Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6536/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2216/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 24.059 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.608,85 ABŞ dolları, borcun qaytarılmaması ilə bağlı həmin vəsaitdən faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun olaraq 6.099 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 33.766,85 ABŞ dolları və 50.030 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən "Leon Face” adlı gözəllik salonunu icarəyə götürmüş, iddiaçını isə həmin salonda administrator kimi işə götürmüşdür. Həmin salonda iddiaçı 2019-cu ilin yay aylarına kimi işləyib. Salonda işlədiyi müddətdə cavabdeh ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul almış, sonradan isə həmin borcları vaxtıvaxtında qaytarmışdır. Beləliklə də cavabdeh iddiaçıda ona qarşı inam və güvən hissi yaratmış, özünü etibarlı, sözünü tutan bir şəxs kimi təqdim etmişdir. Daha sonra, cavabdeh onun etibarından sui-istifadə edərək, sonuncu dəfə iddiaçıdan aldığı xeyli məbləğdə borcu qaytarmamışdır. Belə ki, cavabdeh özünün biznesinin inkişafı ilə bağlı 2018-ci ilin fevral ayında işlətdiyi salonun fəaliyyəti ilə bağlı iddiaçıdan borc pul istəmişdir. İddiaçı da cavabdehin ondan əvvəllər də aldığı borcu vaxtı-vaxtında qaytardığı üçün ona yenə də borc verməyə razılaşıb. Bu minvalla da o, 2018-ci ilin mart ayının sonunda 10.000 ABŞ dolları, bundan təxminən 15 gün sonra, təxminən aprel ayının ortalarında daha 17.000 ABŞ, cəmi isə 27.000 ABŞ dolları məbləğində pulu cavabdehə borc verib. Cavabdeh həmin borcun tez bir zamanda tam qaytarılmasını söz versə də, həmin vədə əməl etməmiş, borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh iddiaçıya qarşı dələduzluq etdiyini başa düşüb, onun barəsində hüquq mühafizə orqanlarına, habelə digər instansiyalara şikayət edilib. Şikayətlərin əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatı alınmış və o, izahatında iddaçıya borclu olduğunu təsdiq edərək, həmin borcun tez bir zamanda qaytaracağını vəd etmişdir. Bundan sonra cavabdeh 2019-cu ilin fevral ayında iddiaçıya 5.000 manat pul qaytarmış, qalan məbləğin də qaytarılmasına söz vermişdir. Lakin keçən müddət ərzində cavabdeh iddiaçıya borclu qaldığı 24.059 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Cavabdeh barəsində istintaq gedir, amma həbs olunmayıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2216/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 24.059 (iyirmi dörd min əlli doqquz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin təqsiri üzündən 2018-ci ildən bu günədək 27000 ABŞ dolları məbləğində puldan məhrum olmuş, həmin məbləğdən istifadə edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona olan borclu qaldığı 24.059 ABŞ dolları məbləğində pulu keçən müddət ərzində ən azı banka depozit hesaba qoyaraq gəlir edə bilərdi. Lakin bu məbləğ cavabdehdə olduğu üçün iddiaçının həmin vəsaitdən istifadə etməsi mümkün olmamış, bu səbəbdən o, maddi zərərə uğramışdır. Hesab edir ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmamaqla həmin vəsaitdən faydalanmağa görə həmin məbləğdən bank faizinin uçot dərəcəsində uyğun olaraq faizlər ödəmələdir ki, həmin məbləğ 6.099 ABŞ dolları təşkil edir. Bunlardan başqa hesab edir ki, öhdəlik icra olunmadığına görə gecikdirilmiş vaxt üçün cavabdehdən iddiaçının xeyrinə faizlər tutulmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, borcun qaytarılmasını gecikdirdiyi üçün illik 5 faiz yəni 3.608,85 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərərlə yanaşı mənəvi zərər də vurulmuşdur ki, həmin zərərin məbləği 50.000 manat məbləğində qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçıdan aldığı pulu bu üç ilə yaxın vaxtda qaytarmamaqla iddiaçıya mənəvi zərər vurmuşdur. Bununla bağlı iddiaçı əsəb sarsıntısı güclü ruhi həyəcan keçirmişdir. İddiaçı müxtəlif dövlət orqanlarına müraciət etmiş və həmin orqanlarda izahat vermək məcburiyyətində qalmışdır. İddiaçı müraciətlərlə bağlı yollarda get-gəldə qalmışdır. Lakin bu əziyyətlərinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnməni məhz həmin hissədə mübahisələndirmiş, cavabdeh isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 30.03.2020-ci il tarixli şahidin əlavə dindirilməsi protokolundan müəyyən olunur ki, DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 icraatında olan ********* saylı cinayət işi üzrə DİN-nin İnzibati Binasının 423-cü otağında Cavabdeh şahid qismində dindirmiş və Cavabdeh izahatında etiraf etmişdir ki, o, İddiaçı 27.000 ABŞ dollarını sələmə almışdır. İddiaçı hazırki tələbində 24.059 ABŞ dolları, borcun qaytarılmasının gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq (5%-lə) 3.608,85 ABŞ dolları, borcun qaytarılmaması ilə bağlı həmin vəsaitdən faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun olaraq 6.099 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 50.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 33.766,85 ABŞ dolları və 50.030 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. İddiaçının qənaətinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən dəymiş ziyanın gecikdirilməsi nəticəsində illik 5 %-lə hesablanmaqla ona dəymiş ziyanın əvəzi 3608,85 ABŞ dolları təşkil edir, lakin iddiaçı hazırki əsasla çıxış edərkən nəzərə almamışdır ki, o, cavabdehə verdiyi borcun hansı müddətə qaytarılmalı olduğu barədə hər hansı sübut təqdim edə bilməmiş, gecikdirilmiş müddət dedikdə konkret hansı müddəti nəzərdə tutduğu, eyni zamanda hansı əsasla faizlərin 3 il müddətinə hesabladığı iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin Qərarına uyğun olaraq Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.1-ci maddəsi tətbiq olunan vaxt maddənin özünün dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2216/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6536/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6536/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver