Məhkəmə qərarları › İş №2(103)-656/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-656/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-656/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı behin qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı beh müqavilənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-844/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı behin qaytarılması və vurulmuş ziyanın ödənilməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi üçün ödənilmiş behin iki misli olan ******* manatın, 54250 manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsində istifadədə olan 0,04167 ha torpaq sahəsində yerləşən iki mərtəbəli doqquz otaqlı 209,6 kv.m yaşayış, 514,2 kv.m köməkçi sahədən ibarət 10/8 nömrəli fərdi yaşayış evinin alqı-satqı yolu ilə ******* manata alınması məqsədilə Cavabdeh 700000 manat məbləğində beh verilmişdir. Həmin tarixdə Bakı şəhəri 27 saylı Notariat Kontorunda beh müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı Cavabdeh 6 ay müddətində fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üçün lazımi sənədləri toplayıb əsas müqavilə rəsmiləşdirildikdə qalan ******* manat pulu almağı və həmin fərdi yaşayış evini iddiaçının adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və alqı-satqı müqaviləsi bağlamamışdır. İddiaçı dəfələrlə cavabdehdən alqı-satqı müqaviləsini bağlamağı tələb etsə də, cavabdeh öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınmışdır. Cavabdeh İddiaçı qarşı beh müqaviləsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X1 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, 2016-cı ilin may ayında Bakıda olarkən tanışı İddiaçıla görüşüb ondan 500000 ABŞ dolları məbləğində borc almışdır. Tərəflər şərikli bizneslə məşğul olmaq barədə razılığa gəlmişlər. Sonradan problemlər yarandığından tərəflər arasında narazılıq baş vermiş və İddiaçı verdiyi pulun geri qatarılmasını tələb etmişdir. N.Ocaqverdiyev biznes fəaliyyətində yaranmış çətinliklərlə bağlı pulu qaytara bilmədiyindən tərəflər razılığa gəlmişlər ki, Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 20/28 saylı ev borcun təminatı kimi müvəqqəti olaraq İddiaçı adına keçirilsin, bu məqsədlə beh müqaviləsi bağlansın və borc qaytarıldıqdan sonra müqavilə ləğv edilsin. Cavabdeh nümayəndəsi olan N.Ocaqverdiyevin bacısı oğlu Samir Tağıyev xx xxxxx 2018-ci il tarixdə İddiaçıla birlikdə 27 saylı Notariat Kontoruna gedərək beh müqaviləsini rəsmiləşdirmişlər. Tərəflər arasında heç bir real alqı-satqı və beh müqaviləsi münasibətləri yaranmayacağını nəzərə alaraq razılığa gəlinmişdir ki, İddiaçı beh məbləği kimi 700000 manat məbləği banka köçürür və dərhal həmin məbləği geri alır. Bundan sonra tərəflər müqaviləni imzalayaraq banka gedir, İddiaçı pulu depozit hesabına qoyur və sonra da həmin məbləği geri alır. Samir Tağıyev və nümayəndəsi olduğu şəxslər ümumiyyətlə, beh müqaviləsində göstərilən pul məbləğini almamışlar və əslində beh müqaviləsi borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. İddiaçıla Cavabdeh əri arasında əslində borc münasibətləri mövcud olmuşdur. Beh müqaviləsi isə borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanıb. Gerçək beh müqaviləsinə görə o halda ev alqı-satqı müqaviləsi üzrə alıcı satıcıya verəcəyi ödənişlər hesabına müəyyən pul məbləği verilməlidir. Bu halda isə borc verən yalan əqd bağlamaqla 700000 manatı notariusun depozit hesabına qoyaraq özü də geri götürüb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-844/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 700000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. İlk iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilməmiş hissəsində ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ona satmalı olduğu və beh aldığı əmlakı ona tamamilə aidiyyəti olmayan borca görə tutma yönəldilməsi ilə bağlı iddialardan müdafiə etməmiş, bu iddialara baxılarkən passiv mövqe tutmuş, hətta məhkəməyə onunla beh müqaviləsi bağlaması və onun əmlaka dair hüquqlarının olması barədə məlumat belə verməmişdir. Cavabdeh onun alqı-satqı müqaviləsi bağlanması ilə bağlı tələblərinə səssiz yanaşmış, əslində bu əmlaka başqa borcla bağlı tutma yönəldilməsini belə ondan gizlətmişdir. Əslində cavabdeh onunla beh müqaviləsi bağlayaraq, həmin əmlakı ona satmaq öhdəliyi götürmüşdüsə, deməli bu əmlakı hər cür təsirlərdən qorumalı və mövcud, mümkün risklər və təsirlərlə bağlı ona məlumat verməli idi. Əgər onun məlumatı olardısa və ya cavabdeh məhkəməyə həmin əmlakı ondan beh alaraq ona satmalı olması barədə məlumat verərdisə, məhkəmə mübahisəyə onu da cəlb edər və cavabdehə aid olmayan hansısa bir borc tələbi üzrə tutma onun hüquqlarıyla yüklü olan əmlaka yönəlməzdi. Göründüyü kimi beh alınmış, alqı-satqı müqaviləsinin icrasının baş tutmamasına görə məsuliyyəti məhz cavabdeh daşıyır. Nəticədə Cavabdeh öhdəliyin icrasından yayınmaqla onun külli miqdarda pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh də apellyasiya şikayəti verərək ilkin iddianın təmin edildiyi, qarşılıqlı iddia tələbinin isə təmin edilmədiyi hissədə ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia tələbi ilə eynidir, əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı iddia müddətinin ötürülməsi əsası ilə təmin etməməsi onu göstərir ki, məhkəmə Cavabdeh qarşılıqlı iddianı qaldırmaqda haqlı olması, İddiaçıla bağlanmış beh müqaviləsinin həqiqətən başqa əqdi pərdələmək üçün bağlanmış etibarsız əqd olması faktlarını tanıyır, sadəcə iddia müddətinin ötürülməsi səbəbindən qarşılıqlı iddianı təmin etmir. Belə olan halda İddiaçıla bağlanmış beh müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanmış etibarsız əqd olması faktını tanıyan məhkəmənin ilkin iddianı qismən də olsa təmin edərək həmin etibarsız beh müqaviləsi üzrə Cavabdeh üzərinə behi qaytarmaq vəzifəsini qoyması absurd nəticədir və tamamilə qanunsuzdur. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən həm də ona əsaslanıb ki, cavabdeh istinad etdiyi halları sübut edə bilməyib. Məhkəmə cavabdehin nümayəndəsini etibarnamə ilə beh müqaviləsini imzalamış, bankda guya behi qəbul etmiş Samir Tağıyevi məhkəmə iclasında dindirərək onun izahatını alsa da, bu izahatı məhkəmə iclas protokoluna daxil etməmiş və əslində cavabdehi istinad etdiyi halları sübut etmək imkanından məhrum etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini, cavabdehin nümayəndəsi Vəkil1 isə öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-844/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, ilk iddia təmin edilən hissədə rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Mahir Qədirov küçəsindəki 10/8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2009cu il tarixdə qeydiyyata alınmışdır. xx xxxxx 2018-ci ildə Cavabdeh ilə İddiaçı arasında həmin evin ******* manata satılmasına dair beh müqaviləsi tərtib edilmiş və evin sonuncunun adına keçirilməsi məqsədilə ondan əvvəlcədən 700000 manat beh alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-6265/2018 saylı qətnaməsi ilə iddiaçılar “xxxx” MMC və “xxxx” MMC-nin cavabdehlər X4 və Cavabdeh qarşı pul borcunun qaytarılması, faydalanmağa görə faiz borcunun ödənilməsi, qətnamənin icra üsulunun müəyyən edilməsi və borcun əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X2 “xxxx” MMC-yə olan 1213 515,47 ABŞ dolları əsas borcu və faydalanmağa görə bank uçot dərəcəsi ilə 202230 ABŞ dolları, cəmi 1415745,47 ABŞ dolları, “xxxx” MMC-yə olan ******* ABŞ dolları əsas borc, 810000 ABŞ dolları faiz borcu və faydalanmağa görə bank uçot dərəcəsi ilə 329161 ABŞ dolları, cəmi ******* ABŞ dolları qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X5 və Cavabdeh müştərək qaydada tutularaq iddiaçılar “xxxx” MMC və “xxxx” MMC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1-cü keçid ev 22 ünvanında yerləşən və ünvan 2v 20 ünvanında yerləşən fərdi yaşayış evlərinə və Cavabdeh mülkiyyətində olan ünvan 2v 10/8-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaitindən qeyd edilən pul məbləğləri iddiaçılar “xxxx” MMC və “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli 3m-162 nömrə ilə rəsmiləşdirilmiş beh müqaviləsinə dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, xx xxxxx 2018-ci il tarixdə Cavabdeh məxsus olan ünvan 2v 10/8-də yerləşən fərdi yaşayış evinin üzərində heç bir məhdudiyyət və yüklülük qeydiyyata alınmamış, X2 və Cavabdeh əvəzinə (nümayəndəsi) X11 tərəfindən notarial qaydada ərizə verilərək, yaşayış sahəsinin satılmasına heç bir etirazın olmaması və beh almasına dair ərizələr imzalanmışdır. xx xxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsaslanaraq (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər) qarşılıqlı idda tələbinin əsassız olması ilə yanaşı iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissələrində ləğv edilməsi, ilk iddia təmin edilən hissədə rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin edilməyən hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq ilk iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Deməli, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələr üzrə yoxlanılır. Hazırki iş üzrə, ilk iddianın təmin edilən hissəsinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddianın isə faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissələr üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, qarşılıqlı iddiaçının X10 etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən cavabdehin adından mübahisəli fərdi yaşayış evini satmaq istədiyinə dair ərizə yazaraq xx xxxxx 2018-ci il tarixdə beh müqaviləsi bağlaması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin fərdi yaşayış evinin satılmasını qarşılıqlı iddiaçının həqiqətən istəməsi və beh müqaviləsində göstərilən məbləği həqiqətən alıb-almaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Əlbəttə, qarşılıqlı iddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də fərdi yaşayış evinin satılmasında qarşılıqlı iddiaçının həqiqi iradə ifadəsi olsaydı, bunu, yəni fərdi yaşayış evinin satılmasına razı olmasını özü şəxsən də notariat orqanına ərizə verməklə ifadə edə və beh müqaviləsini də özü bağlaya və müqavilədə nəzərdə tutulan beh məbləğini özu ala bilərdi. Lakin beh müqaviləsinin bu qaydada bağlanmaması digər hallar kimi qarşılıqlı iddianın əsaslılığına dəlalət edən amillərdəndir. Çünki həqiqətən qarşılıqlı iddiaçının mübahisəli evi satmaq niyətinin olmaması təkzib olunmur. İkincisi, mübahisə predmeti olan fərdi yaşayış evinin qarşılıqlı iddiaçı ilə X2 birgə nikahı dövründə əldə edilməsi işin mübahisələndirilməyən hallarındandır. Düzdür, tərəflər arasında bağlanmış nikah beh müqaviləsi bağlanmazdan əvvəl pozulsa da, onların birgə nikah dövründə yaranmış borclarına görə həm mübahisə predmeti olan fərdi yaşayış evi, həm də Nəsrəddin Ocaqverdiyevin adına qeydə alınmış iki fərdi yaşayış evinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmişdir. Ona görə də Nəsrəddin Ocaqverdiyev ilə qarşılıqlı iddiaçı arasında nikah rəsmi qaydada pozulsa da, onların şəxsi və əmlak mübahisələri ilə bağlı münasibətləri davam etmişdir. Başqa sözlə, beh müqaviləsinin qarşılıqlı iddiaçının keçmiş əri Nəsrəddin Ocaqverdiyevlə ilk iddiaçının arasında yaranmış borc münasibətlərinin təminatı kimi əhəmiyyətsiz əqd kimi bağlanması barədə dəlilləri əsaslı edir. Üçüncüsü, tərəflər arasında bağlanmış beh müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Belə ki, ev almaq istəyən və buna görə 700000 manat beh verən şəxs şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idi. Çünki mülki dövriyyədə evi görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimliyini öyrənmədən və s. məsələləri araşdırmadan ona bu yüksək məbləğdə beh verilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o hansısa əşyanı özününkü etmək üçün, başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki insanın həyat tərzi də bunu tələb edir. Lakin İddiaçı bu istəklərin olmaması, yəni qeyd olunanları yoxlamadan həqiqətən ev almaq üçün beh müqaviləsi bağlaması ümumiyyətlə inandırıcı deyildir. Dördüncüsü, hazırkı iş üzrə qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə (Mülki Məcəllənin 340.2-ci maddəsi) uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir qarşılıqlı iddiaçının keçmiş əri ilə ilk iddiaçı arasında yaranmış həqiqi münasibətlərin xarakteri tərəflər arasında bağlanmış beh müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, ilk iddiaçı bilavasitə etiraf etməsə də, iş materiallarından, o cümlədən qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətlərinin məzmunundan, təqdim edilmiş sübutlardan aydın olur ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçının keçmiş əri Nəsrəddin Ocaqverdiyev arasında borc və biznes münasibətləri olmuş, məhz sonuncunun aldığı 500000 ABŞ dollarının təminatı olaraq da İddiaçı təkidi ilə Cavabdeh ilə aralarında əhəmiyyətsiz, yalan beh müqaviləsini rəsmiləşdirmişlər. Məhz 500000 ABŞ dollarının qaytarılmasının təminatı üçün Cavabdeh ilə İddiaçı arasında beh müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olunması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi beh və mübahisəli evin alınacağı ilə bağlı münasibətləri olmamışdırsa, yəni İddiaçı Cavabdeh beh müqaviləsinə görə hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz. Başa düşüləndir ki, ilk iddiaçı ilə qarşılıqlı iddiaçının əri olmuş Nəsrəddin Ocaqverdiyev arasında yaranmış borc münasibətlərinin etibarlı olması üçün bunun təminatlı, yaxud hansısa şərtlə olması labüd ola bilər. Lakin bütün bu hallar heç də hazırkı iş üzrə tərəfləri mübahisə predmeti olan beh müqaviləsi bağlamalarına əsas vermirdi. Çünki tərəflər və onların yaxın qohumları olmuş şəxslər aralarında yaranan həqiqi mülki münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa, yalan əqddən mübahisə aparmaq olmaz. Çünki yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi, tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd borc müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki qeyd olunan maddə mülki münasibətlərə tətbiq edilsə də, borc münasibətləri bilavasitə beh müqaviləsinin tərəfləri arasında yaranmamışdır. Eyni zamanda tərəflərin bağladığı bu yalan beh müqaviləsində borc müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından, bu qaydaların tətbiqi istisna edilir. Bundan başqa, hüququn bütün prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ilə ədalətin bərqərar olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırkı işdə tərəflər arasında olan beh müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də qarşılıqlı iddiaçının ilk iddiaçıdan beh müqaviləsində nəzərdə tutulan hansısa bir məbləği aldığı və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqaviləni etibarlı hesab edib ilk iddiaçının qarşılıqlı iddiaçıya qarşı bu beh müqaviləsi üzrə Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən behin iki mislinin ödənilməsinə dair iddiasını təmin etmək olmaz. Çünki bu cür məhkəmə aktı mülki dövriyyə iştirakçıları arasında haqlı narazılıq yaratmaqla məhkəmə hakimiyyətinin nüfuzuna da xələl gətirə bilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaçının beh müqaviləsinin etibarsızlığını tələb etsə də müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Çünki hazırkı iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış beh müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər.(Mülki Məcəllənin 354.1-ci maddəsi) Lakin Cavabdeh qarşılıqlı iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Ona görə də burada hər hansı müddətin keçməsindən söhbət gedə bilməz. Əks halda, belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz (puç) əqdin dönüb etibarlı əqdə çevrilməsinə səbəb olmalıdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Qarşılıqlı iddianın təmin edilməsi, avtomatik olaraq ilkin iddianın təmin olunmamasını labüd edir. Çünki qarşılıqlı iddia təmin edildiyindən, ilk iddianın əsaslılığı tam aradan qalxır. Ona görə də ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-844/2020 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissələrində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı behin qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası təmin edilən hissədə də rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında olan xx xxxxx 2018-ci il tarixli beh müqaviləsi etibarsız hesab edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumları İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar