Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6577/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(006)-1099/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB-nın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06118806 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında, İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğaca yivli birləşmə mövcud olduğu və plombun cimi qırıq (korroziya) olduğu üçün sayğac Mexanikadan İtrona əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı abonentə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında İTRİ-nin MSK-29/1710-00391-2 saylı, xx.xx.2018-ci il tarixli rəyə əsasən G-4 markalı ******* No-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilimiş olduğu və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş, zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdə olmuş, dəymiş ziyanın hesablanması göstərilmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdehin mənzilinə quraşdırılmış sayğacda olan qüsur nəticəsində itirilmiş qazın bərpası və dəymiş ziyan həcmi kimi 180 gün hesabatı ilə 11016 kub metr əlavə sərfiyyat hesablanmışdır. Cavabdeh 2018-ci ilin iyun ayında 461,29 manat debitor borcu və akt üzrə 2203,20 manat əlavə borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdeən tərtib olunmuş akt üzrə 2203.2 (iki min iki yüz üç manat iyirmi qəpik) manat, təbii qazdan istifadəyə görə 461.29 (dörd yüz altmış bir manat iyirmi doqquz qəpik) manat, 51.04 (əlli bir manat dörd qəpik) manat dövlət rüsumunun əvəzi və 400 (dörd yüz) manat vəkil xərci olmaqla, cəmi 3115.53 (üç min yüz on beş manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06118806 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10022 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1802AZ**********32 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki,xx.xx.2018-ci il tarixdə G-4 markalı ******* nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında cızıq izlərinin olması, zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması aşkarlanmışdır. Bu barədə MSK-29/1710-00391-2 saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı akt ilə sayğac yenisi ilə əvəz edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2203,2 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 461,29 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2203,2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə də cavabdehin istifadə etdiyi qaza görə iddiaçıya borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri ilə birlikdə iddiaçıya cəmi 2664,49 manat pul ödənilməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(006)-1099/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadə ilə əlaqədar debitor borca görə ödənilməmiş 461,29 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat, cəmi 591,29 (beş yüz doxsan bir manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evindən kənarda quraşdırılmış sayğacda olan qüsura görə cavabdehin məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısı daşıyır və belə olan halda cavabdeh sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edilmiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində cavabdehin təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sayğacın laboratoriya müayinəsi zamanı cavabdehin iştirakı təmin edilməmişdir. Cavabdehin təbii qazdan istifadə etməsi ilə əlaqədar 461,29 manat debitor borcun yaranması müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, cavabdeh qanunun yuxarıda göstərilən tələblərini pozaraq, istifadə etdiyi qaza görə yaranmış borcu ödəmədiyindən, iddia tələbi həmin debitor borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin nümayəndəyə göstərilmiş yardıma görə 400 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq hesabdan mədaxil çıxarışı (PSG "xxxx" MMCnin hesabına 400 manat ödənilməsinə dair) iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 100 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 maddəsinin, «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3, 3.1.3 və 4.8 maddələrinin və Mülki Prosessual Məcəllənin 119.1 və 121-ci maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən İddiaçı İB-nın nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin qismən, təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 461.29 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfıyyatına uyğun olaraq 2203.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə də cavabdehin istifadə etdiyi qaza görə iddiaçıya borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri ilə birlikdə iddiacıya cəmi 2664.49 manat ödəməlidir. Bundan başqa apellyator hesab edir ki, məhkəmə tərəfindən sayğaca müdaxilə hallarına bu cür yanaşma bu kimi işlərdə mənfi məhkəmə təcrübəsi yaradar və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının artmasına gətirib çıxarar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin qismən, təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni təmin edilməyən hissədə (akt üzrə hesablanmış borc hissəsində) mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
«Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 №-li Qərarı: 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.1.3. Qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evindən kənarda quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və sayğacın yivli birləşmə mövcud olduğu və plombun cimi qırıq (korroziya) olduğu üçün sayğac Mexanikadan İtrona əvəzlənmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və xx.xx.2018-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında cızıq izlərinin olması, zavod seriya nömrəsi yazılmış lövhənini yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Həmin akt əsasında xx.xx.2018-ci il tarixdə cavabdeh barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehdə 11016 kub metr əlavə hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə əsasən, “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”, “Sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”, “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”, “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehin mənzilinə quraşdırılmış “sayğacın yivli birləşməsi mövcud olduğu və plombun cimi qırıq (korroziya) olması” məhz cavabdehin təqsiri üzündən olması sübut edilmədiyindən itirilmiş qazın məbləği cavabdehdən tələb oluna bilməz. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Buna baxmayaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin bəzi dəlilləri üzrə diqqətəlayiq məqamları qeyd etməyi zəruri sayır. Belə ki, apellyator hesab edir ki, məhkəmə tərəfindən sayğaca müdaxilə hallarına bu cür yanaşma bu kimi işlərdə mənfi məhkəmə təcrübəsi yaradar və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının artmasına gətirib çıxarar. Məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli iş üzrə müəyyən edilmiş işin halları heç də məhkəmə təcrübəsi yaratmır və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması, qanunsuz istifadə hallarını artıraraq təbii qazın talan edilməsi, dövlətə külli miqdarda ziyan vuran şəxslərin qarşısının alınması və barələrində qanunvericiliyə uyğun tədbirlər görülməsi iddiaçının «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının, «Qaz istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq birbaşa vəzifəsidir. Kollegiya daha sonra qeyd edir ki, abonent tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halları məhkəmə araşdırılmaları zamanı təsdiqini tapmadığı halda apellyatorun yuxarıda qeyd edilən dəlilləri işin apellyasiya qaydasında yoxlanılmasına təsir edən deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin qətnamə və qərarlarının qəbulu zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(006)-1099/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
.