Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-656/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1741/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdikləri yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı2 Papet oğlunun və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 2000-ci ilin əvvəllərində yaxından tanıdığı Biləsuvar rayon sakini X4 həmin rayonun Arazbarı kəndi ərazisində olan 60 hektar torpaq sahəsini qoyunçuluğun inkişafı üçün icarəyə götürdüyünü, amma imkan olmadığına görə torpağı münbitləşdirə bilmədiyini onlara danışmışdır. Z.Məmmədovla aralarındakı razılaşmaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində oğlu Ramillə birlikdə saxlamağa başlamışlar ki, gələcəkdə o torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaratmışlar. Bu məqsədlə 17 il ərzində o torpağa vicdanla qulluq edib münbitləşdirmişlər. Bundan ötəri 3500 3x3 metrdən artıq dirinal çəkilmiş 3 otaqlı yaşayış evi tikilmiş, çobanlar üçün 2 otaqdan ibarət yaşayış evi, sanitar qovşaqları, hamam, 3 ədəd hər biri 10 metr uzunluğunda hovuz, 1 ədəd 15 metr uzunluğunda tövlə tikilib istifadəyə verilmişdir. Yaşayış, qeyri-yaşayış, tikilmiş digər obyektlərə elektrik xətləri, transformator, su xətləri, aqro-texniki qurğular və sairə işlər görülmüşdür. Bu işlərin görülməsi üçün oğlu Ramil ilə birlikdə 150 min manata kimi pul xərcləmişlər. Hətta bu faktları Biləsuvar rayon Məhkəməsinin 2(0022)-44 (2022) nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində göstərildiyi kimi X4 özündə etiraf edərək 5 nəfər şahidlə xx.xx.2021-ci il tarixdə zaminin yazdığı aktı imzalayıb təsdiq etmişlər ki, göstərilən torpaq üzərində tikilmiş yaşayış və qeyri-yaşayış sahələri, obyektlər qurğular İddiaçı2 Papet oğlu, İddiaçı1 ilə birlikdə həyata keçirmişlər. O, tikililərin sahibləri də onlardır. Bununla yanaşı torpaq sahəsində apardıqları tikinti quraşdırma işlərin qiymətləndirilməsi üçün işə cəlb edilən ekspert belə bir rəy vermişdir ki, görülmüş işlərin nəticəsi 139943 manata qiymətləndirilir. Hazırda cavabdeh onun torpaq sahəsində olan tərəflərindən inşa edilmiş yaşayış, qeyriyaşayış sahələrinə, obyekt və qurğulara qoyduğu vəsaitin ödənilməsi barədə heç bir tədbir görmür və özbaşınalıq edərək yazdığı ərizəyə də cavab vermir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilən “İddiaçı2 Papet oğlu” və “İddiaçı2” sözlərinin “İddiaçı2 Papet oğlu” sözləri kimi yazılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1741/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4, X5, X6, X8, X3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, X7 ona məxsus olan Biləsuvar rayon Arazvari kənd ərazisində yerləşən 60 ha Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon Damazlıq təsərrüfatı müqavilə 2000-ci ildə torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini Abadlaşdırmaq və əkin üçün yararlı vəziyyətə salmaq üçün maddi imkanı yox idi. Məhkəmə mövcud vurulmuş zərərin ödənilməsi məsələsini həll edərkən formal mülahizələrdən çıxış edərək, zərər tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır. Həmçinin işə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində də göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və iddianın predmetini bu sahibkarlıq fəaliyyəti ilə əlaqəli vurulmuş zərərin ödənilməsi təşkil edir. Belə ki, iddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçının Z.Məmmədovla aralarındakı razılaşmaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları mübahisəli torpaq sahəsində oğlu Ramillə birlikdə saxlamağa başlamışlar ki, gələcəkdə o torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaratmışlar. Bu məqsədlə 17 il ərzində o torpağa vicdanla qulluq edib münbitləşdirmişlər. Hazırda isə iddiaçı təsərrüfat yaratmaq məqsədi ilə mübahisəli torpaq sahəsi üçün çəkdiyi xərci məhkəmədən tələb etmişdir. İş materiallarından görünür ki, İddiaçı1 (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğuldur. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəf hüquqi şəxs olmaqla məhdud məsuliyyətli cəmiyyətdir. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ilə hüquqi şəxslə arasında yaranmaqla, iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1741/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1741/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №2(103)-656/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-656/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver