Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6561/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(005)-1745/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 125678-CNS-5009 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu 1315,35 ABŞ dolları məbləğində əsas borc, 174 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 1489,35 ABŞ dolları məbləğində borcun, xx.xx.2014-cü il tarixli 125678-1-11227 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu 142,90 ABŞ dolları məbləğində əsas borc, 37,44 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 180,34 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 125678-CNS5009 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, bank ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 125678-1-11227 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 faiz hesablanması şərti ilə 24 ay müddətinə 500 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin borclu Cavabdeh xx xxx 2014-cü il tarixli 125678-CNS-5009 saylı “Nağd pul krediti müqaviləsi” üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1315,35 ABŞ dolları məbləğində əsas borc, 174 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 1489,35 ABŞ dolları məbləğində borcu və xx xxx 2014-cü il tarixli 125678-1-11227 saylı “Kredit xətti müqaviləsi” üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2016-cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 142,90 ABŞ dolları məbləğində əsas borc, 37,44 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 180,34 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1745/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, kredit müqavilələri üzrə öhdəliklər vaxtlı-vaxtında və müqavilə şərtlərinə əsasən onun tərəfindən ödənilmiş, lakin sonradan ABŞ dollarının manata nisbətən məzənnəsinin qalxması nəticəsində maliyyə vəziyyəti pisləşmiş və buna görə də kredit ödəməyi dayandırmışdır. Bundan başqa iddiaçı bank xx.xx.2020-ci il tarixə borcunun əsas kredit üzrə 815,00 ABŞ dolları olduğu halda hansı əsasla 1315,35 ABŞ dolları olmasını əsaslandırmamışdır. Buna görə də hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ölkə xaricində olduğuna görə məhkəmə iclasının 1 ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasın təxirə salınmasına zərurət görməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşmateriallarındaolan sənədlərdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 125678-CNS5009 saylı nağd pul krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5200 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 125678-1-11227 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 32% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 500 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini nağd pul krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən, “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2016cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka birinci müqavilə üzrə 1315,35 ABŞ dolları məbləğində əsas, 174 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1489,35 ABŞ dolları, digər müqavilə üzrə 142,90 ABŞ dolları məbləğində əsas, 37,44 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 180,34 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmaqdadır. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə İddiaçı ASC həmin kredit məbləğini cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, şikayətin məzmunundan da görünür ki, Cavabdeh ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi qalxdıqdan sonra 2015-ci ilin dekabr ayından başlayaraq kredit borcunu qaytarmadığını etiraf edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1745/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6561/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6561/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver