Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6564/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E280 Minik” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələbini, üfüqi nişanlama xəttinin tələbini pozduğuna görə barəsində nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Araşdırma zamanı İddiaçı yol hərəkəti qaydasını pozmasına dair hər hansı bir videogörüntünün əldə olunmaması və eləcə də bu xətaya yol verməsinin şahidi olmaması səbəbindən bu hal qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(007)-2225/2021 saylı qərarı ilə təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş 07.08,202l-ci il tarixli İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzündən vurulmuş ziyanın - 1 il ərzində dövlət orqanlarına və məhkəməyə gedibgəlmək üçün çəkdiyi 1300 manat xərcin, rabitədən (poçt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 400 manat xərcin, sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 18000 manat ziyanın və 12000 manat fiziki mənəvi ziyanın, cəmi 31700 (otuz bir min yeddi yüz) manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 15:39-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə ona məxsus “Mercedes Benz E280 Minik” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkət edərək “Xan sarayı” şadlıq sarayının həyətinə giriş qapısının qarşısından sola dönərkən Bakı şəhəri BPİ DYPİ-nin YPX əməkdaşları ona “saxla” işarəsi vermiş və o, avtomobilini saxlamışdır. YPX inspektoru tərəfindən ona Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Bakı şəhər BPİ DYPİ-nin inzibati qaydada 60 manat cərimə olunmuş, barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət vermiş, BPİ DYPİ-nin qəbul etdiyi qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılmış, yenidən 60 manat cərimə olunmuşdur. Bu qərardan da şikayət vermiş, qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılmış, üçüncü dəfə 60 manat məbləğində İnzibati qaydada cərimə olunmuş, təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Qanunsuz inzibati xəta haqqında protokola görə bir il ərzində 38 dəfə Bakı şəhəri BPİ-nin DYPİ-nə və DİN-in BDYPİ-nə, 25 dəfə Suraxanı Rayon Məhkəməsinə, Nizami Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə gedib-gəlmiş, bir il müddət ərzində çoxlu sayda telefon danışığına, poçt xidmətlərinə vəsait sərf etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1930/23 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia qismən təmin edilərək, maddi ziyana görə 250 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı rabitədən istifadəyə çəkdiyi xərci 400 manat qiymətləndirsə də, bununla bağlı müvafiq sübutları tam təqdim edə bilməmiş, rabitəyə 6,42 manat məbləğində xərc çəkdiyini sübuta yetirə bilmişdir. Lakin məhkəmə mübahisənin xarakterini, inzibati xəta üzrə icraat və məhkəmə icraatının prosessual qaydalarını nəzərə alaraq rabitə xərcləri (poçt, teleqram və mobil rabitə) hissəsində iddianın 50 manat həcmində təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iddianın digər hissəsi olan iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 1.300 manat məbləğində pulun tutulması hissəsində isə belə qənaətə gəlmişdir ki, təqribi göstəricilər hazırkı reallığa uyğun olmadığıdan həmin məbləğ çox olmaqla real qiymətləndirilmir. Odur ki, iddianın bu hissədə tələb olunan məbləğdə deyil, 200 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 6, 7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər.
8. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirmiş və qətnamə ləğv olunmaqla iddiasının tam təmin olunmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırmışdır.
10. Cavabdeh qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddiaçının rabitə ilə bağlı yalnız 6,42 manat məbləğində xərc çəkdiyini sübut etdiyi göstərilsə də, məhkəmə rabitə ilə bağlı xərcləri 50 manat müəyyən etmişdir. Bundan başqa iddiaçı hər hansı sübut təqdim etmədiyi halda, məhkəmə onun yol xərcini öz mülahizəsi əsasında 200 manat müəyyən etmişdir. Göründüyü kimi, maddi zərərin hesablanması zamanı, məhkəmə sübutlara deyil, absurd mülahizələrə əsaslanmışdır. Bununla bağlı olaraq, iddia tələbi dövlət b ü d c ə s i n ə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı barəsində hər hansı cinayət işi başlanılmamış, həbs qətimkan tədbiri seçilməmiş, yalnız inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı bildiririk ki, inzibati xəta işləri ilə bağlı analoji məhkəmə proseslərində mənəvi ziyanla bağlı iddia tələbləri rədd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
17. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
18. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.
19. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi (və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
20. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnaməni iddianın təmin olunmayan, cavabdeh isə iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissələrdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
25. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
27. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
28. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
29. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
31. İşin hallarından görünür ki, polis əməkdaşı tərəfindən əsassız olaraq qəbul edilmiş inzibati xəta haqqında qanunsuz qərar nəticəsində iddiaçı 1 il müddət ərzində həmin qərarla pozulmuş hüquq və qanuni mənafelərinin bərpası məqsədi ilə dövlət orqanlarına çoxsaylı müraciətlər etmişdir. Beləliklə, təhqiqat orqanının əməkdaşının səhvi ucbatından iddiaçının mənəvi zərərə məruz qalması mübahisəsizdir.
32. Məhkəmə kollegiyası işin sadalanan hallarını, iddiaçının hadisədən sonrakı dövr ərzində məruz qaldığı məhrumiyyətləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə qət olunmuş məbləğdə pulun tutulması ağlabatan və ədalətlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.