Məhkəmə qərarları › İş №2(103)-6555/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6555/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6555/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4313/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh Mitsubishi Pajero markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 2021-ci il tarixli baş etibarnamə verilmiş, həmin etibarnamə əsasında cavabdeh tərəfindən avtomobil satılaraq 7000 manat pul vəsaiti əldə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2021-ci ildə baş etibarnamə ilə istifadəsində olan Mitsubishi Pajero markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş, bu barədə qonşusu və tanışı olan Cavabdeh demişdir. Cavabdeh ona avtomobili 7000 manata almaq istəyən olduğunu bildirmiş və o avtomobilini tanimadığı şəxsə 7000 manata satılması üçün cavabdehin təkidi ilə alıcıya etibarnamə verib. Lakin maşının dəyəri olan 7000 manat pulu alıcıdan Cavabdeh götürmüş, ehtiyacı olduğu üçün bir müddət sonra ona qaytaracağını bildirmişdir. Etiraz edərək onu polisə şikayət edəcəyini dedikdə cavabdeh bacısı və digər yaxınlarını ona xahişə göndərmişdir. Cavabdeh və yaxınları iddiaçıya olan borcu yaxın vaxtda ödəyəciyini bildirsələr də bugünə kimi 7000 manatı tam ödənilməyib. İddiaçı bugünə kimi hissə-hissə olmaqla cavabdeh tərəfindən cəmi 3150 manat pul qaytarıldığını, qalan 3850 manatı hələ də qaytarılmadığından, ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı həmin avtomobilini borclarını qaytarmaq üçün satışa çıxarmış, lakin cavabdeh ona olan borcunu qaytarmaması səbəbindən maddi vəziyyəti çətinləşib.

4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4313/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 3850 manat məbləğində pul vəsaiti və ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş 2 ədəd CD vatsap səs yazılarından da göründüyü kimi Cavabdeh borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğundan 3850 manat pul tutularaq İddiaçı ödənilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 442, 448.1, 739.1, 740.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 107, 115, 119, 216-220, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4313/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı olan CD disklərinə istinad etmişdir. Lakin həmin CD disklərindəki səsyazılarının ona aid olubolmamasını təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Bu isə qanunvericilik baxımından yolverilməzdir. Qanunun tələbinə görə həmin CD disklərindəki səsin ona məxsus olması barədə ekspert rəyi olduqdan sonra məhkəmə bu nəticəyə gələ bilərdi. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən bu araşdırılmamış və yalnız iddiaçının təqdim etdiyi mənşəyi məlum olmayan CD diskinə istinad edərək bu iddianı təmin etmişdir. İddiaçının özünün ona borcu olduğu halda, ona qarşı belə əsassız iddia ilə məhkəməyə müraciət edir. Belə ki, onun avtomobili olmadığı müddətdə o yaxın tanışının avtosalonundan gündəlik 50 manat ödəməklə kirayə avtomobil götürərək iddiaçının istifadəsinə vermişdim. Lakin iddiaçı bunların heç birini nəzərə almamış və belə əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işin sənədlərindən də görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş CD disklərdəki səsyazılarının ona məxsus olmasını müəyyən etmək mümkün olmadığı halda, məhkəmə tərəfindən əsassız olaraq həmin səsyazıları sübut kimi qəbul edilmiş və bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirir ki, pandemiya dövrü idi, evdə vəziyyət pis olduğuna görə maşını satmaq istəyib. Cavabdeh lap yaxın qonşunun qardaşı idi, servis işlətdiyinə görə ona maşını sata biləcəyini dedi. Maşını aparıb servisdə satışa qoydu. Bir gün ona maşını kiminsə almaq istədiyini dedi. O da deyib ki, maşını satdığına görə 200-300 manat pul verər. Notariat ofisində ona imza etdirdi və maşını satdılar. Evə çatanda maşının pulunu verməsi üçün cavabdehi çağırıb, ona borcunun olduğunu və pulu borcuna verdiyini bildirdi. Buna görə də 102 qaynar xəttinə zəng vurub şikayət edib, polis idarəsinə gedib. Cavabdeh bacısıyla ondan ərizəni geri götürməyi xahiş edib və 1 ay ərzində işlədiyi servisdə pullarını yığıb ona pulunu geri qaytaracağını bildirdi. O da ərizəni geri götürürdü. Amma, pulunu vermədiyinə və onu çox incitdiyinə görə polis bölməsinə şikayət edib. Cavabdehin bacısı qonşusu olduğuna görə o, məhkəməyə verməyib. Amma, ona 3 il keçdikdən sonra məhkəmənin də işinə baxmayacağını dedilər, o da məcbur olaraq məhkəməyə verib. Nə pul alıbsa polislərin yardımı ilə alıb. Daha sonra ona bir müddətlik maşın verdi və maşının ona məxsus olduğunu bildirdi. Lakin, bir neçə saat maşını sürdükdən sonra axşam görüb ki, polislər gəlib və həmin maşının axtarışda olduğunu dedilər. Cavabdehin bacısı qonşusu idi, gecə saatlarında ona polislərin gəldiyini göstərib və polislər də onu başa düşərək getdilər. Səs yazıları da var, ona deyir ki, onsuzda məhkəmədə işi uzadacaq. O pulunu istəyir, çünki ona məhkəmələrdə süründürəcəyini deyib. Ümumi ona 7000 manat borcu var idi, polislərin yardımı ilə aldıqdan sonra 3150 manat pul qaldı. Cavabdeh pulu hissə-hissə də ona vermədi.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində qeyd edilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (Maddə 1092.2)

15. Həmin Məcəllənin 1092.3-cü maddəsində qeyd edilir ki, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilmədiyi əsası ilə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

20. İddiaçı hazırkı iddiasında iddiaçı tərəfindən cavabdehə verilmiş 2021-ci ildə baş etibarnamə ilə istifadəsində olan Mitsubishi Pajero markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaitinin cavabdeh tərəfindən ödənilmədiyi üçün geri tutulmasını xahiş edir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, ona istinad edilmişdir ki, iş materiallarında olan 2 ədəd CD whatsapp səs yazılarından da göründüyü kimi Cavabdeh borcu olduğunu etiraf etmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdeh şikayətin dəlili olaraq qeyd edir ki, CD disklərdəki səs yazılarının ona məxsus olmasının müəyyən edilməsi ilə bağlı iş üzrə ekspertiza təyin edilməmişdir.

23. Məhkəmə kolegiyası qeyd edir ki, cavabdeh CD diskdəki səsin ona məxsus olmadığını bildirsə də, şikayətinin digər dəlili bu qeyd etdiklərini təkzib edir. Belə ki, cavabdeh şikayətində qeyd edir ki, iddiaçının avtomobili olmadığı müddətdə kirayə avtomobil götürərək iddiaçının istifadəsinə avtomobil vermiş, lakin iddiaçı avtomobildən istifadəyə görə cavabdehə hər hansı ödəniş etməmişdir.

24. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdeh tərəfindən iddiaçıya istifadə etməsi üçün avtomobil vasitəsi verilmiş, lakin iddiaçı tərəfindən bununla bağlı borc cavabdehə ödənilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf etirazına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmamışdır. İddiaçı tərəfindən cavabdehə pul məbləğinin verilməsi ilə bağlı yazılı müqavilə bağlanmamışdır.

27. Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

28. Əksinə işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən Mitsubishi Pajero markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə verilmiş, həmin etibarnamə əsasında cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobil satılmışdır.

29. Hazırkı halda cavabdeh avtomobilin satışından əldə olunmuş pul vəsaitini iddiaçıya geri qaytarmayaraq əsassız varlanmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmalı olması ilə bağlı iş materiallarına CD disk əlavə edilmiş, borc cavabdeh tərəfindən etiraf edildiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir.

30. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 4313/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 3850 manat məbləğində pul vəsaiti və ödənilmiş 59 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4313/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli manat) manat, ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar