Məhkəmə qərarları › İş №2(103)-6582/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6582/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6582/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlərdən 11 950 manat borcun, 500 manat hüquqi yardım xərcinin və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirildikdən sonra Cavabdeh2 aid hissədə iddia tələbindən imtina etdiyindən məhkəmənin 08.04.2021-ci il tarixli qərardadı ilə adı çəkilən şəxsə münasibətdə işin icraatına xitam verilmişdir. Məhkəmənin 04 may 2021-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, məhkəmə öz qənaətini Mülki Prosessual Məcəllənin 35.1-ci və 44.2.1-ci maddələrinə istinadla Cavabdeh1 həmin rayonda qeydiyyatda olması ilə əsaslandırmışdır. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilərək məhkəmənin mübahisələndirilən qərardadı ləğv olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İşin materiallarından görünür ki, iddiaçı ilkin olaraq iki şəxsi – Bakı şəhərinin Nizami rayonu ərazisində qeydiyyatda olan Cavabdeh2 və Laçın rayonunda qeydiyyatda olan Cavabdeh1 – cavabdeh qismində göstərmiş, sonradan Cavabdeh2 qarşı tələbindən imtina etmişdir və Cavabdeh1 da faktiki olaraq Masallı rayonunda yaşamaqdadır. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə isə, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin işin baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini təmin etməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1660/2021 saylı iş üzrə 04 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki işin Laçın Rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 ərizəsi təmin olunmasın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar