Məhkəmə qərarları › İş №2(103)-6530/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6530/2025

13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6530/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlu və cavabdehin iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı işi üzrə 05.06.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. Iddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı "borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-nin xeyrinə 31982.85 manat kredit borcu, 4311.40 manat faiz borcu və 805.98 manat cərimə olmaqla, ümumilikdə cəmi 37100.23 manat borcun və tərəfindən ödənilmiş 201.30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 12.05.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38500 manat məbləğində kredit götürmüşdür. O, müqavilənin 7.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14.05.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6517.15 manat ödəniş etmiş və onun iddiaçıya 31982.85 manat məbləğində kredit borcu qalmışdır.

2. Işin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh AccessBank» QSC-yə ünvanladığı 12.06.2023-cü il tarixli ərizəsinə əsasən, Cavabdeh 48 ay müddətinə, illik maksimum 28 faiz olmaqla 40000 manat məbləğinədə kredit götürməsini xahiş etmişdir; - 07.02.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 12.05.2023-cü il tarixli, 030A2313230012 nömrəli müqaviləyə əsasən 31982,85 manat məbləğində əsas, 4311,40 manat məbləğində faiz borcu, 805,98 manat cərimə borcu olmaqla, cəmi 37100,23 manat təşkil edir; - Bank tərəfində göndərilmiş 07.02.2024-cü il tarixli xəbərdarlığın surətinə əsasən, сavabdeh 12.05.2023-cü il tarixli krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır; - Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, 12.05.2023-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənilməli məbləğ 1137 manat müəyyənləşdirilmişdir; - 19.02.2025-ci il tarixli 73177341 nömrəli qəbzin surətinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 201,30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı işi üzrə 05.06.2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 31982,85 manat məbləğində əsas borc, 4311,40 manat məbləğində faiz borc və 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36494,25 manat məbləğində borc və 199.48 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “AccessBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 465.2, 467, 739.1, 739.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan sonra məhkəmə iddia tələbinin 805.98 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq, 030A2313230012 saylı müqaviləyə əsasən 200 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh İddiaçı QSC-nin xeyrinə 030A2313230012 saylı kredit müqaviləsi üzrə 31982,85 manat məbləğində kredit borcu, 4311,40 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36494,25 manat məbləğində borc tutularaq iddiaçı “AccessBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissədə qismən təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı 05.06.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ümumilikdə 23000 manat borcun ondan alınaraq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 27, 46, 60; Mülki Prosessual Məcələnin 9, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı 05.06.2025-ci il tarixli qətnaməsi düzgün araşdırılmamışdır və əsaslandırılmamışdır. Bildirir ki, iddiaçı məhkəməyə iddia qaldıran zaman iddia ərizəsində qeyd etmişdir ki, guya ki, o, borcun 6517 manat hissəsini ödəmişdir. Halbuki, iddiaçı ilə bağladığı müqavilə əsasında kredit götürdükdən sonra ümumi olaraq həmin kredit məbləğindən 15000 manatdan çox ödəniş etmişdir. Lakin iddiaçı bunun guya ki, faiz ödənişləri olduğunu bildirir. Belə çıxır ki, iddiaçı ona verdiyi kredit məbləğinin faiz ödənişlərini əvvəlcədən alır, daha sonra ödənilən pul əsas məbləğdən çıxılır. Bu isə qanunaziddir. Hesab edir ki, iddiaçıya 23000 manat borcu var. Bu səbəbdən də hesab edir ki, iddiaçının təqdimatı əsasında məhkəmənin heç bir araşdırma aparmadan çıxardığı qətnamə tam əsassızdır. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 22.12.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2026-cı il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 12 may 2023-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 07.02.2025-ci il tarixə Cavabdeh İddiaçı QSC-yə olan borcu 36502,72 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 31816,12 manat, faiz borcu 4686,6 manat. Aparılmış tədqiqatın dəyəri 150 manat məbləğində müəyyən edilmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini, bankdan 38500 manat pul götürdüyünü, 14293 manat ödəniş etdiyini, daha sonra pensiyaya çıxdığından ödənişlərdə gecikmələr olduğunu qeyd etmiş, əsas borcun və faiz borcunun çox qeyd edildiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlu ekpert rəyi ilə razılaşdıqlarını bildirmiş və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 746.1. Istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, Cavabdeh 12.05.2023-cü il tarixli, 030A2313230012 nömrəli müqaviləyə əsasən 31982,85 manat məbləğində əsas, 4311,40 manat məbləğində faiz borcu, 805,98 manat cərimə borcu olmaqla, cəmi 37100,23 manat təşkil etdiyi qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2026-cı il tarixli ekspert rəyinə əsasən 12 may 2023-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 07.02.2025-ci il tarixə Cavabdeh İddiaçı QSC-yə əsas kredit borcu 31816,12 manat, faiz borcu 4686,6 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilməlidir. Digər mübahisə edilən hissələrdə isə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır.

12. Eyni zamanda cavabdeh diqqətinə çatdırılır ki, "Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

13. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı işi üzrə 05.06.2025-ci il tarixli qətnaməsi 31982,85 manat məbləğində əsas borc məbləği hissəsində dəyişdirilməli, əsas borcun məbləği 31816,12 manat məbləğində müəyyən edilməli, digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalı, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsatiti tərəflərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3083/2025 saylı işi üzrə 05.06.2025-ci il tarixli qətnaməsi 31982,85 manat məbləğində əsas borc məbləği hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 31816,12 manat məbləğində müəyyən edilsin. Digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 ( yüz əlli ) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı QSC və cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” Informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar