Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6536/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-125/2024 nömrəli 01 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, GTKR9791974A173 saylı kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 25 % ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.850,75 manat əsas borc, 2.280,61 manat faiz olmaqla, cəmi 22.131,36 manat pul vəsaitinin və ödənilmiş 156,39 manat dövlət rüsumunun cavabdehdən ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR9791974A173 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 48 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
4. 27 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ASC-yə 19.850,75 manat əsas borc, 2.280,61 manat faiz olmaqla, cəmi 22.131,36 manat borcunun olduğu qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 9/1494 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, GTKR9791974A173 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə (ekspertizanın təyin edilməsi barədə qərardadda qoyulmuş sualda göstərilən tarix) əsas borc üzrə - 19.940,49 manat; faiz üzrə - 1.881,78 manat.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 avqust 2024-cü il tarixli 2(002)-125/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, iddia ərizəsində tələb edilən 19.850,75 manat əsas borc, ekspert rəyində qeyd olunan 1.881,78 manat faiz olmaqla, cəmi 21.732,53 manat pul vəsaiti və ödənilmiş 156,39 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, ağır xərçəng xəstəsidir, buna dair sənədləri banka təqdim etmiş və kreditin ödənilməsində müəyyən güzəştlər verilməsini, vaxtının uzadılmasını xahiş etmiş, lakin bank tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə qeyd edilən faizlər və cərimə məbləği həddindən artıq çox hesablanmışdır. Ona görə də məhkəmədən əsas xahişi ondan ibarətdir ki, ilk öncə iddia rədd edilsin və kreditin ödənilməsi üçün şəraitin yaradılması təmin edilsin və ya təkrar ekspertiza keçirilməklə tələb olunan məbiləğin yenidən hesablanması həyata keçirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
31. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
32. Cavabdehin dəlili odur ki, ağır xərçəng xəstəsidir, buna dair sənədləri banka təqdim etmiş və kreditin ödənilməsində müəyyən güzəştlər verilməsini, vaxtının uzadılmasını xahiş etmiş, lakin bank tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə qeyd edilən faizlər və cərimə məbləği həddindən artıq çox hesablanmışdır.
33. Kollegiya qeyd edir ki, güzəşt etmək bankın hüququdur, bununla bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
34. Həmçinin faiz və cərimə məbləğinin düzgün hesablanmaması ilə bağlı Kollegiya qeyd edir ki, cərimə borcu ümumiyyətlə nə iddia tələbində olmamış, nə də məhkəmə tərəfindən tutulmamışdır.
35. Faiz məbləğinə aid isə keçirilmiş ekspertiza nəticəsində 1881,78 manat faiz borcu müəyyən edilmiş, məhkəmə də əsaslı olaraq ekspert rəyinə uyğun olaraq həmin məbləği tutmuşdur.
36. Təkrar ekspertizanın təyin edilməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir. Göstərdiyi dəlillərə münasibətdə məhkəmənin mövqeyi haqlı olmuşdur.
37. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-125/2024 nömrəli iş üzrə 01 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.