Məhkəmə qərarları › İş №2(103)-6569/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6569/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6569/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Həmdiyyə Əfəndizadənin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasına baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 2.820,79 manat, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu kimi 538,61 manat, cərimə borcu kimi 978,39 manat, müqavilə müddəti bitdiyi tarixdən 20.07.2020-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış faiz borcu kimi 420,03 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 2.820,79 manat pul cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Həmdiyyə Əfəndizdə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin bir hissəsi – iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu kimi 538,61 manat, cərimə borcu kimi 100 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, ləğv edilən hissədə qalan tələb rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tərəflərin arasında 23.07.2014-cü il tarixli, 019 nömrəli kredit müqaviləsi bağlanıb, iddiaçı cavabdehə 5.700 manat məbləğində kredit verib, kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 18 faiz müəyyən edilib. 1-ci instansiya məhkəməsi iddianın rədd edilən hissəsində mövqeyini onunla əsaslandırıb ki, həmin məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür. Lakin bu hal iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllə və Fərman bir-birini təkzib etmir. Qətnamə mübahisəli hüquq münasibətində (kredit münasibətində) tərəflərin hüquq və vəzifələrini Mülki Məcəlləyə əsasən müəyyənləşdirən aktdır. Qətnamənin mövcudluğu Fərmanın tətbiqinə mane olmur. Əgər Fərmanın tətbiqi üçün əsas varsa Fərman qeyd-şərtsiz tətbiq olunmalıdır, baxmayaraq ki, kredit müqaviləsi üzrə borcun (əsas, faiz və dəbbə borcunun) tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Bu halda Fərmanın icrasını təmin etməli olan şəxlər (o cümlədən bank) müvafiq prosessual qaydalardan istifadə etməlidir: icra sənədinin məhkəmə qaytarılması barədə ərizə vermə, icra sənədi üzrə icraatda tələbdən imtina, tələbdən qismən imtina və s. Bank müqavilə müddətinin bitmə tarixinə qədər hesablanmış faiz borcu kimi 538,61 manat tələb edir. Mühasibat ekspertizasının rəyinə görə müqavilə müddətinin bitmə tarixinə, yəni 23.07.2017-ci il tarixinə faiz borcunun məbləği 786,10 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 385, 425 və 741-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, faiz borcunun tutulması barədə tələb iddia həddində təmin edilməli, faiz borcu kimi 538,61 manat tutulmalıdır. Kredit öhdəliyinin pozulması baş verib. Bank buna görə 978,39 manat cərimənin tutulmasını tələb edir. Tələb əsaslıdır, lakin cərimənin məbləği tənasübsüz surətdə yüksəkdir. Məhkəmə Mülki Məcələnin 462 və 467-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, tələb qismən təmin olunmalı, cərimə kimi 100 manat tutulmalıdır. Kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcu kimi 420,03 manat tutulması barədə tələb əsassızdır. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə ” ifadəsi ilə başlayır. Gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış cərimə kimi 978,39 manat tələb edib. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da, o, iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən hesablanmış dəbbə pulunu tələb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi qismən – iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Müqavilə müddətinə görə hesablanmış faiz borcu kimi 538,61 manat, cərimə kimi 100 manat, əsas borcla birlikdə cəmi 3.459,4 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. Ləğv edilən hissədə qalan tələb təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar