Məhkəmə qərarları › İş №2(103)-6574/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6574/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6574/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin X1 Ümumi Şərtlərini qəbul edərək, Bankın ofertasını qəbul etdiyinə dair ərizə vermiş və tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kreditin məbləği 17000 manat, kreditin müddəti 36 ay, kreditin faiz dərəcəsi 17 faiz, ödənişin tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Kredit məbləği borcalanın cari hesabına köçürülmüşdür.

2. xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına görə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 13205.06 manat, faiz üzrə borcu 672.76 manat, cərimə üzrə borcu 358.43 manat, gecikdirilən günlərin sayı 114-dür. Borcluya ünvanlanan xx.xx.2023cü il tarixli xəbərdarlıqda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş borcunu ödəməyi, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, əsas borca görə 13205.06, faiz borcuna görə 634.7 manat, cərimə borcuna görə 339.94 manatın alınması üçün məhkəməyə müraciət ediləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13205.06 manat məbləğində kredit bоrcu, 672.76 manat məbləğində faiz bоrcu və 358.43 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14236,25 manat məbləğində bоrcun və ödənilmiş 132.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 012A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3794.94 manat ödəniş etmiş və оnun iddiaçıya 13205.06 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 117 gün üçün hesablanmış faiz borcu 672.76 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 117 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 358.43 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat olmaqla, ümumilikdə 10613.06 (on min altı yüz on üç manat, altı qəpik) manat məbləğində pul vəsaitinin və 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

6. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat olmaqla, ümumilikdə 10613.06 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 99 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 448, 462, 467, 739-cu və s. maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli, obyektiv araşdırılmaması və iş üzrə toplanmış sübutların düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

-385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; -743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını da həmin hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

15. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, kreditor xx.xx.2022-ci il tarixdə borcalana illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 17000 manat məbləğində kredit vermişdir. Hazırda kredit müqaviləsi üzrə qalıq borcu vardır və kreditorun tələbini istisna edən hal yoxdur. Birinci instansiya məhkəməsi bunu nəzərə alaraq kreditorun tələbini qismən təmin etmiş və bu zaman iddianın rədd olunan hissəsi ilə bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır.

16. Tərəflər arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (fors major), yəni konkret konkret şərtlərində fövqəladə və aradan qaldırıla bilməyən hallarda) epidemiya, epizotiya, sel, zəlzələ, yanğın, daşqın və digər təbii fəlakətlər, elan olunmuş və ya faktiki müharibə, mühasirə, fövqəladə hallar, kütləvi iğtişaşlar, tətil, habelə hökümətin və ya yerli özünüidarəetmə orqanlarının müqavilə üzrə öhdəliklərinin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qərarları və sair bu kimi hadisələr) baş verdiyi təqdirdə Tərəflər üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Belə hallar baş verdikdə Tərəflər öhdəliklərinin icrası fors-major halların təsir göstərdiyi müddətin sonunadək təxirə salınır. Müqavilə üzrə öhdəliklərini fors-major hallar səbəbindən yerinə yetirə bilməyən Tərəf digər tərəfi forsmajor halların başlanması, ehtimal edilən qüvvədə olma müddəti və bitməsi haqqında dərhal yazılı surətdə xəbərdar etməlidir. Tərəflər heç biri müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraitinin yaranması və Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə yazılı bildirişi fors-major halların mövcudluğunu təsdiqləyən müvafiq dövlət orqanının sənədi ilə birlikdə göndərsin. Müvafiq bildirişi göndərməyən tərəf fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major hallar və ya onların nəticələrinin təsiri 30 təqvim günündən artıq davam etdiyi təqdirdə, Tərəflərdən hər biri, müqavilə üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması şərti ilə müqaviləni ləğv edə bilər.

17. Həmin müqavilənin 11.4-cü bəndində qeyd edilmişdir ki, tərəflər onlardan asılı olmayan səbəbdən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyə görə və ya lazımi qaydada yerinə yetirməməyə görə məsuliyyət daşımırlar.

18. Həmin müqavilənin 13.4-cü bəndinin tələbinə görə müqavilənin ləğv edilməsi tərəfləri həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir.

19. İşin halları ilə müəyyən edildiyi kimi Cavabdeh hərbi xidmətdə olduğu zaman ərazi bütövlüyünün qorunması (lokal antiterror əməliyyatları) uğrunda gedən döyüşlərdə ağır xəsarət almış və ayağı amputasiya olunmuşdur. Həmin dövrdən o, mütəmadi olaraq stasionar müalicədə olmuş və hazırda da sağlamlığı tam bərpa edilməmişdir. Bu barədə kreditora xx.xx.2022-ci il tarixdə yazılı bildiriş verilmişdir.

20. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, borcalan kredit məbləği üzrə hər ay faizləri ödəyəcəyi barədə götürdüyü öhdəliyi özündən asılı olmayan səbəbə görə icra etməmişdir. Bu səbəbdən də kreditorun müqavilədən imtina etdiyi xx.xx.2023-cü il tarixədək borcalana faiz hesablanılması əsassızdır.

21. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, borcalan xx.xx.2022-ci tarixdə kredit ödənişini vaxtında icra etmiş və həmin vaxta kredit ödənişi üzrə gecikməsi olmamışdır. xx.xx.2022-ci il tarixdə edilməli olan növbəti ödəniş vaxtınadək isə artıq döyüşlərdə yaralanmış və yuxarıda qeyd edildiyi kimi müalicədə olmuşdur. Məhkəmə bu halı nəzərə alaraq cavabdehdən gecikdirmə üçün cərimə tələb edilməsini də əsassız saymışdır.

22. Məhkəmə borc məbləğini müəyyən edərkən isə ekspertiza tədqiqatı nəticəsini əsas götürmüş və hesab etmişdir ki, kredit borcu ekspert rəyi ilə xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş məbləğ, həmin tarixdən sonra olan ödənişlər və hesabdan çıxarış məlumatlarında qeydə alınmayan Yaşat Fondu tərəfindən ödənilən məbləğ nəzərə alınmaqla müəyyən edilməlidir. Bu isə xx.xx.2022-ci il tarixədək qalıq əsas borcun 16.313.29 manat, faiz borcunun 300.44 manat olduğu və həmin tarixdən sonra 4859.12 manat məbləğin borcalan tərəfindən ödənildiyi, 1141.55 manat məbləğin isə Yaşat Fondu tərəfindən ödənildiyi nəzərə alındıqda, əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat təşkil edir.

23. Məhkəmə kollegiyası tələb olunan borcun məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində düzgün nəticəyə gəlmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar