Məhkəmə qərarları › İş №2(103)-6586/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6586/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6586/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «əsassız varlanma üzrə pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. «Metak» şirkətinin loqosu olan bloknot vərəqində yazılmış əlyazmada tərəflər yeni tikilini (ünvan 1 ünvanda yerləşən) 81.000 manata alğı-satqı etməyi razılaşdırmış, Cavabdeh İddiaçı 10.000 manat beh almışdır. Tam hazır olması üçün kombi istilik sistemi, kolonka qızdırıcı, hovuz pilləkənin (fıstıq) yığılması, evin qabaq hissəsinin rənglənməsi işləri görüləcək, həyətin içinin yeri metlax olacaq, hasarı çəkiləcək. Həmin əlyazmanı satan, alan, həmçinin şahid Məmmədov Cahangir imzalamışlar. Həmin sənədin arxasında Cavabdeh xx.xx.2022- ci il tarixdə saat 19.00-da Sayəddin və Hümbətdən (qudasından) 20000 manat almasını, o, İddiaçı və Kərimov Hümbət imzaları ilə təsdiq etmişlər. Qeyd edilən yazıların ardınca isə imzalarla təsdiqlənməyən beh 5000, 2000 naves tikintisi, 1000 torpaq, 820 daş, 2800 kombi, 600 domik, 500 qapı, 370 montaj, 230 naves, cəmi 13320 manat qeyd aparılmışdır.

2. 27 yanvar 2023-cü il tarixli HK-1/159 saylı material üzrə Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilib ki, İddiaçı müraciətinə əsasən tərəflərin izahatları alınmış, Cavabdeh verdiyi izahatında evə görə Səyəddinin 10000, 20000, daha sonra da 10000, ümumilikdə 40000 manat pul verdiyini, sonradan Səyəddinin ona evi bəyənmədiyini, Hafiz də ondan aldığı 40000 manat pulu qaytardığını, pulu geri qaytardıqdan təxminən iki gün sonra onlar yenidən gələrək əlavə 10000 manat verərək evi almaq istədiklərini, lakin Hafiz onunla razılaşmadığını, Səyəddin evin təmiri üçün Hafizin vasitəsilə müxtəlif ustalara müxtəlif vaxtlarda gördürdüyü işin dəyərində əlavə olaraq 5500 manata qədər pul verdiyini, bundan əlavə olaraq evin təmiri üçün lazım olan avadanlıqlar və çardağın özü və dam örtüyü üçün təxminən 6200 manata qədər pul xərclədiyini, Sayəddin Zeynalovun ona başqa pul vermədiyini, Sayəddin evin təmiri üçün ümumilikdə təxminən 11.700 (on bir min yeddi yüz) manat əlavə pul xərclədiyini, ona görə də Səyəddinə pul qaytarmaq niyyətinin olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.000 manat və ödənilmiş 136 manat dövlət rüsumu əvəzi olmaqla, cəmi 15.136 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, Cavabdeh özünə məxsus olan ünvan 2 ünvanda yerləşən evini 81000 manata satdığı üçün qudaları X5 və X2 yanında cavabdehlə razılaşaraq xx.xx.2022-ci il tarixdə 40000 manat pulu beh kimi vermişdir. Həmin vaxt evin divarı boyasız, çardaqsız, təmirsiz olmuşdur. Qalan pulu da təmirdən sonra verəcəyi barədə cavabdehlə razılaşmışdır. Həmin vaxt cavabdeh özü ona demişdir ki, onun öz ustaları vardır, materialların və ustanın əl haqqı pulunu verəcəyi təqdirdə özü təmir etdirəcəkdir. Cavabdehə ayrı-ayrı vaxtlarda çardaq üçün 7000 manat, kombi sistemi üçün 2800 manat, evin arxasında olan 1 sot torpağın qonşudan alınması üçün 1000 manat, 1 maşın mişar daşı üçün 820 manat, evin həyətindəki balaca su hovuzu, plastik hamam və tualet qapıları üçün 1100 manat, mansara çıxan pilləkən üçün 1000 manat, darvaza üçün 1900 manat üstəgəl balkonun altındakı dəmir üçün pul xərcləmişdir. Hətta cavabdehin qapısında onun materialı vardır. O, usta pulunu həmişə Hafisə vermişdir. Bir müddət sonra evə gedəndə görmüşdür ki, Hafiz onu aldadır, evin təmirində irəlləyiş yoxdur. Cavabdehdən niyə evin hazır olmadığını soruşduqda isə müxtəlif bəhanələr gətirərək 15-20 gün vaxt istəmişdir. 2 ay sonra yenidən evə getmiş və yenə görmüşdür ki, cavabdeh evi təmir etdirməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh onun evə verdiyi 40000 manat pulu geri qaytararaq evi ucuz qiymətə satdığı üçün geri qaytarmaq istədiyini ona demişdir, ancaq evin təmiri üçün xərclədiyi 15000 manat pulu qaytarmaqdan yayınmışdır. Dəfələrlə təmir üçün xərclədiyi 15000 manat pulu cavabdehdən tələb etmiş, ancaq qaytarmamışdır. Sonra məcbur qalıb polisə şikayət etmiş və Gəncə şəhər 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona izah edilmişdir ki, onlar arasında olan mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 24 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin qismən təmin edilərək 11.700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 125 manat 10 qəpik hissəsi (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) Cavabdeh İddiaçı xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 81000 manata iddiaçıya satmağı razılaşmış, həmin evdə və evin həyətində digər işlərin görülməsindən sonra alğı-satqı ediləcəyi ilə bağlı şifahi razılığa gəlmişlər. Şifahi razılığı sadə yazılı formada vərəqə qeyd etməklə, görülməli olan işlərin nədən ibarət olacağını, evin razılaşdırılmış alğı-satqı dəyərini göstərmiş, bunun müqabilində iddiaçıdan ilkin beh olaraq 10000 manat məbləğində pul almışdır. Daha sonra isə cavabdeh iddiaçıdan 20000 manat, sonra isə 10000 almış və ümumilikdə aldığı 40000 manatı beh kimi qiymətləndirmişdir. Həmçinin müəyyən edilmişdir ki, ev satışa çıxarılarkən yarımçıq təmir vəziyyətdə olmuş və iddiaçının razılığı ilə yerdə qalan təmirinin və çardağının iddiaçının (alıcının) zövqünə uyğun olaraq təmir edilməsi üçün cavabdeh təmir işlərinin iddiaçının hesabına aparılmasını öz üzərinə götürmüşdür. Lakin tərəflər arasında olan alqı-satqı razılaşması baş tutmadığından cavabdeh iddiaçıdan aldığı 40000 manat behi iddiaçıya qaytarmışdır. Bu narazılığı iddiaçı cavabdehin ondan təmir tikinti üçün aldığı 15000 manat müqabilində işləri vaxtında görməməsi ilə, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın iddiaçının başqa evi bəyənməsi səbəbindən pozulması ilə izah etmişlər. İddiaçı onun tərəfindən cavabdehə həmin vaxt 40.000 manat beh verilməsini göstərsə də, əvvəlki məhkəmə instansiyasında və polisdə verdiyi izahatlardan fərqli olaraq cavabdeh hazırda behin məbləğinin 30000 manat olmaqla, qalan 10.000 manat isə evə çəkdiyi xərcə görə pul olmasını göstərmişdir. İddia tələbinə əsasən cavabdeh tikinti təmir işlərinin aparılmasına görə iddiaçıdan aldığı 15000 manat pulu qaytarmamış, cavabdeh həmin pulu qaytarmamasını müxtəlif səbəblə əlaqələndirərək gah çəkilən xərcin yarı dəyərinin onun tərəfindən xərcləndiyini, gah da 12000 manat xərcləndiyini və alqı-satqı razılaşmasının cavabdeh tərəfindən pozulmasını göstərərək ona zərər dəyməsi ilə əlaqələndirmişdir. Hazırki mübahisənin predmeti tərəflər arasında olan şifahi razılaşmanın kim tərəfindən pozulduğu ilə bağlı məsələ olmasa da, məhkəmə cavabdehin verilən behi vicdanlılıq prinsipə əsasən qaytardığını bildirməsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, qeyd edilən prinsipə əsasən əgər razılaşma cavabdeh tərəfindən pozulmamışdırsa, o, qanunvericiliyə əsasən iddiaçıya behi qaytarmamaqda haqlı olardı. Lakin cavabdehin beh məbləğini iddiaçıya qaytarmaqla, faktiki olaraq razılaşmanın özünün tərəfindən pozulduğunu etiraf etməsi (etirafedici hərəkət) həmin evin sonradan ikinci alıcıya daha artıq məbləğə təklif edilməsində özünü göstərir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə beh məbləğindən əlavə evin təmiri üçün çəkilmiş xərcin nə qədər olması və cavabdeh tərəfindən bu məbləğin qaytarılmaması ilə bağlı olmuş və araşdırma zamanı məhkəmədə müəyyən edilmiş faktiki hallar ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı 40.000 manat məbləği evin razılaşdırılmış satış qiymətinin bir hissəsi olaraq beh şəklində 3 dəfəyə ödənilmiş məbləği olmuşdur. Başqa sözlə, cavabdehin behin məbləğinin 30000 manat deyil, 40000 manat olması onun polisdə verdiyi izahatının məzmunu ilə təsdiq edilir. Tərəflərin aralarında narazılıq yaranandan sonra, cavabdeh iddiaçıya qaytardığı 40.000 manat məbləğindəki pulun 30000 manatın beh olmaqla qalan 10000 manatın isə evin təmiri üçün çəkilmiş xərclər olmasına dair izahatı da heç bir mötəbər sübutlarla təsdiqini tapmamışdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən cavabdehin polisdə beh məbləğindən əlavə evin təmiri üçün 11700 manat pul xərcləndiyini etiraf etməsini də nəzərə alır. Belə ki, evin təmirinin cavabdehin öz vəsaiti hesabına deyil, iddiaçının hesabına aparılmasını tərəflər və iş üzrə ifadə vermiş şahidlər də təsdiq etmişlər. Lakin iddiaçı evin təmiri üçün cavabdehə məhz 15000 manat verməsini sübut edə bilməmişdir. Hətta onun qudalarının ifadələrində belə evin təmiri üçün cavabdehə verilmiş vəsaitlə bağlı fərqli rəqəmlər göstərilmişdir. Belə ki, X3 qudası Səyəddinin Hafizə ümumi 53000 manat pul verməsini, ümumi təmirə nə qədər xərc çəkildiyini bilməməsini göstərsə də, şahid X5 ifadəsində evin təmiri üçün hər dəfə az-az olmaqla, ümumilikdə 15000 manat Hafisə pul verilməsini amma onun təmir üçün verdikləri 15000 manat pulu qaytarmamasını göstərmişlər. Tərəflər arasında imzalanmış sadə yazılı formada olan sənədin arxasında da imzalarla təsdiqlənməyən tikinti işləri və materiallarla bağlı cəmi 13320 manat qeyd aparılması bu məbləğin məhz 15000 manat olmamasına bir növ dəlalət edir. Beləliklə də, cavabdeh görülməli işlərə görə iddiaçıdan aldığı məbləğ polisdə sərbəst qaydada verdiyi izahatında etiraf etdiyi kimi 11.700 manat olmuşdur ki, həmin məbləğ də qaytarılmış 40000 manata aid deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edib ki, cavabdeh iddiaçının vəsaiti hesabına 11.700 manat həddində əsassız varlanmış, iddiaçıya məxsus pulu qaytarmamaqla həm də onun hüquqlarını pozmuşdur. Belə ki, həmin pul vəsaitinin cavabdehdə qalmalı olması ilə bağlı hər hansı müqavilə əsası və yaxud digər qanuni əsas yoxdur. Göründüyü kimi, iddiaçı cavabdehin onun hesabına əsassız yerə məhz 15000 manat məbləğində varlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh (nümayəndəsi Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sübut kimi istinad edilmiş daha bir əsassız sübut da Gəncə şəhər PŞ-nin TB-nin qərarı olmuşdur ki, həmin qərarın da məzmununda İddiaçı tərəfindən tikintiyə 11700 manat əlavə xərc çəkildiyi qeyd edilmişdir ki, o, məhkəmə iclasında həmin vəsaitin ona verilən beh məbləği hesabına xərcləndiyini məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə buna da əhəmiyyət verməmişdir. İddiaçının özü də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iştirak etdiyi məhkəmə iclasında hazırda ondan tələb etdiyi pul vəsaitinin məbləğini və səbəbini düzgün ifadə edə bilməmiş, gah torpaq alınması, gah hasar çəkilməsi, gah pilləkan, gah balkon, gah da çardaq düzəldilməsi kimi əsaslandırmağa çalışmışdır. Hətta evə darvaza quraşdırdırdığını iddia etmiş, o, iddiaçının digər istinad etdiyi halların əsassız olduğunu sübut etdiyi kimi, darvazanın da quraşdırılmadığını sübut etdikdən sonra darvaza barədə olan iddiasına münasibət bildirə bilməmişdir. Məhkəmə də qətnamədə bu barədə heç bir qeyd aparmamışdır. Görünür məhkəmə iddiaçının izahatını da düzəltməyə cəhd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mübahisəli qətnaməsinin 3-cü vərəqəsinin 1-ci abzasında iddiaçının nümayəndəsi və vəkilinin izahatını konkret olaraq iddiaçının izahatına əlavəsinin olmadığını bildirməsi ilə kifayətlənmişdir. Bir daha qeyd edir ki, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçının vəkili tərəfindən sübut kimi Gəncə Şəhər Məhkəməsinin ləğv edilmiş qətnaməsinə istinad edilməsinə özü və vəkili tərəfindən etiraz edilmiş, həmin qətnamənin bu iş üzrə sübüt kimi qəbul edilməsinin yolverilməz olduğu bildirilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnamənin məzmununda bununla bağlı heç bir qeyd aparmamışdır. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işə birtərəfli qaydada iddiaçının mövqeyindən yanaşmaqla heç bir ətraflı və obyektiv araşdırma aparmamışdır. Məhkəmə iddiaçı ilə arasında olan pul məbləğinin beh şəklində 3 dəfəyə olmaqla (10000+20000+10000) cəmi 40000 manat olmasını, həmin vəsaitdən tikintiyə sərf edilməsinin öz təsdiqini tapmadığı qənaitinə gələrkən yenə də ləğv edilmiş məhkəmə qətnaməsinin məzmununa əsaslanmaqla bir daha işin obyektiv araşdırılmasına heç bir təşəbbüs göstərməməsinin bariz göstəricisidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 mülki işə iştirakı olmadan baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə iddia haqlı sayılmır.

19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi və tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər ətraflı araşdırma aparılmasına şərait yaratmış və yekunda iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə dair apellyasiya mərhələsində əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir.

22. Əvvəla, cavabdeh qətnamənin qanunsuz və əsassız olaraq qəbul edildiyini göstərsə də bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunmasını şikayətində konkret dəlillərlə açıqlamamışdır. Belə ki, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində təsbit edilmişdir. Ancaq apellyasiya şikayətində bu əsaslardan hər hansı birinin mövcud olması demək olar ki, qeyd olunmamışdır. Düzdü, cavabdeh apellyasiya şikayətinin formasındakı işin halları qeyd olunmalı hissədə həm də mövqeyini(dəlillərini) göstərməyə çalışmış, eləcə də bəzi maddi və prosessual hüquq normalarını qeyd etsə də maddi və prosessual hüquq normasının pozulmasının və ya düzgün tətbiq edilməməsinə dair mövqe(dəlillər) göstərməmiş, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün digər əsaslara isə ümumiyyətlə istinad etməmişdir.

23. Cavabdeh şikayətində, qətnamədə əsassız varlanma ilə bağlı hüquq normalarına istinad edilməsinin əsaslı sayıla bilmədiyini, qətnamənin əsaslandırıcı hissəsində gah əsassız varlanma, gah da zərərlə bağlı maddi hüquq normalarına istinad etməsini bir-biri ilə əlaqələndirə bilmədiyini göstərsə məhkəmə tərkibi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında həqiqətən də birinci instansiya məhkəməsinin müəyyən etdiyi mülki hüquq münasibətləri olmuşdur. Bu münasibətlər nəticəsində cavabdehin iddiaçı qarşısında öhdəliyi zərər vurulma nəticəsində deyil, sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma nəticəsində əmələ gəlməsi təsdiq olunur. Məhkəmə də haqlı olaraq cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinin əsassız varlanmadan əmələ gələn öhdəlik olduğunu müəyyən etmiş və əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etmişdir. Məhkəmənin həm də Mülki Məcəllənin 21-ci maddəsini qətnamədə qeyd etməsi öhdəliyin heç də zərərvurmadan əmələ gələn öhdəlik olduğu kimi qiymətləndirməsi anlamına gəlmir. Çünki Mülki Məcəllənin 21-ci maddəsi zərərin anlayışını və mahiyyətini göstərən ümumi norma sayılır. Bununla belə, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də cavabdehin bu mövqeyi əsaslı və təsdiq olmadığından mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz

24. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, cavabdeh cinayət təqibi üzrə aparılan araşdırma zamanı iddiaçının tikintiyə əlavə 11700 manat xərc çəkməsini öz izahatında təsdiq etmişdir. Bu cür izahat verməyə onu məcbur edən olmayıb, ən azından özü də bu barədə bəyanat vermir. Buna görə də hazırkı mülki iş üzrə keçirilən məhkəmə iclasında həmin vəsaitin ona verilən beh məbləği hesabına xərcləndiyini məhkəmənin diqqətinə çatdırsa da, onun bu izahatı mötəbər sayıla bilməz. Çünki bu cür izahatı ilə cavabdeh öhdəliyin icrasından yayınmağa çalışıb.

25. Apellyasiya şikayətinin digər bir dəlili ilə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin ləğv edilmiş qətnaməsinə iddianın əsaslılığı yaxud preyudisiallığı baxımından istinad edilməmişdir. Təbii ki, hazırkı mülki işə həmin məhkəmədə başlanmış və mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Bu qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə ərazi aidiyyəti üzrə pozulmaqla baxıldığına görə ləğv edilərək mülki iş baxılmağın davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, qətnamə iddianın əsassızlığına görə deyil prosessual hüquq normalarının, yəni ərazi aidiyyətinin pozulduğuna görə ləğv edilmişdir. Buna görə də, Gəncə Şəhər Məhkəməsində eyni iş üzrə dindirilmiş şahidlərin ifadələrinin hazırkı mübahisələndirilən qətnamədə göstərilməsi onun əsassız və qanunsuz olduğuna dəlalət etmir. Baxmayaraq ki, Nəsimi Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə həmin şahid ifadələrindən asılı olmamış, onların ifadələrinin qətnamədə göstərilməsi də şikayətin əsaslı olduğunu təmin etmir.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1003/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar