Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6542/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “məsafədən kredit müqaviləsinin bağlanması”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X4 və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) “kredit borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxıl etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə oturulməməsı ilə bağlı +**********55 nömrəsinə bildiriş SMS gondənlmışdır. OTP kodunu təqdim etdiyi uçun ABB Mobile tətbiqinə daxil olunmuşdur.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, təqdim edilmiş tədqiqat obyekti sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “X11 8” markalı “M1908C3JG” modelli “**********85180” **********85198” İMEİ kodlu mobil smartfondur. Rəyin “tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən “X11 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşında hər-hansı bir “Malware” ziyanverici proqramların mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilməmişdir. Tədqiqat obyekti olan "xxxx" ASC-yə aid prosessinq sisteminə məxsus məlumat bazasında İddiaçı adına "xxxx" ASC-də olan kartı üzrə icra olunmuş əməliyyatlara dair sualları Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər-X6 Kommunikasiya departamentinin təhlükəsizlik əməliyyat Mərkəzi şöbəsinin Təhlükəsizlik analitiki-Fariz Pirmətov və eyni şöbənin kiçik analitiki Zahid Məmmədli tərəfindən xx.xx.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır. Ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsinin 4-cü bəndində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunur.
3. Mərkəzi Bank tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 6-1-29/2- 5257/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında ödəniş baş verən günə qədər mobil tətbiqə daxil olmuş cihaz 1b5216ddf2abac08 identifikatorlu X11 8 markalı mobil telefondur. Lakin ödənişin baş verdiyi gün bu dəyişərək Nokia C21 Plus markalı və 10487082afd9fef3 identifikatorlu mobil telefon olmuşdur. İlk olaraq, istifadəçinin cihaz dili Azərbaycan dili olduğu üçün bank tərəfindən göndərilən SMS-lər Azərbaycan dilində təqdim olunurdu. Daha sonra cihaz dəyişdirildikdən sonra yeni cihazın dili rus dili olması səbəbdən bankın göndərdiyi SMS-lər də avtomatik olaraq rus dilində göndərilməyə başlanmışdır. Telefonun zərərli proqram təminatına yoluxma və ya fişinq ehtimalını nəzərə alaraq, müvafiq laboratoriyada texniki ekspertizadan keçirilməsi tövsiyə olunur. Belə bir ekspertiza kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Müdaxilənin hansı üsulla (məsələn, SMS vasitəsilə göndərilmiş linkə keçid və s.) həyata keçirildiyini və dəqiq tarixini müəyyən etmək üçün müvafiq mobil cihazda mobil kriminalistika təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün qeyd olunan sualın cavablandırılması mümkün olmamışdır. Bank əməkdaşlarının bizə verdiyi məlumatlara əsasən, hər hansı müdaxilə və ya zərərli proqram izləri aşkar edilmədiyi halda, İddiaçı “mobil bankçılıq” proqram tətbiqinin məlumatlarını əldə etmək, kənardan idarə etmək və ya kart hesabından köçürmələr aparmaq mümkün deyil. Aparılan araşdırma nəticəsində, ödənişin həyata keçirildiyi zaman mobil bank tətbiqinə fərqli bir mobil cihazdan girişin qeydə alınması, həmin ödənişin kənar müdaxilə və ya fişinq hücumu nəticəsində həyata keçirilməsi ehtimalını artırır. Müdaxilənin SMS vasitəsilə göndərilmiş linkə keçid etməklə aşkar edildiyi halda, həmin SMS-in göndərildiyi nömrə, göndərilmə İP ünvanı və digər texniki məlumatların müəyyənləşdirilməsi üçün müvafiq mobil rabitə operatorundan (SMS-in göndərildiyi abunə nömrəsinin xidmət təminatçısından) məlumatların əldə edilməsi zəruridir. Buna görə də, qeyd olunan informasiyanın əldə olunması məqsədilə müvafiq mobil operatora rəsmi sorğu göndərilməlidir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin qanunsuz olaraq onun hesabına qoymuş olduğu 15.000 manat kredit məbləğininin hesablanması qanunsuz hesab edilərək həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onun X9 filialında adına 6.000 manat məbləğində kredit limiti Tam Kart açılmış, xx.xx.2023-cü il tarixdə filiala təqdim etdiyi ərizəsi əsasında məbləğ 1.000 manata endirilmişdir. xx.xx.2024-cü il tarixdə telefonuna gələn şübhəli linklər səbəbli təcili X9 filialına müraciət edərək kartını bağlatmışdır. Kartını bloklatdığı zaman X9 filialının əməkdaşı Tural Vəliyev sistemə baxış keçirmiş və onun kartında heç bir əməliyyatın aparılmadığını bildirmişdir. Kartını bağlatdıqdan 111 gün müddət keçdikdən sonra 29 iyul 2024-cü il tarixdən bu günədək Beynəlxalq Bank tərəfindən mobil nömrəsinə zənglər gələrək banka faiz borcunun olduğu bildirilmişdir. X9 filialına 29 iyul 2024-cü il tarixdə yaxınlaşdıqda onun hesabından xəbəri olmadan, məlumat verilmədən, heç bir bildiriş gəlmədən, razılığı olmadan FİN kod tələb olunmadan, üz tanınma olmadan, tərəfindən 3D və OTP kod təsdiqi verilmədən kredit limitinin 15.000 manata qaldırıldığı və pulun kimlərsə tərəfindən çıxarıldığı məlum olmuşdur. Bu barədə 29 iyul 2024-cü il tarixdə Beynəlxalq Bankın qaynar xəttinə və 102 xidməti də məlumat vermişdir. Təhqiqat aparılır. Lakin, ona bu barədə niyə 111 gün sonra məlumat verildiyi sirr olaraq qalır. Onun aldığı əmək haqqına o məbləgdə kredit düşmür. O, 33 ilin ali təhsilli müəlliməsidir, heç bir təsdiq kodu verməmişdir. Kart məlumatlarını da heç kimə təqdim etməmişdir. Mobil nömrəsindən onun əvəzinə necə ola bilər ki, təsdiq kodu verilə bilər? Beynəlxalq Bankın təhlükəsizlik sistemi bu əməliyyatın aparılmasına necə imkan verib? Bununla bağlı cavabdeh "xxxx" ASC-yə tərəfindən məktub ünvanlanmış və həmin məktuba cavab olaraq bildirilmişdir ki, guya onun istifadəsində olan ********** mobil nömrəsinə SMS bildiriş göndərilib və OTP kodu təqdim etdiyi üçün ABB mobil tətbiqə daxil olunmuşdur. Belə absurd və heç bir sübuta söykənməyən əsassız bir cavab verilmişdir. Hesab etmişdir ki, cavabdeh "xxxx" ASC özündə olan hansısa texniki problemə görə onu heç bir əsas olmadan borclu vəziyyətinə salır. Göründüyü kimi cavabdehə 15.000 manat kredit borcunun olması ilə bağlı heç bir öhdəlik götürməmiş və heç bir müqavilə bağlamamışdır.
6. Cavabdeh tərəf iddiya etiraz edərək qeyd etmişdir ki, son zamanlar kibercinayətkarlıqla bağlı bu tipli hallar həddindən artıq çoxalmışdır. Vətəndaşa müxtəlif yollarla: şübhəli linklər, "xxxx" ASC-nin adından səhifələrdə güzəştli kreditlərlə bağlı məlumatlar paylaşmaqla müraciətlər olunur. Burada bütün məsələ vətəndaşın məsuliyyətinin həddi və bankın məsuliyyətinin həddindən bağlıdır. Bankın məsuliyyəti təhlükəsizlik kodunun göndərilməsi və təhlükəsizlik kodunun təyinatının nə ilə bağlı olmasıdır. Hazırki işdə iddiaçının keçən il tam kartı olmuşdur və ərizə təqdim edərək həmin limitin azaldılmasını xahiş etmişdir. 2024-cü ilin aprel ayında iddiaçının dediyinə görə ona şübhəli linklər gəlib, iddiaçı bundan şübhələnib banka yaxınlaşıb, kartı bloklanıb, kart bloklanandan sonra ona məlum olub ki, ondan pullar tutulub və kredit limiti artırılıb. İddiaçı iddia edir ki, ona təhlükəsizlik kodu gəlməmiş və yaxud kod gəlibsə də onu 3-cü bir şəxsə verməmişdir. İddiaçının özünün ABB mobile-da qeydiyyatdan keçdiyi mobil nömrəyə-***- ***-**-** nömrəsinə müxtəlif kodlar gəlib və təyinatı qeyd olunmuşdur. İlk kod mobil tətbiqə giriş ilə bağlıdır. xx.xx.2024-cü il saat 11:37-də mobil tətbiqə giriş ilə bağlı OTP kod göndərilib və yanında təyinatı yazılmışdır. Əgər həmin kod daxil edilməsə və ya başqa bir şəxsə daxil etmək üçün verilməsə mobil tətbiqə daxil olmadan digər hərəkətlərin atılması qeyri-mümkündür. İddiaçının mobil tətbiqdəki ***-***-**-** nömrəsinə kod göndərilib və mobil tətbiqə daxil olunub. Tam kart limitinin artırılması ilə bağlı 2-ci kod 11:38:27-də göndərilib. Kart rekvizitlərinin görülməsinə qədər kodlar istənilib və bütün kodlar vətəndaşa göndərilmişdir. Limit artırıldıqdan sonra 3 dəfə müəyyən məbləğlərdə kartdan pullar çıxmışdır. Həmin bu məbləğlərin hər birinin çıxılması üçün iddiaçıya kod göndərilmişdir. Bu kodlardan hər hansı biri daxil edilməsə və ya başqa bir şəxsə verilməsə kartdan pulların çıxılması qeyri-mümkündür. Bu hissədə banka aid olan məqam həmin kodların göndərilməsi və təyinatının göstərilməsidir.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 isə bildirmişdir ki, təxmini olaraq ötən il ərzində onun mobil telefonuna tanımadığı xarici nömrədən zəng olunmuş, rus dilində danışığın məzmunu kartına köçürülən pul barəsində olmuş, həmin vəsaitin digər kartlara köçürüləcəyi və ona da bundan pul veriləcəyi vəd edilmiş, bunun ardından ona məxsus kartına bilmədiyi mənbədən pul köçürülmüş, sonra həmin vəsait onu müdaxiləsi olmadan digər kartlara göndərilmiş, yekunda isə ona vəd olunan pul verilməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin təhlükəsizlik tədbirlərinin yetərincə görülməməsi səbəbindən pulun məhz ondan tələb edilməli olmasını qeyd etsə də buna dair iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 331.1, 385.1, 406.3, 442, 448.1, 448.2, 746-2.5, 746-2.6, 957.3 və 957.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin halları üzrə sübutlar və mübahisəni tənzimləyən maddi hüquq normaları əsasında qənaətə gəlməmişdir, sanki qənaətə gəlmiş iddianı rədd etmiş və bundan sonra sübutları və maddi hüquq normalarını öz qənaətinə uyğunlaşdırmağa çalışmışdır. Məhkəmə qərarında bir cümlə belə olsun əsaslandırma aparmamış, yalnız imtinanı köçürtməklə kifayətlənmişdir. Hazırki halda məhkəmənin qənaətinə görə tərəflər arasında iddia tələbində qeyd edilən məbləğdə borcun olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatda 15.000 manat borc qeyd edilsə də, belə bir müqavilə (kredit məbləğinin artırılması və ya onun buna razılığı) cavabdeh tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında az təminatlı əməkli bir insan üçün hansı əsaslarla bu qədər məbləğin verilməsinin səbəbləri cavabdehin nümayəndəsi tərəfindən cavablandırılmamışdır. Belə olduğu təqdirdə, hazırkı iş üzrə onun adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. Onun cavabdeh qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
23. 331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.
24. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. 337.5-ci maddəsinə əsasən, əd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
27. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
28. 744.1-ci maddəsinə əsasən, kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.
29. 744.2-ci maddəsinə əsasən, kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: borcverənin adı və ünvanı; borcalanın adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kreditin təyinatı; kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.
30. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
31. 746-1.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən aşağıdakılar barədə məlumatları kağız və ya digər davamlı daşıyıcıda (məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) istehlakçıya təqdim etməlidir: kreditin növü; borcverənin adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə); kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi; tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat; istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı; tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri; tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclərin mövcudluğu; kreditin alınması üçün əlavə xidmət müqaviləsinin, o cümlədən sığorta müqaviləsinin bağlanılması məcburi olduğu hallarda istehlakçının istehlak krediti müqaviləsi ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi; istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri; tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu; tətbiq edildikdə, kreditin verilməsi üçün tələb olunan təminatlar; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası; tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar; ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə kredit bürolarından alınmış məlumatlar əsasında istehlakçıya kredit verilməsindən imtina edildikdə, bu barədə istehlakçının ödənişsiz olaraq məlumat almaq hüququ; istehlakçının müraciəti əsasında müqavilə layihəsinin surətini borcverəndən ödənişsiz almaq hüququ; borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
32. 746-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 746-1.1-ci maddəsində göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir. Standart məlumatlandırma forması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
33. 746-1.3-cü maddəsinə əsasən, borcverən tərəfindən standart məlumatlandırma formasına kreditlə bağlı digər məlumatlar da daxil edilə bilər.
34. 746-1.4-cü maddəsinə əsasən, borcverən tərəfindən verilən məlumatlar aydın və başa düşülən şəkildə ifadə edilməlidir.
35. 746-1.5-ci maddəsinə əsasən, məsafəli istehlak krediti müqaviləsinin bağlanması üçün rabitə vasitəsi kimi səsli rabitə vasitəsi (telefon zəngi, videozəng və s.) istifadə edildikdə, borcverən zəngin əvvəlində yalnız aşağıdakı məlumatları istehlakçıya təqdim edir: borcverənin adı və zəngin məqsədi; istehlakçı ilə əlaqə saxlayan şəxsin adı, soyadı və borcverənlə əlaqəsi; təklif olunan xidmətin istehlak krediti olması; təklif olunan istehlak kreditinin məbləği, kredit üzrə ödənilən faizlərin illik dərəcəsi və faktiki illik faiz dərəcəsi; təklif olunan istehlak krediti ilə bağlı istehlakçının üzərinə düşəcək əlavə xərclərinin ola biləcəyi barədə qeyd; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; borcverənin verdiyi məlumatların qüvvədə olduğu müddət.
36. 746-1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 746-1.5-ci maddəsi tətbiq edildikdə, borcverən bu Məcəllənin 746-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin maddədə göstərilən digər məlumatların istehlakçının müraciəti əsasında ona təqdim edilməsinin mümkünlüyü barədə istehlakçını məlumatlandırır və istehlakçının müraciəti əsasında həmin məlumatların təqdim edilməsini təmin edir.
37. 746-2.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
38. 746-2.2-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsində aşağıdakılar aydın və dəqiq şəkildə göstərilir: kreditin növü; tərəflərin adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmət və onun nağd qiyməti (malın və ya xidmətin alınması zamanı birdəfəlik ödəniş edildikdə); kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri, həmçinin faktiki illik faiz dərəcəsi və onun hesablanmasına daxil edilən bütün ödənişlər; tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat; istehlakçı tərəfindən edilməli olan ödənişlərin məbləği, sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığı; tətbiq edildikdə (hesabın açılması zəruri olmayan hallar istisna olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının qeydiyyatını aparan bir və ya bir neçə hesabın saxlanma xərcləri, o cümlədən ödəniş və nağdlaşdırma əməliyyatları üçün ödəniş vasitələrindən istifadə xərcləri, kredit müqaviləsindən irəli gələn digər xərclər və bu xərclərin dəyişdirilmə şərtləri; tətbiq edildikdə, kredit müqaviləsinin bağlanılması ilə bağlı istehlakçı tərəfindən ödənilməli olan notarial xərclər; istehlakçının ödənişlərini vaxtında etməməsinin hüquqi nəticələri; tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq edilən zaman ödənilməli olan dəbbə pulu (gecikdirilmə faizləri); tətbiq edildikdə, kredit öhdəliyinin icrasının təminatına dair şərtlər və sığorta tələbləri haqqında məlumatlar; istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ, belə bir hüququn həyata keçirildiyi müddət və şərtlər; istehlakçının istehlak kreditini vaxtından əvvəl ödəmək hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya hüququ, kompensasiyanın məbləği və müəyyən edilməsi qaydası; tətbiq edildikdə, borcverənin bu Məcəllənin 742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bildiyi hallar; istehlakçının müqavilə müddətində sorğu əsasında ödənişsiz olaraq kağız daşıyıcıda təqvim ili ərzində iki dəfə (müqavilədə daha əlverişli hal nəzərdə tutulmadıqda), digər davamlı daşıyıcıda isə istənilən zaman kreditin qalığı barədə hesabdan çıxarışı kreditin ödəniş qrafiki şəklində əldə etmək hüququ (ödəniş qrafikində həyata keçirilməli olan ödənişlər, belə ödənişlərin müddətləri, ödənişlərin strukturu, o cümlədən illik faiz dərəcəsi üzrə hesablanmış faizlər və tətbiq olunan digər əlavə xərclər göstərilir); mübahisələrə məhkəmədənkənar qaydada baxılması imkanlarının olubolmaması, olduqda onun qaydası; tətbiq edildikdə, digər müqavilə şərtləri; Mərkəzi Bankın adı və ünvanı.
39. 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.
40. 746-2.6-cı maddəsinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mərkəzi X8 xx.xx.2023-cü il tarixli, 46/4 nömrəli qərarı ilə təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın
41. 8.5-ci bəndinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.
Azərbaycan Respublikası Mərkəzi X8 xx.xx.2022-ci il tarixli, 04/2 nömrəli qərarı ilə təsdiqlənmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (istehlak krediti müqaviləsi üzrə limit artırıldığı xx.xx.2024-cü il tarixdə qüvvədə olan redaksiyada)
42. 5.1-ci bəndinə əsasən, bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.
43. 5.2-ci bəndinə əsasən, müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir.
44. 5.3-cü bəndinə əsasən, məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.
45. 5.6-cı bəndinə əsasən, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.
46. 5.7-ci bəndinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
47. 5.11-ci bəndinə əsasən, məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
48. 5.12-ci bəndinə əsasən, bank məsafədən bağlanmış bank hesabı müqaviləsinin müştəriyə kağız və ya digər davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişikliksiz əks etdirilməsi mümkün olan istənilən vasitə) təqdim edilməsini təmin edir.
49. 5.13-cü bəndinə əsasən, fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.
50. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir. Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
51. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
57. İş materiallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsini mobil tətbiq vasitəsi ilə bağlamış, bunun üçün bir neçə mərhələdən ibarət identifikasiya və təsdiqləmə prosedurundan keçmişdir. Bunun sübutu kimi iddiaçıya məxsus mobil nömrəyə bank tərəfindən göndərilmiş təhlükəsizlik kodları ilə bağlı SMS mesajları iş materiallarına əlavə edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinin məsafədən bağlanılması zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi tələblərə riayət olunmuş, müqavilə bağlanarkən bankın həmin tələblərə əməl etməsi Mərkəzi Bankın məktubu ilə də təsdiq edilmişdir.
58. Belə ki, Mərkəzi Bankın mütəxəssislərinin xx.xx.2025-ci il tarixli məktubuna və xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə kart üzrə kredit limitinin 15.000 manat məbləğində artırılması üçün yeni bank hesabının açılması tələb edilməmiş, kredit limitinin artırılması gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş, əməliyyatlar mövcud hesab üzrə aparılmışdır. Bu hal Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 04/2 qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinin pozulması kimi qiymətləndirilməmişdir.
59. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür.
60. Göründüyü kimi, iddiaçı məxfi məlumatların təhlükəsizliyini təmin etmək öhdəliyi daşıdığı halda, bu sahədə lazımi ehtiyatlılıq göstərməmişdir. Belə ki, bank tərəfindən müştərilərə göndərilən təhlükəsizlik kodlarının fərdi xarakter daşıdığı və üçüncü şəxslərə açıqlanmamasının zəruriliyi barədə istifadəçilər müvafiq qaydada məlumatlandırılırlar. Bu məlumatlardan istifadə nəticəsində yaranan risk və nəticələr, bir qayda olaraq, həmin məlumatlara sahib olan şəxsin üzərinə düşür. Bu səbəbdən baş vermiş zərərin cavabdeh bankın müqavilə şərtlərinə və qanunvericilik tələblərinə uyğun davranmasına baxmayaraq onun üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Əks yanaşma kreditoru əsassız olaraq müdafiəsiz vəziyyətə salmaqla yanaşı, mülki dövriyyənin sabitliyinə və kredit münasibətlərinə olan etimada da mənfi təsir göstərə bilər.
61. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
63. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev