Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6537/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına qarşı (Azərbaycan Respublikası ƏƏSMN yanında X28 Xidməti və "xxxx" Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X20 iştirakı ilə, İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkətinin" Azərbaycan Respublikasındakı Filialına qarşı (Azərbaycan Respublikası ƏƏSMN yanında X28 Xidməti və "xxxx" Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1510/2023 nömrəli 16 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X12 arasında nikah xx.xx.2013-ci il tarixdə 21 nömrəli akt qeydi ilə bağlanmış və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2014-ci il təvəllüdlü X14 doğulmuşlar.
2. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə X12 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 2084 nömrəli müddətli əmək müqaviləsi ilə X12 yük maşınının sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli X24 əsasən, yuxarıda qeyd edilmiş əmək müqaviləsinə edilmiş dəyişiklik elektron informasiya sistemində qeydiyyata alınmışdır.
3. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli X18 əsasən X21 ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında əsas iş yeri üzrə, əmək funksiyası yük maşının sürücüsü olmaqla, müddətli əmək müqaviləsi bağlanmış və elektron informasiya sistemində qeydiyyata alınmışdır.
4. İcbari Sığorta Müqavilələrinə dair xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli Məlumata əsasən sığortalı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə sığortaçı "xxxx" ASC arasında “Ford Cargo 4136 D yük” markalı, 99JT341 dövlət qeydiyyat nişanlı və “Ford Cargo 4136 D yük” markalı, 99JT915 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair sığorta müqaviləsi bağlanmışdır.
5. "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sığortalı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********457 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə və ona **********67/200 nömrəli Əlavəyə əsasən, X12 (2DW32TJ) 77034,63 manat məbləğində sığorta olunmuşdur.
6. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında yük maşını sürücüsü işləyən X21 idarə etdiyi, cavabdehə şirkətə məxsus “Ford Kargo” markarlı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəmkir şəhəri, Şuşa küçəsi ilə şəhərin mərkəz hissəsi istiqamətində hərəkətdə olarkən həmin istiqamətdə ondan öndə hərəkətdə olan, həmin şirkətdə yük maşını sürücüsü işləyən X4 idarə etdiyi və cavabdeh şirkətə məxsus “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol arxa hissəsinə dəyməsi nəticəsində sonuncu maşında olan Elsevər Muxdarov və Asif Əliyev ölmüş, Tural Cəfərov xəsarət almışdır.
7. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ 270079 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin əmri ilə yaradılmış komissiya xx.xx.2022-ci il tarixdə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri X12, X27 ölmələri və X15 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını başa çatdırmış, xx.xx.2023-cü il tarixli 3- 175/2-4537/2023 saylı məktubla təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsi və görülmüş tədbirlər haqqında X28 Xidmətinə məlumat verilməsi üçün materiallar “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 13 iyul 2022-ci il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüsü X15, 4.2-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının Baş sürücüsü X16 cavabdehliyini müəyyən etmişdir. X4, X27 ölmələri və X15 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktlarla rəsmiləşdirilməli və “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən uçota alınmalıdır.
10. Komissiyanın rəyindən eyni zamanda görünür ki, bədbəxt hadisənin baş verməsinə səbəbləri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin hissəsinin 3-cü bəndinin (öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, hərəkətləri və ya hərəkətsizliyi ilə digər yol hərəkəti iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı) tələblərinin pozulması; "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş Baş sürücünün İİ.Vəzifə öhdəlikləri bölməsinin abzasının (Avtomobili yükləmə zamanı yük altına verilməsini, yüklərin yüklənib-boşaldılmasına yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət etməlidir) tələbinə riayət edilməməsi olmuşdur.
11. İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüləri X12, X21, qeydiyyatçı X34 xx.xx.2022-ci il tarixdə Filialın Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən düşərgəsinə gəlmişlər. Filialın sahə rəisi X22 onlara gün ərzində görəcəkləri işlərlə bağlı tapşırıqlar vermiş və həmin işlərin xüsusiyyətinə uyğun təlimatlandırma keçmişdir. Tapşırığa əsasən sürücülər E.Muxdarov və T.Cəfərov idarə ətdikləri yük maşınları ilə Şəmkir rayonunun Sərxan kəndi ərazisində yerləşən qumçınqıl daş karxanasından yol işlərində istifadə olunan dolğu materiallarını hazırda tikintisi davam edən Şəmkir-Zəyəm yol layihəsinin 15-16 km-nə daşınması ilə məşğul olurdular. E.Muxdarov həmin marşrut üzrə idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə 5 reys edərək yük daşınmasını təmin etmişdir. T.Cəfərov isə idarə etdiyi “Ford Kargo” markarlı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük maşınının texniki baxış keçirilməsi səbəbindən nahar fasiləsindən sonra yük daşıma işinə başlamışdır. T.Cəfərov həmin marşrut üzrə 2 reys yükdaşımanı təmin etmişdir. Təxminən saat 18:30 radələrində T.Cəfərov idarə etdiyi yük maşını ilə Şəmkir rayonu Şuşa küçəsi ilə Şəmkir şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən ondan irəlidə hərəkətdə olan E.Muxdarov tərəfdən idarə edilən yük maşınına arxadan sol tərəfdən çırpılmışdır. Zərbənin təsirindən E.Muxdarovun idarə etdiyi yük avtomobili yolun sağ hissəsinə yuvarlanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi yerinə polis işçiləri təcili tibbi yardım briqdası və müəssisənin məsul işçiləri gəlmişlər. Hadisə nəticəsində ölmüş “Ford Kargo” markalı **-JT-*** markalı yük maşının sürücüsü E. Muxdarov və kabinada olan qeydiyyatçı A.Əliyev aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyi" publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilmiş, xəsarət almış digər sürücü T.Cəfərov Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılmışdır.
12. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 139 saylı 24 may 2022-ci il tarixli X3 ilə bağlanmış əmək müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar Azərbycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
13. “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 004 nömrəli arayışa əsasən, X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yük maşını sürücüsü vəzifəsində işləmiş, aylıq əmək haqqı 494.54 AZN təşkil etmişdir.
14. Rabitəbank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İB**********_415392_220524 nömrəli ödəniş tapşırığı və “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2022-ci ilin may ayı üçün N05 hesablama-ödəmə cədvəlindən görünür ki, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 hesabına həmin tarixdə 2057.82 manat pul vəsaiti köçürülmüşdür.
15. Sığorta Ödənişi barədə İA-003/23 nömrəli, xx.xx.2023-cü il tarixli Akta görə X4 ölməsi ilə nəticələnən sığorta hadisəsi ilə əlaqədar olaraq mərhumun həyat yoldaşı X6 – 8826,23 manat; mərhumun qızı X8 – 14.447,46 manat, mərhumun oğlu X9 – 15.506,13 manat olmaqla, sığorta ödənişinin ümumi məbləği 38.779,82 manat təşkil etmişdir.
16. "xxxx" Bank QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 421 nömrəli ödəniş tapşırığına görə "xxxx" S.Ş. ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı hesabına 38779,82 manat sığorta ödənişinin köçürülməsi icra olunmuşdur.
17. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-151/2023 nömrəli Hökmü ilə X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm ilə müəyyən edilmişdir ki, X21 idarə etdiyi avtomobildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsini növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalı olduğu halda qanunun qeyd edilən tələblərinə riayət etməyərək istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən artıq, yəni təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X5 ölməsi nəticəsində azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün onun orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəncin birdəfəyə ödənilməsi, ərinin dəfninə xərcəldiyi 8000 manat miqdarında dəfn xərcinin, keçirdiyi mənəvi stress, narahatlıq, sarsıntıya görə isə 500.000 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun həyat yoldaşı, mərhum əri X12 şirkətin işçisi idi, “Ford Karqo” markalı yük avtomobilinin sürücü vəzifəsində işləyirdi. X21 xx.xx.2022-ci il tarixdə “Ford Karqo” marklı yük avtomobillə həyat yoldaşının idarə etdiyi “Ford Karqo” markalı **-JT-*** nömrəli yük avtomobili vurmuş, nəticədə həyat yoldaşının və avtomobildə olan sərnişinin ölümlərinə səbəb olmuşdur. Fakt üzrə Şəmkir rayonu PŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Onlar yeganə ailəni dolandıran ailə başçısını itirdikdən sonra onların iki azyaşlı uşaqları atasız qalmışdır. Maddi imkanını olmadığından o uşaqlara lazımınca qayğı göstərə bilmir. O şirkətə sığorta və ödəncərin verilməsi barədə müraciət etsə də, bu günə kimi şirkət tərəfindən ödənclər almışdır.
20. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 avqust 2023-cü il tarixli 2(002)-1510/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia qismən təmin edilmiş, cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından mənəvi ziyana görə 10,000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat dövlət rüsumunun cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüsü Tural Cəfərovun və baş sürücüsü Rəhman Əhmədovun vəzifə öhdəliklərini pozması hadisənin baş verməsinə səbəb olmuşdur. Belə olan halda, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir. İş materiallarına və tərəflərin izahatlarına əsasən hadisənin iddiaçının mərhum ərinin əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, həmçinin, hadisənin əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olduğu, hadisənin baş verməsində işəgötürənin də təqsirli olduğu, hadisə nəticəsində iddiaçının həlak olduğu öz təsdiqini tapır.
22. Baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının əri Elsevər Muxdarov həlak olmuşdur. Hadisədən sonra əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X4 hesabına cavabdeh şirkət tərəfindən 2057.82 manat pul vəsaiti köçürülmüş, eyni zamanda, Elsevər Muxdarov işlədiyi şirkət tərəfindən sığorta olunduğundan, "xxxx" SŞ ASC tərəfindən, onun arvadı İddiaçı və uşaqlarına cəmi 38.779,82 manat məbləğində sığorta ödənişi verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 239-cu maddəsinin 5-ci hissəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə münasibətdə işəgötürənin maddi məsuliyyəti istisna edilir. Belə olan halda iddiaçının ərinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmasına görə cavabdeh şirkətdən yenidən ona ödənişlər etməsi hissəsində tələb əsassızdır və təmin oluna bilməz.
23. Məhkəmə iddia tələbinin iddiaçının ərinin dəfninə xərclədiyi 8000 manatın ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı dəfn xərclərinin məbləği barədə mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin, dəfn xərcinin cavabdeh şirkət tərəfindən ödənilməsi ilə bağlı məhkəmə iclaslarında ziddiyyətli izahatlar verdiyindən həmin hissədə də iddia təmin oluna bilməz.
24. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ərini itirmişdir. Qeyd edilənlərlə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1118.1, 1118.2, 1119.1, 1119.2, 1119.3, 1121.1, 1121.3, 1122.1, 1122.2, Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 195 “c” bəndi, 196.5, 215, 217, 225.1, 238, 239.1, 239.2, 239.5, 290.3, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla, göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
30. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
35. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
36. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
37. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
38. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
39. Maddə 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
40. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
41. Maddə 191.2. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
42. Maddə 195 “c” bəndi, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
43. Maddə 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
44. Maddə 215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; və s.
45. Maddə 217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
46. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
47. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
48. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
49. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun
50. Maddə 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
51. Maddə 16.1. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi.
52. Maddə 16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
53. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
54. Maddə 17.4. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır.
55. Maddə 18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi və ya annuitet müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
62. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Baş vermiş hadisənin iddiaçının mərhum ərinin əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, həmçinin, hadisənin əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olduğu, hadisənin baş verməsində işəgötürənin də təqsirli olduğu işin mübahisəsiz halıdır və baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının əri Elsevər Muxdarov həlak olmuşdur.
65. Hadisədən sonra əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar X4 hesabına cavabdeh şirkət tərəfindən 2057.82 manat pul vəsaiti köçürülmüş, eyni zamanda, Elsevər Muxdarov işlədiyi şirkət tərəfindən sığorta olunduğundan, "xxxx" SŞ ASC tərəfindən, onun arvadı İddiaçı və uşaqlarına cəmi 38.779,82 manat məbləğində sığorta ödənişi verilmişdir.
66. Göründüyü kimi Əmək qanunvericiliyinin tələbinə görə 239-cu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
67. İddiaçının mərhum əri işəgötürən tərəfindən göstərilən qaydada icbari sığorta olunan işçi olmuşdur.
68. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən birdəfəlik sığorta ödənişinin verildiyi hallardan biri də sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü haldır.
69. Sığorta şirkəti tərəfindən baş vermiş hadisə nəticəsində sığorta olunanın (iddiaçının mərhum əri) himayəsində olan 3 nəfər (hazırki iş üzrə iddiaçı və uşaqları) faydalanan şəxs qismində tanınmış və nəzərdə tutulmuş qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilmişdir.
70. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə münasibətdə işəgötürənin maddi məsuliyyəti istisna edilir. Belə olan halda iddiaçının ərinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmasına görə cavabdeh şirkətdən yenidən ona ödənişlər etməsi hissəsində tələbi əsassızdır.
71. İddiaçı dəfn xərcləri üçün çəkdiyi 8000 manat pulun tutulmasını tələb etmişdir, məhkəmənin bu hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
72. İddiaçı dəfn xərcləri üçün 8000 manat xərcləndiyini bildirsə də, bu halı təsdiq edən sübutlar, həmin vəsaitin xərcləndiyini və nə üçün konkret nə qədər pul xərclənməsini (qəbir daşının qoyulması üçün nə qədər vəsait sərf edildiyini və s.) təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.
73. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
74. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
75. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.
76. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin əvəzi kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğin (10000 manat) yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
77. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1510/2023 nömrəli iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.