Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6538/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: “borcun tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)-2725/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz (aylıq 1,6667) faiz ödəmək şərti ilə 25.000 manat məbləğində kredit verilmişdir.
2. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.20ci bəndinə görə müştəri Krediti və Kredit Faizini vaxtında Banka qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəyir.
3. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür.
4. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 borcu xx.xx.2024-cü il tarixə 19.224,95 manat əsas borc, 3.256,78 manat faiz, 930,75 manat cərimə olmaqla, cəmi 23.412,48 manat təşkil edir.
5. Cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq kredit müqaviləsi üzrə borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və borc, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.224,95 manat əsas borc, 3.256,78 manat faiz, 930,75 manat cərimə olmaqla, cəmi 23.412,48 manat pul vəsaitinin və ödənilmiş 160,24 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5.775,05 manat ödəniş etmiş və onun iddiaçıya 19.224,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 282 gün üçün hesablanmış faiz borcu 3.256,78 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 282 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 930,75 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.
8. 02.09.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında Cavabdeh2 bildirmişdir ki, krediti işdən çıxarıldığına görə ödəyə bilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, həqiqətən iddiaçı təşkilat ilə bağlanmış kredit müqaviləsinə əsasən kredit götürmüş, lakin ailə və maddi vəziyyətində yaranan problemlərlə əlaqədar ödənişləri vaxtında edə bilməmişdir. Hazırda tələb olunan borc məbləğini ödəməyə maddi imkanı yoxdur, lakin gələcəkdə borcunu bağlayacaqdır. Digər tərəfdən iddiaçı tətəfindən cərimə məbləği yüksək hesablanmışdır.
10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)- 2725/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilmiş, 19.224 manat 95 qəpik əsas borc, 3.256 manat 78 qəpik faiz, 93 manat cərimə olmaqla, cəmi 22.574 manat 73 qəpik pul vəsaiti, ödənilmiş 160 manat 24 qəpik dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 157 manat 72 qəpiyin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
12. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, 19.224 manat 95 qəpik əsas borc, 3.256 manat 78 qəpik faiz, 93 manat cərimə olmaqla, cəmi 22.574 manat 73 qəpik pul vəsaiti, ödənilmiş 160 manat 24 qəpik dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 157 manat 72 qəpik cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.
14. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, 93 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.1, 467-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun hansı əsaslarla yaranması və hansı əsaslarla borclunun həmin pul məbləğlərini ödənilməməsi məsələsinə aydınlıq gətirməmişdir. Bundan əlavə, məhkəmə hansı əsaslarla onun tərəfindən borcun yaranası ehtimalını da müəyyən etməmişdir. Göründüyü kimi, məhkəmə müvafiq qətnaməni qəbul edən zaman Mülki Məcəllənin 446.6-cı hüquq normasını pozmuşdur. Məhkəmə işi araşdıran zaman işdə istinad etmiş olduğu tək sübut növü kimi tərəflər arasında bağlanmış zaminlik müqaviləsi və kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsinə əsasən aparılmış hesabları və onun əsasında yaranmış faiz borcu, əsas borcu hesablama nisbətə düzgün olmayan bir şəkildə hüquqi qiymət vermişdir. Belə olan təqdirdə məhkəmə sübutlara qeyri-obyektiv, əsassız olaraq hüquqi qiymət vermişdir. İş materiallarında yer almış və təqdim olunan sübutlar öz təsdiqini tapmır, təqdim edilmiş hallara düzgün qiymət verilməmiş və işin daha da əsaslı araşdırılması üçün müvafiq ekspertiza təyin olunmamışdır. İddia tələbinin əsassız olmasını təsdiq edən sübutlar təqdim olunduğu halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Hesab edir ki, iddia tələbi tam rədd olunmalıdır. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları araşdıran zaman toxunulmalı olan iki əsas məsələ birincisi məhkəmə mühasibatlıq-ekspertizası təyin olunmalı və zaminlik müqaviləsinin bitmə vaxtı müəyyən edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin edilərək borc cavabdehlərdən müştərək qaydada tutulmuşdur. Apellyasiya şikayətinin məzmununa əsasən Cavabdeh1 qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə kredit alan Cavabdeh2 iddiaçıya borcu yaranmışdır. Digər Cavabdeh1 isə zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
26. İşdən həmçinin görünür ki, Cavabdeh1 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, hazırda tələb olunan borc məbləğini ödəməyə maddi imkanı yoxdur, lakin gələcəkdə borcunu bağlayacaqdır. Digər tərəfdən, iddiaçı tərəfindən cərimə məbləği yüksək hesablanmışdır.
27. Bununla belə, Cavabdeh1 tərəfindən əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlil irəli sürülməmiş, bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmişdir. Həmçinin, apellyasiya şikayətinə sözügedən borcun düzgün hesablanmamasına dair sübutlar da əlavə edilməmişdir.
28. Beləliklə, cavabdeh tərəfindən gecikmədə olan borcun ödənildiyi barədə hər hansı sənəd təqdim edilmədiyindən, məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, işdə olan kredit və zaminlik müqavilələrindən görünür ki, iddiaçı tərəfindən kredit kredit alan Cavabdeh2 xx.xx.2024-cü il tarixinədək verilmiş, zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən müqavilənin kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədə olduğu tərəflər arasında razılaşdırılmışdır.
30. Göründüyü kimi, yuxarıda istinad olunan Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh1 zaminliyinə xitam verilməmişdir.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan cərimə borcunun əsas borca münasibətdə mütənasib olmadığından cərimə məbləğini azaltmışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)- 2725/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: