməni, səs və video yazılarını, şahidlərin ifadələrini sübut kimi mötəbər sayır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının əsas məbləğlə yanaşı tələb etdiyi faiz borcunu özündə əks etdirən yeganə sənəb xx.xx.2025-ci il tarixli maliyyə arayışıdır ki, qeyd edilən “sübut” faizin müəyyən edilməsi üçün mötəbər sayıla bilməz. Eyni zamanda faiz məbləği yalnız iddiaçı tərəfindən verilən məlumatlara əsaslanaraq qərar çıxarıb – bu isə Mülki Prosessual Məcəllənin əsaslandırma tələblərinə uyğun deyil. Prosessual sənədlərdə əsaslandırma çatışmazlığı mövcuddur: qətnamənin əsaslandırıcı hissəsində faiz hesablaması ilə bağlı konkret hesablama metodologiyası, əsas dəlillər və normativ istinadlar təqdim edilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı QSC apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, şikayətin dəlilləri əsassızdır və formal xarakter daşıyır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş planından da görünür ki, kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 1.5833 % olaraq müəyyən edilmişdir. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də əsaslı olaraq iddianı təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilərək apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
18. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
20. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
22. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş edərək qətnaməni yalnız faiz borcunun müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5213/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
33. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cu ildə bağladığı 014A********** saylı kredit müqaviləsi üçün götürdüyü kredit borcundan 3833.67 manat ödəniş etmiş və onun iddiaçıya 8016.33 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 94 gün üçün hesablanmış faiz borcu 500.61 manat, cərimə borcu isə 105.49 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh faiz dərəcəsi 1.5833% olmaqla, 48 ay müddətinə,əlavə müəyyən olunmuş ödəniş planı üzrə hissə qaytarmaq şərti ilə 11850 manat məbləğində kredit götürmüşdür ki, hər ay üçün ödəniş məbləği 356.0 manat təşkil edir.
34. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 1.5833 % olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəfindən təqdim edilmiş çıxarışlar, maliyyə cədvəli əsaslı hesab olunmaqla iş materiallarında onları təkzib edəcək sübutlar olmadığından hazırki iş üzrə şikayətin təmin edilməsinə əsas mövcud deyil.
35. Belə olan halda kollegiya hesab edir ki, şikayətdə göstərilənlər qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
37. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla yoxlanılan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5213/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.