Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6542/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-391/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 may 2019-cu il tarixli RPF-00006-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 30 iyul 2020-ci il tarixinə ödənilməmiş 5.155,21 manat əsas borc, 26.71 manat faiz borcu, ümumilikdə 5.181,92 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında 22 may 2019-cu il arixli RPF00006-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 5.414,82 manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-02720-16/15U saylı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 22 may 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00006-16/19A saylı 22 may 2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 22 may 2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00006-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə 30 iyul 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 5.155,21 manat əsas borc, 26.71 manat faiz borcu vardır. Beləliklə, cavabdehlərin 30 iyul 2020-ci il tarixinə ümumi borcu 5.181,92 manat təşkil edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-391/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış 22 may 2019-cu il tarixli RPF-00006-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.155,21 (beş min yüz əlli beş manat iyirmi bir qəpik) manat əsas, 26.71 (iyirmi altı manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 5.181,92 (beş min yüz səksən bir manat doxsan iki qəpik) manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. (sədrlik edən: Aygün Həsənova).
4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-391/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən hakim Cavabdeh1 vəziyyətini Respublikada “pandemiya” ilə əlaqədar yaranmış vəziyyəti, iş yerlərinin müvəqqəti də olsa dayandırılmasını nəzə almamışdır. Cavabdeh1 BTB ASC-nin “Həzi Aslanov” filialından götürdüyü krediti ödəməkdən boyun qaçırmır və ödəməyi də həyata keçirəcək. Onların BTB ASC-nin “Həzi Aslanov” filialı ilə 22 may 2019-cu il tarixdə bağladıqları RPF-00006-16/19A saylı kredit müqaviləsinin vaxtının bitməsinə bir il vaxt qalıb. Həmin kredit borcunu Cavabdeh1 borcunu aylar üzrə qalan bir il müddətinə ödəyəcək. Tərəflərin izahatları:
6. İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. İş materiallarında olan Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış 22 may 2019cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faizlə 5.414,82 manat məbləğində kredit verilmişdir.
10. İş materiallarında olan 22 may 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən müəyyən olnur ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında verilmiş borcun təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır.
11. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehlərin Bank "xxxx" ASC-yə 30 iyul 2020-ci il tarixə cəmi 5.181,92 manat borcu qalmışdır.
12. İş materiallarına əsasən müəyyən olunur ki, yaranmış borcla əlaqədar cavabdehlərə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
22. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdeh1 kredit xətti açılarkən müqavilənin təminatı Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi olmuşdur. Cavabdeh1 Bank "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya həmçinin iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır.
24. Kollegiya Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən hallarla bağlı qeyd edir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun vəziyyətinin nəzərə alınmaması, pandemiya ilə əlaqədar borcunu ödəyə bilmədiyini bidlirsə də kollegiya qeyd edir ki, həmin hallar cavabdehi müqavilədə nəzərdə tutulan öhdəliyindən azad edən hal deyildir.
25. Sadalanan hallara və hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-391/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev