Məhkəmə qərarları › İş №2(103)-6566/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6566/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6566/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi 08 iyul 2022-ci il tarixdə Cavabdeh2 eləcə də onun vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 08 avqust 2022-ci il tarixi hesab edilir. Lakin onun apellyasiya şikayəti 12 avqust 2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Bununla belə apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh birinci instansiya məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, birinci instansiya məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2022/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar