Məhkəmə qərarları › İş №2(103)-6562/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6562/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6562/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/3580 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1049,40 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3291,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; cəmi 7516,44 (yeddi min beş yüz on altı manat 44 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur.

3. Abonent saldosundan görünür ki, **********00000 abonentin 2024-cü ilin mart ayının sonu üçün 19934.07 manat məbləğində borc olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7516,44 manat məbləğində zərərin, debitor borc üzrə 2758,25 manat və 120,82 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 10395,51 manat pulun cavabdehdən məcburi qaydada tutulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/3580 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1049,40 manat; xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 3291,84 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 367,20 manat; cəmi 7516,44 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş ödənilməmiş 2020-ci ilin fevral-dekabr ayları üzrə 1232 manat sərfiyyat borcu və limitdən əlavə 141,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-aprel və oktyabr-noyabr ayları üzrə 85,58 manat sərfiyyat borcu, 2022-ci ilin may/avqust-oktyabr və dekabr ayları üzrə 72,72 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-mart və sentyabr-dekabr ayları üzrə 860,85 manat sərfiyyat borcu və limitdən əlavə 103,90 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-fevral ayları üzrə 226,80 manat sərfiyyat borcu və limitdən əlavə 55,20 manat sərfiyyat borcu, cəmi 2778,25 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin fevral ayından 2024-cü ilin mart ayına qədər cavabdeh 20 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2758,25 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO üzrə ümumi 10 274,69 manat təşkil etməkdədir. Həmçinin cavabdehin 2020-ci ilin yanvar ayınadək 3892,90 manat vəsaitin tutulması barədə xx.xx.2022-ci il tarixli, 2(103)- 3990/2022 saylı və 1169,10 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(103)- 7881/2021 saylı Birliyin xeyrinə qətnamələr çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,Cavabdeh 172.80 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasında yazılmış borc, 2758.25 manat debitor borcu və 49.31 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk öncə iddia tələbinin xx.xx.2022ci il tarixli ******* nömrəli akta əsasında yazılmış cərimənin tutulması hissəsinə münasibət bildirərək ki, Cavabdeh Hüseyağa oğlunun sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 8640 kubmetr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 4x12x30=1440 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasında yazılmış cəriməninin 172.8 manat olan hissəsinə əsaslı hesab edir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023- cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə tutula bilməz. Bundan sonra məhkəmə iddia tələbinin 2758,25 manat məbləğində debitor borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan cavabdehin 2020-ci ilin sonu üçün 1232 manat sərfiyyat borcu, 141.20 manat həmin ilin sonu üçün limtdən artıq istifadə edilmiş borc, 2021-ci ilin sonu üçün 85.85 manat sərfiyyat borcu, 2022-ci ilin sonu üçün 72.72 manat sərfiyyat borcu, 2023-cü ilin sonu üçün 860.85 manat sərfiyyat borcu və həmin ilin sonu üçün 103.90 manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borc, 2024-cü ilin fevral ayının sonu üçün 226.80 manat sərfiyyat borcu və həmin tarixə 55.20 manat yeni tarif keçidi ilə əlaqədar borcunun yarandığı müəyyən edilir. (1232+141.20+85.85+72.72+860.85+103.90+226.80+55.20=2778.25 manat) Eyni zamanda saldodan müəyyən edilir ki, cavabdeh tərəfindən 2020-ci ilin iyul ayında 20 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 172.80 manat akt üzrə borc, 2758.25 manat debitor borc və 49.31 manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu 6.2, 13-cü maddəsinin 8-1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107,119.1, 216-220,360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni İddiaçı İB-nin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələblərinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin faktla bağlı tərtib edilmiş akt üzrə Paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə Paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirik ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixli dəyişikliyədək olan versiya).

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin halları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh məxsus qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilmiş və İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı, habelə xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır.

22. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, aktlara əsasən hesablanmış 7516,44 manat məbləğində zərərin, debitor borc üzrə 2758,25 manat pulun tutulmasını xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında yazılmış borcdan 172.80 manat və 2758.25 manat debitor borcunun tutulması hissəsində təmin edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1049,40 manat borc hesablanmışdır.

26. İşə baxan məhkəmə hesab etmişdir ki, qeyd olunan aktda itirilmiş qazın həcminın 8640 kubmetr olduğu müəyyən olunsa da, sərfiyyat şişirdilmişdir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 4x12x30=1440 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasında yazılmış cəriməninin 172.8 manat olan hissəsini əsaslı hesab etmişdir.

27. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun 172.8 manat hissəsinin əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il mayın 1dən qüvvəyə minmiş) 8-1 nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .

30. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3646/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar