Məhkəmə qərarları › İş №2(103)-6561/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6561/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6561/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)- 845/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/564 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsindən görünür ki, İddiaçı abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin fevral ayına qazdan istifadəyə görə 600,5 (altı yüz manat əlli qəpik) manat məbləğində debitor borcu hesablanmışdır.

3. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin aprel ayına qazdan istifadəyə görə 905 (doqquz yüz beş) manat məbləğində debitor borcu hesablanmışdır.

4. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli abonentin saldosunun surətindən aydın olur ki, abonent Cavabdeh 2022-ci ilin iyun ayına qazdan istifadəyə görə 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində debitor borcu hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 600,5 (altı yüz manat əlli qəpik) manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 630,50 (altı yüz otuz manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-1/564 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2017-ci il tarixdə Elster G-25, RVG EK-220 tipli, 75160832 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixə istehlakçı Cavabdeh İddiaçı İB-yə borcu 600,50 manat təşkil etməkdədir. Borcun yaranma əsasları bu cür olmuşdur: 9/2018 tarixə borc məbləği – 2.60, 10/2019 – 02/2022 tarixləri üçün sərfiyyat borcu -13 046.34, limiti keçdiyi üçün hesablanmış məbləğ: 633.56 manat, ödəniş – 13082.00 (2.60+13046.34 +633.56) – 13082.00 = 600,50 manatdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı və müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, cavabdeh tərəfindən az miqdarda ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 905 (doqquz yüz beş) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 935 (doqquz yüz otuz beş) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ödənilməmiş 2018-ci illin sentyabr-dekabr ayları üzrə 1124,20 manat sərfiyyat borcu, 2019-cu ilin yanvar-dekabr ayları üzrə 3374,40 manat sərfiyyat borcu və limitdən əlavə 147,80 manat sərfiyyat borcu, 2020-ci illin yanvar-dekabr ayları üzrə 4339,20 manat sərfiyyat borcu və limitdən əlavə 132 manat sərfiyyat borcu, 2021-ci illin yanvar-dekabr ayları üzrə 3835,30 manat sərfiyyat borcu və limitdən əlavə 167,60 manat sərfiyyat borcu, 2022-ci illin yanvar-aprel ayları üzrə 2538,34 manat sərfiyyat borcu və limitdən əlavə 186,16 manat sərfiyyat borcu qalmışdır (1124,20 + 3374,40 + 147,80 + 4339,20 + 132 +3835,30 +167,60 +2538,34 +186,16 = 15845 manat). 2018-ci ilin sentyabr ayından 2022ci ilin aprel ayına qədər cavabdeh cəmi 14940 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 905 (doqquz yüz beş) manat təşkil etməkdədir.

9. Cavabdeh iddia tələbinə etirazında göstərilmişdir ki, iddiaçı iddia ərizəsinin məzmununda 9/2018-ci il tarixinə qalıq borcunun 2,60 manat, 10/20xx-xx/2022-ci il tarixləri üçün sərfıyyat borcunun 13046,34 manat, ödəniş məbləğinin isə 13082,00 olduğunu göstərmişdir. Eyni zamanda iddiaçı heç bir hüquqi əsas olmadan iddia ərizəsində göstərmişdir ki, limiti keçdiyi üçün hesablanmış məbləğ 633,56 manat təşkil edir. İddiaçı hazırkı iddia ilə iddia etdiyi 600,50 manat borcu 9/2018-ci il tarixə olan 2,60 manat məbləğində borcun üstünə 10/20xx-xx/2022-ci il tarixləri üçün sərfiyyat borcu kimi göstərdiyi 13046,34 manatı, eləcə də limiti keçdiyi üçün hesablanmış məbləği, yəni 633,56 manatı toplamaqla, bunların toplanmasından yaranmış məbləğdən, yəni 13682,5 manatdan ödənilmiş məbləği yəni 13082,00 manatı çıxmaqla müəyyən etmişdir. Hesab edir ki, bu cür toplama və çıxma nəticəsində İddiaçı İB-yə 600,50 manat məbləğində borcunun olmasının müəyyənləşdirilməsi məntiqsiz və əsassızdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)- 845/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh debitor borcu olaraq 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat məbləğində pulun və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 5.2, 5.5, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.2, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmamışdır. “E-manat” sistemi vasitəsi ilə aparılmış ödəniş sənədindən göünür ki, tərəfindən qazdan istifadəyə görə yaranmış borclarımdan xx.xx.2022-ci il tarixində 305 manat, xx.xx.2022-ci ildə 88 manat, xx.xx.2022-ci il tarixində isə 77 manat məbləğində pulun ödənilməsi təmin edilməmişdir. İddiaçı təşkilat ona əsassız olaraq hesabladığı 600 manat məbləğində debitor borcunu etiraf etməsi görüntüsü yaradaraq, onun xəbəri və məlumatı olmadan onun əvəzindən “Expresspay” ödəniş sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində 100 manat, xx.xx.2022-ci ildə isə müxtəlif saatlarda hər dəfə 100 manat olmaqla, həmin gün ümumilikdə 200 manat məbləğində İddiaçı İB-yə ödəniş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini 500,25 manat məbləğində qismən təmin edərkən yalnız iddiaçı təşkilatın tərtib və təqdim etdiyi “abonentin saldosu” adlanan sənədə istinad etməklə də səhvə yol vermişdir. Ona istifadə etmədiyi qaz sərfyyatına görə sayğacın elektron göstəricisinə əsasən əlavə 600 manat məbləğin hesablanması və bu məbləğin debitor borcu kimi sözügedən saldonun göstəricilərinə daxil edilməsi qanunsuz olmaqla yanaşı bunun heç bir faktiki və hüquqi əsası da olmamışdır. Sayğacın elektron və mexaniki göstəriciləri biri-birindən fərqli anlayışdır. Elektron göstərici sayğacdan keçən qazın həm istilik dərəcisini, həm də təzyiq göstəricilərini nəzərə almaqla hesablayır. Qeyd edilməlidir ki, bəzi hallarda sayğacın elektron göstəricisi onun mexaniki göstəricisindən 50 faiz, bəzən də iki dəfə artıq ola bilər. Sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması sayğacın nasazlığından irəli gələ bilər. Sayğac nasaz olduqda, qazpaylayıcı onu çıxarmalı və sayğac bərpa edilənədək sərfiyyatı əvvəlki ayın sərfiyyatını nəzərə almaqla hesablamalıdır. Sərfiyyatın yalnız elektron göstəriciyə istinadən müəyyən edilməsi qanunsuzdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, abonentin sayğacının tipi Elster G-25 RVG EK-220 modelidir. Bu model barədə çox qısa yazaraq bildirirlər ki, bu tip sayğaclar elektron korrektorlu qaz sayğaclarıdır və qazın həcminin hesabatı belə tip sayğaclarda elektron tablonun göstəricisinə əsasən aparılır. Göründüyü kimi, abonent özünün istifadəsində olan sayğacın hansı tip sayğac olduğunu bilə-bilə məhz birinci instansiya məhkəməsi zamanı yox, apellyasiya şikayətində sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisinin arasında olan fərqin olmasını mübahisələndirmək istəmişdir. Apellyasiya şikayətində təhrif olunmuş məlumatlar, uydurma fərziyyələr qeyd etməklə məhkəmə kollegiyasında yalnış fikir formalaşdıraraq, düzgün qəbul edilmiş qətnamənin ləğv edilməsinə nail olmaqdır. Bu hal isə yolverilməzdir. Qaz paylayıcısı sayğacın elektron korrektorlu qaz sayğacı olduğunu nəzərə alaraq isteklakçıya qazın dəyərini qaz sayğacının göstəricisinə əsasən təqdim etmişdir. Lakin istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüş abonent buna əməl etməmiş, hətta bilə-bilə uydurma mülahizələr gətirərək hal-hazırda məhkəmədə çaşqınlıq yaratmaq istəyi ilə onu səhv nəticəyə gəlməsinə çalışır. Bu hal isə yolverilməzdir. Çünki qaz paylayıcı istehlakçıya işlətdiyi qazın dəyəri sayğacın göstəricisinə uyğun təqdim etmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

19. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/564 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.2.1-ci bəndinə əsasən Paylayıcı istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, kollegiya qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, ünvan 1 ünvanına dair dair abonentin saldosuna əsasən müəyyən olunur ki, abonent Cavabdeh 2022-ci ilin iyun ayı üçün faktiki istehlak olunmuş qaz sərfiyyatına görə 500,25 (beş yüz manat iyirmi beş qəpik) manat debitor borcu ödənilməmiş qalmışdır.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)-845/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar