Məhkəmə qərarları › İş №2(103)-6584/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6584/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6584/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3091/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehə müxtəlif vaxtlarda borc pul verdiyini, cavabdehin aldığı pulu tam qaytarmadığını əsas gətirərək məhkəməyə müraciət etmişdir.

2. İddiaçının verdiyi şikayət üzrə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, Ceyhun Mircavadlının icaraatında olan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 müxtəlif vaxtlarda ümumən 51 000 manat pul vəsaitini borca vermişdir.

3. İddiaçının ilkin şikayəti üzrə həmin məbləği“ müvafiq vəzifəyə işə düzəlmək, RPŞ-nın maliyyə rəisi vəzifəsinə işə düzəlmək” üçün cavabdehə verdiyini bildirib, sonradan ifadəsini dəyişib.

4. Məhkəmə sorğusuna əsasən, Yasamal Rayon Polis X3 İcraatında olmuş vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış HK-1, 1442 saylı rədd materialı birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

5. İş materiallarında olan Yasamal Rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 03 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh1 izahında bildirmişdir ki, İddiaçı ərizəsi ilə tanış olmuşdur.

6. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mircavadlının 01 dekabr 2023- cü il tarixli vurulmuş ziyanın ödənilməsi barədə protokoldan görünür ki, X2 Dağlar Rahim oğluna vurulmuş maddi ziyanın ödənilməsi üçün 11 000 manat məbləğində pulu Bakı şəhəri Yasamal RPİ-nin istintaq Şöbəsinə təqdim etmiş və X4 təqdim etdiyi 11 000 manat İddiaçı ödənilməsi üçün götürülmüşdür.

7. 01 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 11 000 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı 11 000 manat məbləğində pulu qəbul etmişdir.

8. 04 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 6100 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı 6 100 manat məbləğində pulu qəbul etmişdir.

9. 06 dekabr 2023-cü il tarixli vurulmuş ziyanın təqdim olunması barədə protokoldan görünür ki, 3000 manat məbləğində pul İddiaçı təqdim olunmuş və İddiaçı 3 000 manat məbləğində pulu qəbul etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 33100 manat əsas borc, həmin borca görə illik 10 faiz hesablanmış 3862,95 manat faiz borcu, 17900 manat ödənilmiş borcun gecikdirildiyi müddət üçün hesablanmış 1323 manat faiz borcu, ümumilikdə 38285,95 manat və ödənilmiş 205 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh1 2023cü ilin fevral ayından digər Cavabdeh2 vasitəsilə tanıyır. 2023-cü ili fevral ayının əvvəlində Zöhrab zəng edərək tanışı Cavabdeh1 borc pul istədiyini ona bildirmişdir. 2023-cü ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Baku Mall» ticarət mərkəzində Zöhrab ilə görüşmüş və orada Zöhrab onu Ramil ilə tanış etmişdir. Söhbət əsnasında Ramil ondan qısa müddət ərzində qaytaracağını bildirərək borc pul istəmişdir. İlk dəfə 2023-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 20.000 manat pul vermişdir. İkinci dəfə 2023-cü ili mart ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 10000 manat pul vermişdir. Üçüncü dəfə 2023-cü ili may ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 5.000 manat pul vermişdir. Dördüncü dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 5.000 manat pul vermişdir. Beşinci dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən «lmperial» şadlıq sarayının qarşısında Ramilə əlbəəl 6000 manat pul vermişdir. Altıncı dəfə 2023-cü ili iyun ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən Azəraqrar Tikinti İdarəsinin qarşısında Ramilə əlbə-əl 5.000 manat pul vermişdir. Bununla da Ramilə ümumilikdə 51000 (əlli bir min) manat borc pul vermişdir. Həmin pullar tam şəkildə özünə məxsus olmuşdur. Lakin Ramil vədinə əməl etməyərək onun pulunu qaytarmadı. Bundan sonra o pulları Ramildən tələb etdikdə Ramil 2023-cü ilin noyabr ayında 17.900 manat pul qaytardı, lakin qalan 33.100 manat pulu isə qaytarmadı. Əlavə olaraq bildirir ki, o Ramilə qeyd olunan pulları borc məqsədilə vermişdir. Lakin o polisə müraciət edən zamana qədər 33100 manat pul Ramil tərəfindən ona qaytarılmamışdır. Sonradan Ramil ondan aldığı pulun bir hissəsini Ceyhun adlı şəxsə verdiyini bildirmiş, Ceyhun adlı şəxsdən 17900 manat pulu aldığı üçün 2023-cü ilin noyabr ayında pulumun bir hissəsini yəni 17900 manatı qaytarmış, yalnız hələ də pulun digər hissəsi qaytarılmamışdır. Bu barədə Ramil polisdə izahatında özü də qeyd etdiyi halları təsdiq etmiş və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunan hallar özəksini tapmışdır. Hazırda Cavabdeh1 ona 33100 manat borcu vardır. Onun bütün bu problemləri çəkməyinə səbəb Cavabdeh2 onu Cavabdeh1la tanış etməsi olmuşdur. Hesab edir ki, qeyd olunan borc hər iki cavabdeh tərəfindən müştərək qaydada tutularaq ona ödənilməlidir. İddia ərizəsinin hazırlandığı müddətdə Cavabdeh1 mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 6 sot torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin mülkiyyətin Cavabdeh1 və ya digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə ərizə məhkəməyə təqdim etmiş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin edilmiş və əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur.

12. Cavabdeh2 iddiaya etirazla məhkəməyə müraciət edərək İddiaçı pul tələbinin ona qarşı hissəsində təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumillikdə 38.285,95 manat pul vəsaitin tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçının Cavabdeh1la aralarında olan pul haqq hesabı onun xəbəri olmadan baş tutmuşdur. Bildirir ki, iddiaçının nənəsi Xanımbacı xanım ilə görüşəndə, Cavabdeh1 da yanında olmuşdur, Xanımbacı Cavabdeh1 müraciət edərək nəvəsinin (iddiaçının) polis orqanlarına düzəlmək istədiyini bildirmişdir, sonuncu isə o işlərin peşəkarı olduğunu və bunu həll edəcəyinə vəd vermişdir. Məsələ ilə bağlı o iddiaçının nənəsi Xanımbacıya bildirmişdi ki, “Cavabdeh1la nə iş görürsüzsə öz işinizdi, amma ki pul haqq hesablarını əvvəlcədən etməyin, iş düzələndən sonra edərsiniz”. Sonradan ona məlum olmuşdur ki, iddiaçı və Cavabdeh1 onun xəbəri olmadan görüşüb razılıq əldə ediblər, iddiaçı Cavabdeh1 pul vəsaitini verib. Bundan əlavə, Cavabdeh1 pul qaytarmadığını biləndə, iddiaçının nənəsinə dəfələrlə bildirdi ki, nəvəsi məsələni təxirə salmadan hüquq mühafizə orqanlarına müraciət etsin. İddiaçının Cavabdeh1 barəsində verdiyi şikayət üzrə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi, Ceyhun Mircavadlının icaatında olan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə fərqli vaxtlarda borc şəklində pul məbləğlərini vermiş, Cavabdeh1 isə həmin pul vəsaitini polis əməkdaşı olan dostu Ceyhun Qədirova vermişdir.İddiaçıya pulu konkret olaraq kimə verdiyi sualı veriləndə, sonuncu "51.000 manat pul vəsaitini borca Cavabdeh1 verdiyi bildirmişdir”. İddiaçıdan pulun hansı məqsədlə Cavabdeh1 verildiyi soruşulanda isə, iddiaçı ilkin şikayəti üzrə, yəni Şəki RPŞ-nə maliyyə rəisi vəzifəsinə düzəlməsi üçün deyil, Cavabdeh1 borca verdiyi bildirmişdir. Göründüyü kimi, iddiaçının DİN-ə verdiyi şikayətdə ilkin olaraq pulu Cavabdeh1 DİN-də müvafiq vəzifəyə düzəlməyə köməklik edəcəyinə görə verdiyini qeyd etsə də, sonradan ona müstəntiq tərəfindən pulun hansı məqsədlə Cavabdeh1 verilməsi faktını dəqiqləşdirdikdə, iddiaçı həqiqəti gizlədərək, pulun guya borca verdiyini bildirmişdir. İddiaçı ilə Cavabdeh1 arasında hansı münasibətlər və etibar mövcud olmuşdur ki, iddiaçı 51.000 manatı heç bir səbəb olmadan sonuncuya borca verir? Hesab edir ki, istintaq dövrü iddiaçı ilə cavabdeh öz aralarında sövdələşmə edərək, ilkin şikayətin məqsədini (adını) dəyişərək borc mövzusunu ortaya atmışlar, bunun müqabilində isə, iddiaçı heç bir əsas olmadan, özünü Cavabdeh1 sığortlamaq məqsədilə mənidə hazırki iş üzrə cavabdeh qismində işə cəlb etmişdir. Cavabdeh1 isə barəsində cinayət işi başlanılmasın deyə özünü borclu kimi qələmə verərək, məsuliyyətdən yayına bilmişdir. İzahat və qərardan da göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 müstəqil şəkildə, onun xəbəri belə olmadan pul haqq hesablarını aparmışdırlar. Hesab edir ki, iddiaçı ibtidai araşdırma zamanı istintaqa həqiqi və tam məlumatları versəydi, cari gündə Cavabdeh1 barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbir görülə bilərdi, iddiaçıya dəymiş zərər isə sonuncu tərəfindən geri qaytarılardı. Mübahisə predmetindən kənar olsa da, məhkəmənin tam və hərtərəfli nəticəyə gəlməsinə köməklik göstərmək məqsədilə bildirmək istəyir ki, uzun müddətdir ki böyrək çatışmazlığından əziyyət çəkir, ilin yarısı ölkə hüdudlarından kənarda müalicələrə sərf olunur, fiziki hərəkət etməkdə çətinlik çəkir, xüsusilə bildirir ki, Cavabdeh1 onun özünə böyük məbləğdə pul vəsaiti müqabilində öz böyrəyini verməyə (donorluq edəcəyinə) razılaşsa da, onunla bərabər dəfələrlə yerli və xarici ölkələrdə böyrək transplantasiyası ilə əlaqədar müayinələrdən keçsə də, bu yolda külli miqdarda xərclər çəksə də, vədinə əməl etməyərək onu maddi zərərlə üz-üzə qoymuşdur.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3091/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbinin qismən təmin edilməsi, 13000 (on üç min) manat pulun, ödənilmiş 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumunun 69,60 manat (altmış doqquz manat altmış qəpik) manat hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 739.1, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 119, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və hazırki borcun 10 000 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əsas borcdan yəni, 51 000 manatdan xeyli ödənişlər edilib, qalıq borc cəmi 10 000 manatdır. Həmin borcun ödənilməsi üçün iddiaçıdan şifahi möhlət alınmışdır. Məhkəmə qərarında 13 000 manat nəzərdə tutulsa da , həmin borcdan 3000 manat pul məbləği sonradan ona ödənmişdir. Qərarda həmin 3 000 manat qeyd olunmamışdır.

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına 15 dəqiqə gecikəcəyi barədə məlumat vermiş, məhkəmədən bunun nəzərə alınmasını xahiş etsə də məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq müdafiə etdiyi şəxs Cavabdeh2 ölkə xaricində olması səbəbindən onunla vəkillik xidmətinin göstərilməsinə dair müqavilənin bağlanması hazırki gündə mümkün olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, Cavabdeh1 mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3091/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

36. İşin hallarından məlum olur ki, Cavabdeh1 İddiaçı borcu 51000 manatla başlamışdır, sonradan cavabdeh izahatında 17900 manat pulun qaytarıldığını, qalan məbləğin 33100 manat olduğunu bildirmişdir. Müxtəlif vaxtlarda borcdan ödəmələr olmuşdur. Cavabdeh1 iddiaçıya 13000 manat borcu qalmışdır. Həmin məbləğin qaytaracağı ilə bağlı Cavabdeh1 iltizam yazmışdır.Borcun 13000 manat məbləğində olmasını özü təsdiq etmişdir.Lakin, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ceyhun Mircavadlı izahatında Cavabdeh1 tərəfindən yazılan iltizamda bəzi texniki səhvlər olduğunu və bununla bağlı materialların birinci instansiya məhkəməsinə təqdim olunduğunu bildirmişdir.

37. Kollegiya hesab edir ki, cavabdeh izahatında borc məbləğinin 13 000 manat olduğunu etiraf etdiyindən və həmin borcdan 3 000 manat pul məbləğinin ödənildiyinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas deyil.

38. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, cavabdeh apellyasiya şikayətində 3 000 manat pul məbləğini iddiaçıya ödədiyini bildirsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

40. Kollegiya bildirir ki, cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi).

41. Kollegiya vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3091/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar