Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6546/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASCtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı icra qeydinin ləğv edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı notariat kontorunun 4325 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçıdan 5182,08 manat borc tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməlidir. İddiaçının həmin icra qeydi haqqında məlumatı xx.xx.2020-ci il tarixində olmuşdur. İddiaçı bildirir ki, həmin banka krediti olsa da, lakin həmin borcdan onda olan qəbzlərə əsasən xeyli hissəsi ödənilib və hal-hazırda borcu həmin icra sənədində göstərilən qədər deyil. Bunları nəzərə alaraq, həmin icra sənədinə etiraz edərək icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən 8İ-4325 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ASCapellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra qeydin surətindən görünür ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh ASC- nin xeyrinə İddiaçı RD/87564/6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5162,08 manat və 20 manat dövlət rüsumu tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, İddiaçı 5162,08 manat məbləğində pul vəsaiti tutularaq CavabdehSC-nin xeyrinə ödənilməsi üzrə icra sənədinin icraatına başlanılmqsı qərara alınmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılan RD/87564/6 nömrəli müqaviləyə əsasən Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli icra qeydi çıxarılmışdır. Həmin icra qeydi əsasında Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsində icra sənədi üzrə icraata başlamışdır. İddiaçı isə həmin icra qeydində göstərilən borc məbləğinin 5162,08 manatdan az olmasını bildirərək, həmin icra qeydini ləğv edilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri, məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariusun icra qeydləri; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi) icra sənədləri sayılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə kollegiyası qeyd edir ki, icra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən mübahisələndirildiyindən, icra qeydi isə qanunun tələbinə görə yalnız mübahisə olmadığı halda çıxarılmalı olduğundan, iddiaçı isə hal-hazırda bununla bağlı müstəqil iddia qaldırdığından iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6546/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6546/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver