Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6575/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı Mehriban Aslan qızının cavabdeh Novruzov (Novruzlu) Araz Qəzənfər oğluna qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması tələbi barədə” iddiasına dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh Mehriban Aslan qızına qarşı “çıxarışın ləğv edilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı Mehriban Aslan qızı və üçüncü şəxs Səməndər Şirəliyevin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh (Novruzlunun) iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia tələbləri barədə məlumat
1. İddiaçı Mehriban Aslan qızı Cavabdeh (Novruzluya) qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 hektar (200 kv.metr) ölçülü torpaq sahəsinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınması və torpaq sahəsinin hasarının cavabdeh tərəfindən uçurdulması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə cəmi 8.200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Səməndər Şirəliyev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Mehriban Aslan qızına qarşı müstəqil iddia irəli sürərək, Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı qərarı il ona ayrılmış, xx.xx.2006-cı il tarixində 682 saylı “Alğı-satqı müqaviləsi” bağlayaraq fərdi yaşayış evi tikmək üçün aldığı, faktiki olaraq onun istifadəsində və sahibliyində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 330 kv.metr torpaq sahəsinin 200 kv.metr sahəsinə dair Mehriban Aslan qızının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
3İddiaçı, özündə müstəqil iddiaya etirazı ehtiva edən mövqeyi ondan ibarətdir ki, o, xx.xx.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən mübahisəli 0,02 ha ölçülü torpaq sahəsini sahənin əvvəlki mülkiyyətçisi olmuş (hazırki iş üzrə tərəf olmayan) X9 68.000 manata satın almışdır. İddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və bununla əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin tarixdə bunla əlaqədar olaraq onun adına “Daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* saylı “Çıxarış” verilmişdir. Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 nömrəli qərarına uyğun olaraq xx.xx.2006-cı il tarixdə bağlanmış 682 nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən fərdi yaşayış evinin tikilməsi üçün Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsindən Səməndər Şirəliyevə ayrılmış 330 kv.metr ölçülü torpaq sahəsinin isə onun – Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Bu hal Səməndər Şirəliyevin ona və digər şəxslərin üçüncü şəxs qismində cəlb etməklə Binəqədi bələdiyyəsinə qarşı iddiasına dair işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılan zaman öz təsdiqini tapmışdır. Belə ki, X8 bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi tələbi barədə” iddia qaldıraraq xx.xx.2006-cı il tarixdə bağlanmış 682 nömrəli “Alğı-satqı müqaviləsinə” əsasən ona ayrılmış 330 kv.metr torpaq sahəsinin 200 kv.m. sahəsinə dair qəbul edilmiş Binəqədi bələdiyyəsinin 245 nömrəli, xx.xx.2004-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla da hüquqi nəticə etibarı ilə Mehriban Aslan qızına ayrılmış torpaq sahəsini mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə Səməndər Şirəliyevin iddiası rədd edilmişdir. Həmin qərardan Səməndər Şirəliyevin verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2021 saylı, xx.xx.2021 tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2222/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında Səməndər Şirəliyevə ayrılmış torpaq sahəsi ilə Mehriban Aslan qızına aid torpaq sahəsinin eyni torpaq sahəsi olmasının sübuta yetirilmədiyi, Mehriban Aslan qızına aid torpaq sahəsinin (hazırki iş üzrə tərəf olmayan və adını dəyişdirmiş X10) X12 daha əvvəl, yəni xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qərarla ayrılmasını, bu baxımdan ilkinliyin mübahisələndirilən qərara məxsus olduğu, Səməndər Şirəliyevin həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlillərinin məhkəmə araşdırılması zamanı təsdiqini tapmadığı qeyd edilmişdir. Göründüyü kimi Səməndər Şirəliyev hazırda mübahisələndirdiyi “Reyestrdən çıxarışın” verilməsinə əsas olmuş ilkin sənədi mübahisələndirsə də, onun iddiası təmin edilməmişdir. Bu baxımdan Səməndər Şirəliyev iddiaçı Mehriban Aslan qızına məxsus “Çıxarışı” mübahisələndirmək üçün hazırda subyektiv hüquqa malik deyil. Hüquqi nəticə etibarı ilə Səməndər Şirəliyev, hazırda ona hər hansı aidiyyəti olmayan torpaq sahəsini mübahisələndirir. Cavabdeh isə bu torpaq sahəsini zəbt etmək üçün ümumiyyətlə hər hansı hüquqi yoxdur və o, torpaq sahəsinin yararsız vəziyyətə salınması və hasarın uçurulması nəticəsində iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Belə olan halda Səməndər Şirəliyevin müstəqil iddiası rədd Mehriban Aslan qızının iddiası isə təmin edilməlidir.
4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Səməndər Şirəliyevin özündə ilk iddiaya etirazı ehtiva edən müstəqil iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı Mehriban Aslan qızı cavabdeh (üçüncü şəxs Səməndər Şirəliyevin qohumu) Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işlərinin aparıldığını iddia edir. Halbuki, məhz həmin sahənin Mehriban Aslan qızının mülkiyyətində olmaqla “Çıxarışda” göstərilən torpaq sahəsi olması öz təsdiqini tapmır. Belə ki, Səməndər Şirəliyev həmin “Çıxarışın” verilməsinə əsas olmuş Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və həmin icraat çərçivəsində Mehriban Aslan qızına və Səməndər Şirəliyevə ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olmadığı müəyyən edilmişdir. Bununla da üçüncü şəxs Səməndər Şirəliyevə məxsus olan və cavabdeh Araz Novruzlu tərəfindən üzərində tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsinin Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsinə hər hansı aidiyyətinin olmadığı öz təsdiqini tapmışdır. Belə olan halda Mehriban Aslan qızının iddiası rədd, Səməndər Şirəliyevin müstəqil iddiası isə təmin edilməlidir. 5İddiaçı iddiasında cavabdeh kimi göstərilmiş Cavabdeh (Novruzlunun) ona qarşı irəli sürülmüş iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına uyğun olaraq xx.xx.2006-cı il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” ilə qeyd edilən bələdiyyə tərəfindən onun qohumu Səməndər Şirəliyevə 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 330 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadə və sahibliyində olmuşdur. Səməndər Şirəliyev ilə aralarında olan razılığa əsasən Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində müəyyən tikinti işləri aparılmışdır. Həmin vaxt hər hansı şəxs bu sahəni mübahisələndirməmiş və ona məxsus olmasını iddia etməmişdir. Buna baxmayaraq, 2018-ci ildə bu sahədə fərdi yaşayış evinin tikintisinə başlayan zaman iddiaçı Mehriban Aslan qızı çıxaraq bu sahənin 200 kv.metr ölçüdə olan hissəsinin onun mülkiyyətində olduğunu bildirmiş və nəticədə aralarında mülki mübahisə yaranmışdır. Halbuki, həmin sahənin Mehriban Aslan qızının mülkiyyətində olan sahəyə hər hansı aidiyyəti yoxdur. Bu sahələr nə üst-üstə düşmür, nə də ki, yanbayan yerləşmir. Səməndər Şirəliyevin istifadə və sahibliyində olan sahə say etibarı ilə Cəfər Cabbarlı küçəsi üzrə döngədən 2-ci, Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsi isə 4-cü sahədir. Bununla belə, tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsi Mehriban Aslan qızına məxsus deyil. Göstərilənlərə əsasən o hesab edir ki, Mehriban Aslan qızının iddiası rədd, Səməndər Şirəliyevin müstəqil iddiası isə təmin edilməlidir.
c) Birinci instansiya məhkəməsində icraat
6. İşə baxmış Rayon Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Binəqədi bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə hər iki iddianın rədd edilməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iddiaçı Mehriban Aslan qızının iddiasının rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salınmasını və hasarın uçurulmasını, sonra isə bu qanunsuz əməllər nəticəsində ona 8.200 manat məbləğində maddi zərərin vurulduğunu sübuta yetirə bilməmişdir. Üçüncü şəxs Səməndər Şirəliyevin müstəqil iddiasının rədd edilməsi barədə gəldiyi nəticəni Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2222/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmin qərarda 200 kv.metr torpaq sahəsinin Səməndər Şirəliyevə məxsus olan 330 kv.m. torpaq sahəsi ilə eyni torpaq sahəsi olmadığı açıq və aydın şəkildə qeyd edilmişdir. Bu da öz növbəsində Səməndər Şirəliyevin iddiasının rədd edilməsini şərtləndirir.
d) Apellyasiya şikayətləri barədə məlumat
9. İddiaçı Mehriban Aslan qızı və üçüncü şəxs Səməndər Şirəliyev həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda verdikləri apellyasiya vermişlər.
10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçı Mehriban Aslan qızının apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktdan da görünür ki, iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparılmış, istifadə edilməmiş tikinti materialları tərəfindən saxlanca götürülmüş və təhvil-təslim aktı əsasında həmin əşyalar Cavabdeh təhvil verilmişdir. Göründüyü kimi, Araz X5 məxsus torpaq sahəsində qazıntı işlərinin aparılması, qazılan yerlərə beton tökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi üçün iddiaçının lazımsız xərcə düşməsi işin mübahisəsiz halıdır. Lakin Rayon Məhkəməsi, Cavabdeh həmin qanunsuz hərəkətlərinə delikt olaraq qiymət verməmiş və iddianı əsassız rədd etmişdir. İş materiallarında olan tərəflərin izahatlarından görünür ki, Cavabdeh və üçüncü şəxs Səməndər Şirəliyev iddiaçıya məxsus torpaq sahəsində tikinti işlərinin görülməsini inkar etmirlər. Onlar, sadəcə həmin torpaq sahəsinin onlara məxsus olmasını iddia edərək etdiklərinə haqq qazandırmağa çalışırlar. Qeyd etdiyi hal artıq iddianın vurulmuş maddi ziyanla bağlı hissənin sübutetmə yükündən azad etməsinə gətirib çıxarmışdır.
11. Üçüncü şəxs Səməndər Şirəliyevin apellyasiya şikayəti də onun tərəfindən verilmiş müstəqil iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün situasiya planı ilə təklif olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 245 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin koordinatlarının məhz həmin qərar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Mehriban Aslan qızına verilmiş çıxarışdakı torpaq sahəsinin koordinatları ilə üstüstə düşüb düşməməsi ilə bağlı iş üzrə ekspertiza keçirilməsi mühüm əhəmiyyət kəsb etdiyi halda, Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilməmişdir. Halbuki ekspert rəyi ilə müəyyən olunacaqdır ki, iddiaçının iddia etdiyi həmin sahə məhz onun mülkiyyətində olmaqla çıxarışda göstərilən torpaq sahəsi ilə eyni yer deyil. Bakı İnzibati Məhkəməsində baxılan həmin icraat çərçivəsində iddiaçıya və ona ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olmadığı müəyyən edilmişdir. Rayon Məhkəməsinin özünün də bildirdiyi kimi iddiaçıya ayrılmış 200 kv.metr torpaq sahəsi ona məxsus olan 330 kv.metr torpaq sahəsi ilə eyni torpaq sahəsi deyil.
e) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi
12. İddiaçı Mehriban Aslan qızının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək üçüncü şəxs Səməndər Şirəliyevin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və bu şikayətin, habelə ilk iddia ərizəsinin əsaslarına uyğun izahat verdi.
13. Apellyasiya şikayəti vermiş üçüncü şəxs Səməndər Şirəliyev, apellyasiya şikayətləri verməmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Binəqədi bələdiyyəsinin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. Cavabdeh (Novruzlu) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı Mehriban Aslan qızının apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığı, üçüncü şəxs Səməndər Şirəliyevin apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu bildirdi və Mehriban Aslan qızının iddiasına qarşı verdiyi etirazın məzmuna uyğun izahat verdi.
f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, Binəqədi bələdiyyəsinin 245 nömrəli, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən, qərara əlavə edilmiş cizgiyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 200 kv.metr ölçülü torpaq sahəsi yaşayış evinin tikintisi üçün X10 verilmişdir.
17. İşdə olan sənədlərdən görünür ki, sonradan Ramin Məmmədov adını və soyadını dəyişdirmiş və buna görə də, torpaq sahəsinə mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” X11 adına qeydiyyata alınmışdır. Bundan sonra torpaq sahəsi X3, o da torpaq sahəsini xx.xx.2017-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsinə” əsasən iddiaçı Mehriban Aslan qızına satmış və sonuncunun mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmaqla ona bu barədə “Reyestrdən çıxarış” verilmişdir. Həmin torpaq sahəsi hazırda Mehriban Aslan qızının mülkiyyətindədir.
18. Binəqədi bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 595 nömrəli qərarından, həmin Bələdiyyə ilə Səməndər Şirəliyev arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 682 nömrəli “Alğı-satqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində 330 kv.metr torpaq sahəsi Səməndər Şirəliyevə satılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 tarixli qərarının (İş № 2-1(103)-1007/2021) dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından (İş № 2-1(102)-2222/2021) müəyyən edilir ki, X7 iddiaçı olaraq cavabdeh Bakı Şəhəri Binəqədi bələdiyyəsinə qarşı (X16, X15, Mehriban Aslan qızı üçüncü şəxslər olmaqla) “qərarın ləğv edilməsi tələbi barədə” iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadə və sahibiliyinə verilmiş 330 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsinə dair Binəqədi bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı (İş № 2-1(112)-72/2020) ilə iddia təmin edilməmişdir. Səməndər Şirəliyevin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati işin icraatı çərçivəsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza müəyyən etmişdir ki, Səməndər Şirəliyevə məxsus olan torpaq sahəsinin koordinatlarının Mehriban Aslan qızının adına verilmiş “Reyestrdən çıxarışda” göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Səməndər Şirəliyev, ona ayrılmış torpaq sahəsi ilə Mehriban Aslan qızına məxsus torpaq sahəsinin eyni torpaq sahəsi olmasının sübuta yetirə bilməmişdir. Bundan başqa, Mehriban Aslan qızına aid torpaq sahəsinin (hazırki iş üzrə tərəf olmayan və adını dəyişdirmiş) X10 daha əvvəl, yəni xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qərarla ayrılmışdır. Bu baxımdan ilkinliyin mübahisələndirilən qərara məxsus olduğu, Səməndər Şirəliyevin həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlilləri məhkəmə araşdırılması zamanı təsdiqini tapmamışdır.
20. Göstərilənləri nəzərə alan Məhkəmə iddiaçı Mehriban Aslan qızının apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
22. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115.).
23. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Sadalanın maddi və prosessual hüquq normalarının tələblərini işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına tətbiq edən Məhkəmə hesab edir ki, Cavabdeh (Novruzlu) iddiaçı Mehriban Aslan qızına münasibətdə delikt törətməmiş, ona maddi zərər vurmamışdır. İddiaçı torpaq sahəsinin yararsız vəziyyətə salınmasını, hasarın uçurulmasını, nəticədə ona 8.200 manat məbləğində maddi zərərin vurulduğunu sübuta yetirə bilməmişdir. İddiaçı maddi ziyan tələbini cavabdeh tərəfindən torpaq sahəsində tikinti işlərinin görülməsi və cavabdeh tərəfindən bu halın inkar edilməməsi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, torpaq sahəsində tikinti işlərinin aparılması hələ iddiaçıya ziyan vurulması demək deyil. Çünki tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti o zaman yaranır, ziyanın həqiqətən vurulduğu aşkar olunsun, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olsun, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun. Lakin iddiaçı, onun mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qazıntı işlərinin aparılması, qazılmış torpağın daşınması, hasarın sökülməsi və sair bu kimi ziyan vurulmasına gətirib çıxaran halları təsdiq edən hər hansı sübut Rayon Məhkəməsinə təqdim etməmişdir.
25. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi Mehriban Aslan qızının iddiasını təmin etməməkdə haqlı olmuşdurİddiaçı qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
26. Məhkəmə iş üzrə üçüncü şəxs olan Səməndər Şirəliyevin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, Səməndər Şirəliyevin yuxarıda qeyd edilən iddiasına dair icraat üzrə qəbul edilmiş məhkəmə aktları ilə Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarının qanunsuz olmadığı, habelə bu qərarla ayrılmış 200 kv.metr torpaq sahəsinin Səməndər Şirəliyevə məxsus olan 330 kv.metr torpaq sahəsi ilə eyni torpaq sahəsi olmadığı, hüquqi nəticə etibarı ilə X1 hər hansı ölçüdə torpaq sahəsini tələb etmək hüququnun olmaması müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsində deyilir ki, məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur.
28. MPM-nin tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (maddə 15.4.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.).
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. MPM-nin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
30. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yuxarıda göstərilən faktlar Səməndər Şirəliyev üçün məcburidir və o, həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyil.
31. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi Səməndər Şirəliyevin iddiasını təmin etməməkdə haqlı olmuşdur. Səməndər Şirəliyevin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
g) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi
32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı və üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.