Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6588/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli qətnamədən iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı QSC-nin buna səlahiyyəti olan nümayəndəsi QSC-nin adından cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, kreditor olaraq QSC ilə borclu olan cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 929-BMA-0301-23 №-li “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 701 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 197,53 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 105,15 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün QSC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,44 manat, cəmi 1.034,12 manat məbləğində pulun cavabdehdən tutularaq QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" əsasən QSC-dən 12 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 32 faiz dərəcəsi ilə 701 manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan əsas borcu və əsas borca hesablanmış faiz borcunu QSC-yə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı QSC-yə yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. QSC həmin məbləğlərin ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərsə də, bu nəticə verməmişdir. Bu səbəbdən də, QSC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30,44 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, QSC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 208,94 manat, əsas kredit borcuna hesablanmış faiz borcunu ödəmək məqsədi ilə 75,40 manat faiz, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 76,80 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün QSC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,04 manat, ümumilikdə 391,54 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı QSC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı QSC-yə borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsindən” irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi həmin müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının tələblərinə istinad edərək hazırkı iddianı irəli sürmək üçün QSCnin hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeni əsas götürmüş Rayon Məhkəməsi hesab etmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Buna görə də, iddia qismən təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı QSC adından onun səlahiyyətli nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının “qərara aldı hissəsinin” 4-cü bəndinə qeyd olunur ki, Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Rayon Məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu nəzərə almamışdır. İşə baxmış Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın rədd edilməsi hissəsində iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) işə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması barədə məlumat
7. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayəti üzrə apelyasiyanı mümkün hesab etmiş və işə yazılı icraat qaydasında (iş üzrə tərəflərin iştirakı olmadan) baxılmasını qərara almışdır. Lakin işə yazılı icraat qaydasında baxılan zaman Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya baxışının şifahi qaydada (iş üzrə tərəflərin iştirakı ilə) baxılmasını qərara almışdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
8. İddiaçı QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, kreditor olan iddiaçı QSC ilə borcalan cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən QSC-dən 12 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə illik 32 faiz dərəcəsilə 701 manat məbləğində kredit götürmüşdür.
12. İş materiallarından görünür ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, QSC-yə olan borcunu ödəməmişdir. Nəticədə onun iddiaçı QSC-yə borcu yaranmış, QSC həmin məbləğlərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh borcunu ödəməmişdir.
13. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
14. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. İşin hallarından görünür ki, cavabdeh iddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 701 manat, faiz borcu 197,53 manat, cərimə borcu 105,15 manat olmaqla, ümumilikdə borcu 1.003,68 manat təşkil edir.
17. İddianı qismən təmin etmiş Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeni əsas götürərək belə qənaətə gəlmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
18. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
19. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Məhkəmə qeyd edir ki, iddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə cavabdehə xx.xx.2024-cü il tarixinə olan 208,94 manat məbləğində əsas, 75,40 manat məbləğində faiz, 76,80 manat məbləğində cərimə borclu olmaqla, ümumilikdə 361,14 manat yaranmış borcun 5 iş günü müddətində ödəməyi təklif edilmiş, əks təqdirdə “Kredit müqaviləsinin” 5 iş günü müddətində ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
20. Göründüyü kimi həmin məktubda müqavilənin gələcəkdə ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, müqavilə tərəfi olan cavabdehə ünvanlanmış həmin məktubun tarixindən etibarən “Kredit müqavilənin” ləğv edilmiş hesab edilməsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi düzgün deyil. Rayon Məhkəməsi həmin əsasla iddianı qismən təmin etməkdə haqlı olmamışdır.
21. Cavabdeh tərəfin iddiaya və apellyasiya şikayətinə etiraz təqdim etməməsini nəzərə alan Məhkəmə iş materiallarına və borcun məbləği ilə bağlı iddiaçı tərəfin hesablamalarına əsaslanaraq hesab edir ki, QSC-nin iddiası əsas və faiz borcunun məbləğinə münasibətdə tam əsaslıdır.
22. Cavabdehdən tutulmalı olan cərimə borcuna gəldikdə isə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
23. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cərimə borcu əsas borc məbləğinə mütənasib olduğundan 105,15 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. g) apellyasiya baxışının nəticəsi
24. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı QSC-nin iddiası tam təmin edilməlidir.
25. İddiaçı QSC-nin iddia ərizəsi və apellyasiya şikayəti təmin edildiyindən, Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,44 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,42 manat MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
26. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Hazırki iş üzrə iddianın qiyməti isə beş min manatdan azdır.
28. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 929-BMA-0301-23 №-li “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 701 (yeddi yüz bir) manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 197 (yüz doxsan yeddi manat) 53 (əlli üç) qəpik, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 105 (yüz beş) manat 15 (on beş) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 44 (qırx dörd) qəpik, cəmi 1.034 (min otuz dörd) manat 12 (on iki) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat 42 (qırx iki) qəpik Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.