Məhkəmə qərarları › İş №2(103)-6574/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6574/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6574/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(008)- 2762/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04536xx/xx- 2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində debitor və aktlar üzrə hesablanmış borc mövcuddur. Hazırda iddiaçı bildirir ki, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5535,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1474,63 manat pulun və 90,10 ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7099,93 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04536xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın “Alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, həmçinin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 723,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 640,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat, cəmi 5727,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 723,60 manat zərərdən 192 manat məbləğində ödəniş etmişdir. Belə ki, cavabdehin 5535,20 (beş min beş yüz otuz beş manat 20 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 46,70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 871,85 manat sərfiyyat borcu və limitdən əlavə 31,50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-avqust ayları üzrə 480,95 manat sərfiyyat borcu və limitdən əlavə 31,55 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin 19,68 manat sərfiyyat borcu, cəmi 1482,23 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına qədər cavabdeh 7,60 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1474,63 (bir min dörd yüz yetmiş dörd manat 63 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 7009,83 (yeddi min doqquz manat, 83 qəpik) manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(008)- 2762/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1435.75 (min dörd yüz otuz beş manat, yetmiş beş qəpik) manat debitor borcun və 34.55 (otuz dörd manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması və tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 216 manat abonentə hesablanmış borcun tutulması hissəsində hesab etmişdir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan deşiklə əlaqədar hesablanmış cərimə hissəsinə də münasibət bildirərək göstərmişdir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissəsədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2017-ci il tarixli ******* saylı aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almışdır. Həmçinin işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkündür. Belə olan halda məhkəmə iddia tələbinin tərtib edilmiş aktlara əsasən hesablanmış cərimənin tutulması hissəsində yalnız cavabdehin etiraf etmiş olduğu xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə əsaslı hesab etsə də, sözügedən aktda cavabdehə hesablanmış cərimənin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün hesablanmalıdır. (4x12x30=1440) 1440 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat edir. Bunları nəzərə alaraq məhkəmə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 172.80 manat həcmində təmin etmişdir. Bundan başqa məhkəmə iddia tələbinin 1474.63 manat sərfiyyat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehə məxsus saldodan görünür ki, cavabdehin 2020-ci ilin sonu üçün 46.70 manat sərfiyyat borcu, 2021-ci ilin sonu üçün 871.85 manat sərfiyyat borcu, 31.50 manat isə həmin ilin sonu üçün yaranmış yeni tarif keçidi ilə əlaqədar olan borc, 2022-ci ilin sonu üçün 480.95 manat sərfiyyat borcu 31.55 manat isə həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar yaranmış borcdur (46.70+871.85+31.50+480.95+31.55=1462.55 manat) manat sərfiyyat borcu mövcuddur. Qeyd edilən borcdan isə cəmi 2020-ci ildə 5.80 manat və 2023-cü ilin fevral ayında isə 1.80 manat ödənilmişdir. 1462.55-5.80-1.80=1454.95. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin 1454.95 manat debitor borcun və 172.8 manat isə akt üzrə borc cəmi 1627.75 manat borcu mövcud olmuş olsa da, məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbinin məzmunundan da görünür ki, cavabdeh tərəfindən əsassız yazılmış aktlara görə 192 manat məbləğində ödəniş olmuşdur. Belə olan halda əsassız aktlara əsasən ödənmiş 192 manat məbləğində pul vəsaiti ümumi borc məbləğindən çıxılmalı yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəniki qeyri-qanuni şəkildə təbii qazı talaması, həmçinin sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii X4nın pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyri-qanuni xətt ləğv edilmişdir. Lakin sonradan istehlakçı yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bu hal bir neçə dəfə də əməkdaşlar tərəfindən aşkar edilərək “təbii X4nın pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. Daha sonra həmin aktlar əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Bundan əlavə cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı İB-yə ərizə ilə müraciət edərək həmin tarixə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2844,75 manat dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsində qeyd olunan ərizəyə heç bir münasibət bildirməmiş, əksinə qeyd etmişdir ki, cavabdeh məhkəmə prosesində bildirmişdir ki, guya onun dəymiş ziyanla bağlı tərtib olunmuş aktlardan heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə qismən – iddia tələbinin təmin olunmayan hissəsi mübahisələndirilmiş, iddia tələbinin təmin olunan hissəsində isə qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilərək, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh barəsində xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2017-ci il tarixli ******* nömrəli aktlar barədə qeyd edir ki, aktlardan görünür ki, cavabdehə məxsus qaz sayğacına müdaxilə edilməsi müəyyən olunmuş, aktlar yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmışdır. Belə olan halda birtərəfli qaydada tərtib edilmiş aktlar təklikdə cavabdehin vurulmuş zərərə görə mülki məsuliyyətinin yaranmasını şərtləndirən halların mövcudluğunu təsdiq edə bilməz. Həmçinin o da nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də iddia tələbi xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2017-ci il tarixli ******* nömrəli aktlar üzrə yaranmış borca aid hissədə təmin edilməməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissələrdə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* saylı aktla bağlı debitor borcun məbləği hissəsində cavabdehin etirafını nəzərə alsa da, sözügedən akta münasibətdə hesablanmış cərimənin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin (sonuncu aktın tərtib edildiyi tarixə) fevral ayına qədər ümumilikdə 8 ay ərzində cavabdeh tərəfindən sayğac göstərcisi sıfır olduğu üçün ödəniş aparılmamışdır. Halbuki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında həmin ünvanda anasının yaşamasını, evinə qeyri-qanuni xəttin çəkilməsindən məlumatı olmamasını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən orta günlük iş rejimi 24 saat hesabat müddətini isə 360 gün hesablaması inandırıcı və ağılabatan deyildir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentdə cihazlarda 4 gözlü qaz plitəsi, RQ-4, dəmir peçi (0/1) dəmir peçi yay-qış (0/2) mövcuddur. Nəzərə alınmalıdır ki, dəmir peçləri qış mövsümündə istifadə olunur. Yay aylarında 4 gözlü qaz plitəsinin istifadə edilir. Məhkəmə kollegiyası müəyyən edilmiş orta günlük iş rejimi, eləcə də, hesabat müddəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir və qeyd edir ki, iddiaçı tərəfindən ödəniş edilməmiş aylara əsasən yay aylarına düşdüyündən orta günlük iş rejimi həmin aylar üçün 8 saat, qış ayları üçün isə 10 saat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iyun-oktyabr ayları üçün hesabat dövrü isə 8 saatlıq orta günlük iş rejiminə münasibətdə 150 günə 172,80 manat (1,2m3*8 saat*150 gün=1440 m3*0,12) , noyabr-yanvar ayları üçün hesabat dövrü 10 saatlıq orta günlük rejiminə münasibətdə isə 90 günə 432 manat (4m3*10 saat*90 gün=3600m3*0,12) olmaqla, cəmi məbləğ 604,80 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 1440 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablanması qənaətini iddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilənlərlə əsaslandırır. Akta əsasən 34560 kub 0,12 qəpik hesabın nisbəti ilə hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddianın təmin olunmayan hissəsində qismən, yəni, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt istisna olmaqla digər mübahisələndirilən hissələrdə əsaslı olmuşdur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclas protokolunda əksini tapmış izahatına diqqət yetirməmişdir. Belə ki, protokoldan görünür ki, cavabdeh izahatında iddia tələbinin qismən təmin edilməsini, yalnız 2023-cü ildə tərtib edilmiş akt üzrə maddi zərərin tutulmasını xahiş etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin mövqeyi fərqli formada göstərilmiş və qeyd edilmişdir ki, o, iddia tələbini qismən qəbul edərək debitor borcunun ödənilməsinə etiraz etmədiyini, lakin 2017-ci il tarixində olan borcdan məlumatı olmadığını, 2023-cü il tarixdə tərtib edilmiş akt zamanı qoşulma olmasına baxmayaraq, məbləğin şişirdilmiş olduğunu bildirərək iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, həmin hissədə də iddia tələbi qismən təmin edilməklə Cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmiş 604,80 manat borc, İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(008)- 2762/2023 nömrəli qətnaməsi - iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 604,80 manat borc İddiaçı İB-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar