Məhkəmə qərarları › İş №2(103)-6570/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6570/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6570/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: "ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli İpoteka Müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, cv 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi barədə qətmanə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3157/2023 nömrəli qərardadı ilə (hakim Ə.E.Heydərova) vəsatət təmin olunmuş, mülki işin Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "X8 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, İddiaçı və X3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2-2(115)-1626/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizəsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı "X7 Azərbaycan" QSC iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkməyə ərizələr vermişdir. Sonuncu ərizəyə əsasən iddiaçı "X7 Azərbaycan" QSC cavabdehlər "xxxx" MMC-dən, "Polad” MMC-dən, X1 və İddiaçı müştərək qaydada 1.951.000.00 ABŞ dolları əsas kredit borcunun, 62.128.71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 79.514.50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 2.092.643.21 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2022- ci il tarixinə olan məzənnə (kurs 1.7000 AZN) ila 3.557.493.46 AZN manat məbləğində kredit borcunun, 2.118 AZN manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, 400 AZN manat mediasiya haqqının və 2.558,20 AZN dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ila "xxxx" MMC-ya məxsus olan Gəncə şəhəri., Nizami rayonu. Gənca- Şəmkir avtomobil yolunun sağ tərəfi Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m.. 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahasi 161.32 kv.m. yardimçı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin İddiaçı məxsus olan əmlaka görə isə 1,187,500.00 AZN olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasını təmin, hərracda mənzil və 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksi “X7 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı ilkin iddia üzrə cavabdeh İddiaçı öz mülkiyyət hüquqlarının qorunması məqsədilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34-də yerləşən 17 saylı mənzil üzərində olan ipoteka yüklülüyünə xitam verilməsini xahiş etmişdir. X4 Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan verilən şikayətə Gəncə Apellyasiya Məhkəməsi baxmış və birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Bu səbəbdən tərəflərindən eyni xarakterli iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 saylı qərardadı ilə həmin məhkəmənin icraatında olan 2(006)-3157/2023 saylı mülki işin Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1626/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə öz qərardadını MPM-nin 43 və 44-cü maddələri ilə əsaslandırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, həm iddiaçı, həm də cavabdehin faktiki ünvanları Bakı şəhərində yerləşir və mülki prosessual qanunvericiliyin bir sıra prinsiplərinə riayət olunması üçün bu işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bundan əlavə, həm Gəncə Kommersiya Məhkəməsi, həm də Gəncə Apellyasiya Məhkəməsi iki işin bir icraatda baxılmasına dair mövqeyini bildirmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 nömrəli qərardadı ləğv edilməli və iş, mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

12. Belə ki, birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olması, hazırkı iş üzrə cavabdehin nümayəndəsinin işlərə birgə baxılmasına dair vəsatəti, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurəti nəzərə alınaraq hər iki işin bir icraatda baxılması məqsədəmüvafiqdir. Məhkəmə qeyd etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1626/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-3157/2023 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 43-cü maddəsi (Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti) ərazi aidiyyəti ilə bağlı məsələləri tənzimləyən 4-cü Fəsildə yer almışdır.

14. Bu isə o deməkdir ki, məhkəmə yalnız bir-biri ilə əlaqəli olan bir mülki işi digər mülki işlə (və ya bir kommersiya işini digər kommersiya işi ilə) bir icraatda birləşdirilərək baxılması üçün başqa məhkəməyə göndərə bilər. Bir mülki işin kommersiya işinə birləşdirilməsi həm qeyd olunan maddənin tələblərinə ziddir, həm də məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnəcəkdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3157/2023 nömrəli qərardadı ləğv edilsin və iş, mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar