Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6544/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4000 manat əsas, 724.85 manat faiz, 44.46 manat cərimə, 19.18 manat komisyon haqqı borcu olmaqla, cəmi 4788.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 67.89 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 710sCNTRb/22 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4000 manat əsas, 724.85 manat faiz, 44.46 manat cərimə, 19.18 manat komisyon haqqı borcu olmaqla, cəmi 4788.49 manat məbləğində pul vəsaiti və ödənilmiş 67.89 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.
3. Bundan sonra, yəni 18 sentyabr 2023-cü il tarixdə Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 saylı, 01 avqust 2023- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
5. Bundan sonra həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, həmin şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi Cavabdeh poçt xidməti vasitəsi ilə göndərilsə də, poçt xidməti tərəfindən heç bir səbəb göstərilmədən və məhkəmə qətnaməsi tərəfə təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. xx.xx.2023-cü ildə Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin məhkəmə qətnaməsini rəsmi qaydada əldə etmədən göstərilən qətnamədən apellyasiya şikayəti vermiş olsa da həmin qətnamənin tərəfə göndərildiyi 03 avqust 2023-cü il tarixdən nəzərə alındığı təqdirdə apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddətin ötürdüyü məlum olmuşdur.
10. Beləliklə, cavabdeh Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, qətnamədən apellyasiya şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası ilə bağlı məhkəməyə ərizə verməmişdir.
11. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
14. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2235/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov