Məhkəmə qərarları › İş №2(103)-658/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-658/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-658/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı QƏTNAMƏSİ (Açar sözlər: əldən çıxmış fayda, mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3336/2022 saylı qətnaməsindən İddiaçıı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 5000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. Həmin borc məbləği cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz əməlləri nəticəsində 2500 manat məbləğində ona dəymiş zərərin (əldən çıxmış fayda olaraq) və 2500 manat məbləğində mənəvi ziyanın, cəmi 5000 manat məbləğində vəsaitin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 5000 (beş min) manat məbləğində vəsait verilmişdir. Həmin vəsaitin geri qaytarılması üçün son müddət xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh qeyd olunan vəsaitin ödənilməsini vaxtında təmin etmədiyindən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq həmin borc üzrə notariusun icra qeydi alınmışdır. İddiaçı fərdi sahibkarlıqla məşğuldur və 5000 manat məbləğində vəsait cavabdeh tərəfindən ona vaxtında geri ödənildiyi təqdirdə, həmin vəsaitin dövriyyəsi nəticəsində o, aylıq 2500 manat fayda əldə edə bilərdi.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3336/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2500 manat əldən çıxmış faydanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur.

6. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd etmişdir ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan mənəvi zərərin cavabdehdən tutulması təmin oluna bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 449.1, 449.2, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc müqaviləsi əsasında cavabdehə verdiyi pul məbləği əslində əmlakın alınması üçün verilmiş beh olmuşdur. O, bu barədə birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə bu halı nəzərə almamış, yalnız işdə olan müqaviləyə qiymət verməklə qərar qəbul etmişdir. O, sahibkar olması, bununla bağlı aylıq dövriyyəsinə dair sənədləri təqdim etsə də, məhkəmə bu sübutları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

22. 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 5000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulan müddətdə borcu ödəmədiyindən iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydi verilmiş və icra edilməsi üçün icra orqanına göndərilmiş, borc məbləği cavabdeh tərəfindən xx.xx.2022-ci ildə tam şəkildə ödənilmişdir.

27. Hazırda iddiaçı ona zərər dəyməsini belə əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini gec icra etdiyi üçün onun xeyrinə tutulan puldan istifadə edə bilməmişdir. Buna görə də, iddiaçı 2500 manat əldən çıxmış faydanın, 2500 manat isə mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2500 manat əldən çıxmış faydanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olmasını sübut edə bilməmişdir. Mənəvi zərərlə bağlı isə məhkəmə hesab etmişdir ki, bu tələb cavabdehə qarşı irəli sürülmüş maddi ziyan tələbi ilə bağlı olduğundan və həmin tələb əsassız olduğundan, mənəvi zərərə dair tələb də əsassız olmuşdur.

29. Məhkəmə kollegiyası iddianın əsassızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Belə ki, iddiaçı cavabdehin ona məxsus pul vəsaitinin ödənilməsini gecikdirməklə həmin pul vəsaitindən istifadə edərək gəlir əldə etmək imkanından məhrum olduğuna istinad etmişdir. 31.Kollegiya qeyd edir ki, həqiqətən də cavabdeh tərəfindən borc məbləğinin müqavilədə nəzərdə tutulan müddətdə ödənilməməsi işin mübahisəsiz halıdır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh pulun ödənilməsini uzun müddət deyil, müqavilənin icrası müddəti çatdıqdan sonra təxminən bir ay gecikdirmişdir. Belə bir qısa zaman kəsiyində iddiaçının 5000 manat pul vəsaitindən istifadə etməklə 2500 manat gəlir əldə etməsini kollegiya ağlabatan hesab etmir. 32.İddiaçı sahibkarlıq fəaliyyəti ilə məğul olduğuna, həmin puldan mülki dövriyyədə istifadə etməklə gəlir əldə edəcəyinə istinad etsə də, onun təqdim etdiyi elektron qaimələrdən iddia ərizəsində göstərdiyi məbləğdə gəlir əldə etməsi müəyyən edilmir.

33. Apellyasiya şikayətində və apellyasiya baxışı zamanı verdiyi izahatda iddiaçı 5000 manat məbləği cavabdehə əslində borc kimi deyil, qeyri-yaşayış sahəsinin əldə edilməsi məqsədilə beh kimi verdiyinə, lakin cavabdehin onu aldadaraq behi aldıqdan sonra ona satmağı vəd etdiyi mağazanı satmaqdan imtina etdiyini göstərmişdir.

34. Bununla bağlı kollegiya qeyd edir ki, nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında iddiaçı bu hala istinad etməmiş, bu səbəbdən qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Buna görə də, kollegiya həmin hala əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsini prosessual qanunvericiliyin tələblərinə zidd hesab edir.

35. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən pul məbləğinin ona gec qaytarılması nəticəsində mənəvi iztirablar çəkdiyini bildirərək, ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 2500 manat pul tələb etmiş, lakin bu zərərin nədə ifadə olunduğunu, cavabdehin borcun qaytarılmasınn gecikdirməsinin ona hansı mənəvi sarsıntılara, iztiraba səbəb olduğunu izah edə bilməmişdir.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

37. Beləliklə müəyyən edilir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəsi də əsassız olmuş, həmin hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

38. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, mübahisənin mühiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

39. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3336/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar