Məhkəmə qərarları › İş №2(103)-6529/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6529/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6529/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında bağlanılmış Bakı Nikah evində 30 aprel 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 24 yanvar 2012-ci il təvəllüdlü X10 və 14 fevral 2015-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, tərəflərin birgə nikahlarından doğulmuş 14 fevral 2015-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılaraq həmin məbləğin cavabdehin əmək haqqına və digər gəlirlərinə yönəldilməsi, uşağın sosial təminatının yaxşılaşdırılması üçün hər ay X6 Azərbaycan Respublikasının 2024-cü il üçün qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011- ci ildə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqları anadan olmuşdur. Uşaqlar hazırda öz himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. 2016-cı ildə aralarında olan nikah pozulmuş və buna dair müvafiq Şəhadətnamə alınmışdır. Qeyd edir ki, cavabdehlə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqlarının saxlanılması üçün ümumilikdə hər ay 215 manat aliment müəyyən edilmişdir. Bu məbləğlə iki məktəbli uşağın saxlanılması çətinliklər yaradır.

4. Bakı şəhəri Nərimanov Rayon 2(005)-3067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı, 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların səkkiz yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə uşaqların yaş həddini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşaqların böyüməsi ilə xərclərinin və tələbatlarının artmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, habelə onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğinə artırılmasını məqsədəmüvafiq hesab etmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112-ci maddələri, Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsi, “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsi, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18- ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 216- 220 və 233-cü maddələrinə bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-30671/2024 saylı qətnaməsinin ləğv edilməsinə, iddianin qismən, yəni 400 manat miqdarında təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsi obyektiv və ədalətli çıxarılmamışdır. Belə ki, o polis orqanlarının əməkdaşıdır. Aylıq əmək haqqı 657 manat təşkil edir. Ancaq məhkəmə qərarına əsasən 470 manat aliment tutulmuşdur. Bu da onun maddi vəziyyətini sıxıntıya gətirib çıxardacaq. Məhkəmə qətnaməsi ona əsaslanmışdır ki, 01 yanvar 2024-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il X6” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, ancaq “Azərbaycan Respublikasında 2024-cü il X6” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən onun əmək haqqından 470 manat tutulduqdan sonra ona 187 manat pul qalmışdır. Bu da “Azərbaycan Respublikasında 2024-cü il X6” Azərbaycan Respublikasının Qanunundan göstəriləndən aşağı məbləğdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi 470 manat alimentin tutulmasını qət etmişdir. Əmək haqqısından geriyə 180 manat qalır. İndiki dövrdə o pulla necə dolanmalıdır. Xahiş etmişdir ki, 400 manat aliment tutulsun, əmək haqqısından 200 manat ona qalsın. X15 İdarəsində Təhlükəsizlik Xidmətinin baş operatoru vəzifəsində işləyir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, uşaqlara faktiki olaraq o baxır. Cavabdeh, hal-hazırda 235 manat aliment təyin edilməsinə etiraz edib, azaltmaq istəyir. 8 ildir ki, 2 uşaq üçün 1 uşaq üçün nəzərdə tutulan 250 manat alimenti alır. Dövlət tərəfindən təyin olunmuş məbləği istəyir. Uşaqların təhsili geyimi, sağlamlığı ilə bağlı heç bir köməyi olmur. Cavabdeh maşın alveri ilə də məşğul olur. Atası pensiya alır. Ailəsi ilə yaşayır. O isə iki uşaq böyüdür. Rayon məhkəmə iclasında cavabdeh ona ailəsinin baxdığını demişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin qismən – 400 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı, 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, tərəflərin birgə nikahlarından doğulmuş 14 fevral 2015-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

24. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

25. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.

26. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh “Polis əməkdaşı vəzifəsində işləyir və əmək haqqı 657 manat təşkil edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin gəlirinin az olması, ailə həyatı qurmaq istəməsi və.s bu hallar cavabdehi əvvəlki nikahdan olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

28. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

33. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3067/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar