Məhkəmə qərarları › İş №2(103)-6552/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6552/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6552/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli № 23-3612 saylı kredit müqaviləsinə, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, № 23-3612 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlərdən birgə qaydada 10 305 manat əsas, 20 396 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 30 901 manat borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı bank onun ləğvedicisi olan X4 ilə əvəz olunmuş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə isə iddia qismən təmin edilərək, Cavabdeh1 10 305 manat əsas, 3432,10 manat faiz, 50 manat cərimə olmaqla cəmi 13 787,1 (on üç min yeddi yüz səksən yeddi manat 10 qəpik) manat borcun və 13,38 (on üç manat 38 qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq X3 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 53,52 manat hissəsinin Cavabdeh1, 66,48 manat hissəsinin X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən - Cavabdeh1 10 305 manat əsas, 3432,10 manat faiz, 50 manat cərimə olmaqla cəmi 13 787,1 (on üç min yeddi yüz səksən yeddi manat 10 qəpik) manat borcun və 13,38 (on üç manat 38 qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq X3 ödənilməsi hissəsində ləğv olunmasını və həmin hissədə iddianın tam təmin edilməsini, ekspertiza tədqiqatının bir hissəsinin X1 tutulması hissəsində ləğv olunaraq həmin xərcin tam şəkildə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin əsassız olaraq iddiaçını onun ləğvedicisi ilə əvəz etdiyi, borcun məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını nəzərə almadığı, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, Cavabdeh1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddiaçı banka münasibətdə və onun iddia tələbinin təmin edilmədiyi hissədə, həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmişlər; iddiaçı bank isə yalnız qətnamənin sözügedən hissələrindən şikayət vermişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə pul vəsaitlərinin İddiaçı ASC-nin ləğvedicisi olan X2 xeyrinə tutulması”, “ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 66,48 manat hissəsinin X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” və “cavabdehdən 50 manat cərimə borcunun tutulması” hissələrində dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 24 (iyirmi dörd) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz ödəmək şərtilə 15 000 (on beş min) manat kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə tam həcmdə maddi məsuliyyəti nəzərdə tutan eyni tarixlizaminlik müqavilələri bağlanılmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə Cavabdeh1 əsas kredit borcu 10 306,61 manat, faiz borcu 3432,10 manat təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apellyatorun “əsas və faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, borcalana müqavilə əsasında xx.xx.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla borcalan arasında bağlanmış müqavilə üzrə kredit 24 ay müddətinə (xx.xx.2016-cı il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 27 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh1 hesablanmalı olan faiz borcunun 3432,10 manat təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclularının 10 305 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 200 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin zaminlərə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini isə kollegiya əsaslı hesab edərək vurğulayır ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə zaminlərarasında bağlanmış xx xxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndində göstərilmişdir ki, həmin müqavilə 24 ay müddətinə bağlanılır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Göründüyü kimi, zaminlərləilə bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi pul məbləğlərinin bankın ləğvedicisi olan X2 xeyrinə tutulmalı olması, eləcə də həmin qurumdan ekspertiza xərcinin tutulmalı olması qənaətinə gələrkən səhvə yol vermişdir; çünkü adı çəkilən Fond iş üzrə tərəf olmamaqla yalnız iddiaçı bankın ləğvedicisi (nümayəndəsi) qismində çıxış edir və kredit borclusundan tutulacaq məbləğlər də məhz ləğvetmə prosesindəki bankın xeyrinə tutulmalı, məhkəmə xərclərinə görə isə bilavasitə bank özü məsuliyyət daşımalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-163/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “pul vəsaitlərinin İddiaçı ASC-nin ləğvedicisi olan X2 xeyrinə tutulması”, “ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 66,48 manat hissəsinin X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” və “cavabdehdən 50 manat cərimə borcunun tutulması” hissələrində dəyişdirilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10 305 (on min üç yüz beş) manat əsas, 3432,10 (üç min dörd yüz otuz iki manat 10 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla cəmi 13 937,1 (on üç min doqquz yüz otuz yeddi manat 10 qəpik) manat borc və 13,38 (on üç manat 38 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 66,48 manat hissəsi İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə İddiaçı ASC-nə münasibətdə və onun mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar