Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6548/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 3529/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş N 2(011)-3529/2019) iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9773.15 (doqquz min yeddi yüz yetmiş üç dollar on beş sent) ABŞ dolları əsas, 5887.96 (beş min səkkiz yüz səksən yeddi dollar doxsan altı sent) ABŞ dolları faiz borcu, 187.03 (bir yüz səksən yeddi dollar üç sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15.848,14 (on beş min səkkiz yüz qırx səkkiz dollar on dörd sent) ABŞ dolları kredit borcunun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın tutularaq İddiaçı İKB X1 ödənilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9773.15 ABŞ dolları əsas borc, 5887.96 ABŞ dolları faiz borcu və 187.03 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15.848,14 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 12.700 ABŞ dolları kredit götürmüşdür. xx xxxx 2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx xxxx 2020-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2019-dək Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9773.15 ABŞ dolları əsas borc, 5887.96 ABŞ dolları faiz borcu və 187.03 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 15.848,14 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qeydiyyatda olduğu ünvanda yaşamır. Müasir dövrdə istənilən şəxsin yaşadığı yeri müəyyən etmək heç də çətinlik törətmir, necə ki icra məmuru onu asanlıqla tapmışdır. Həmçinin hesab edir ki, iddia üzrə faizlər düzgün hesablanmamışdır. Məhkəmə iclasında iştirak edəcəyi halda müvafiq ödəniş çeklərini məhkəməyə təqdim edərdi. İddiaçının hesablamaları ilə onun hesablamaları arasında ziddiyyət olduğundan iş üzrə obyektiv və düzgün qərar çıxarılması üçün mütləq müvafiq ekspertizanın keçirilməsi zəruridir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun apelyasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 25 faiz ödəmək şərtilə 36 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmçinin borcun təminatı olaraq İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş ekspert rəyinə əsasən, Cavabdeh1 banka xx xxxxxx 2019-cu il tarixə 11.435,65 ABŞ dolları əsas, 7.272,62 ABŞ dolları faiz borcu yaranmışdır. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən İddiaçı İKB ASC hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə işə cavabdehin iştirakı olmadan və ona heç bir məlumat vermədən baxmış, həmçinin faiz borcu düzgün hesablanmamışdır. Onun hesablamaları ilə iddiaçının hesablamaları arasında ziddiyyət olduğundan iş üzrə obyektiv və düzgün qərar çıxarılması üçün mütləq müvafiq ekspertizanın keçirilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakteri daşımaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə təsir etmir. Belə ki, iş materiallarından və məhkəmə iclas protokollarından göründüyü kimi Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmiş, izahat vermiş, iddianı qəbul etmədiyini, borcun və faizlərin düzgün hesablanmadığını bildirmiş və işə baxan məhkəmə məhz onun vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir (i.v. 37, 38, 43, 44, 49, 50-53). Ekspert rəyində əsas və faiz borcunun məbləği iddia ərizəsindəkindən çox göstərildiyindən məhkəmə iddianı MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq yalnız iddia tələbində göstərilən həddə təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh1 verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6548/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6548/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver