Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6590/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2023 nömrəli, 16 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Şəmkir rayon İcra Hahimiyyəti Başçısının Yuxarı Seyfəli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 42 saylı arayışından görünür ki, Möhsümov Fəxrəddin Ağamməd oğlu Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və Möhsümova Dilarə İsa qızı, Möhsümov Ağaməmməd Fəxrəddin oğlu və İddiaçı3 ibarət ailə üzvləri vardır.
2. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən ölçüsü 0.1578 ha olan yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı3 (payı - 0.0526 ha), İddiaçı2 (payı - 0.0526 ha), İddiaçı1 (payı - 0.0526 ha).
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 335 manat maddi zərərin və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyətlərində olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində 0,1578 ha torpaq sahəsi hər birinə 0,0526 ha hissə olmaqla onlara ümumi şəkildə məxsusdur, o, 15 noyabr 2022-ci il tarixdə saat 09 radələrində həmin kənddə yaşayan Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsindəki xurma bağından ona məxsus xurma məhsulu yığıldığı üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir, lakin Cavabdeh meyvələri yığmasının qarşısı vaxtında alınmadığı üçün o, meyvələri həmkəndlisi Eldar adlı şəxsə satmışdır, Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı əsası ilə cinayət işi başlanması rədd edilmişdir, cavabdeh həmin sahədəki 78 ədəd xurma ağacının 134 yeşik olmaqla meyvələrini satmışdır, bir yeşiyin həmin mövsüm üçün satış qiyməti 2 manat 50 qəpik olduğundan nəticədə o, 335 manat maddi zərər vurmuşdur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 335 (üç yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik pul məbləğinin alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- 21.3, 135.3, 135.12, 238.2, 238.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2, 77.1, 106.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, törədildiyi istinad edilən əməldə göstərilən ağacların iddiaçıların hər hansı biri tərəfindən əkildiyi ilə bağlı iddia tərəfi heç bir sübut təqdim etməmişdir. Çünki qeyd edilən xurma ağacları cavabdeh tərəfindən əkilmişdir və bu səbəbdən təbii olaraq onların meyvələrindən bəhrələnmək hüququnun olduğunu düşünmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı3 və Cavabdeh teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. İddiaçı3 işə onun iştirakı olmadan baxılmasını, Cavabdeh isə iclasın təxirə salınmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
15. 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.
16. 135.12-ci maddəsinə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.
17. 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.
18. 238.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
19. 386.1-ci maddəsinə əsasən,öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.
20. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. 1097.1 və 1097.3-cü maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərəri vuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
22. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
24. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayır, Fəxrəddin Mövsümov onun əmisidir, əmisi ilə atası Zaməddin Mövsümov arasında 4-5 ildir ki, torpaqla bağlı mübahisə vardır, Fəxrəddin Mövsümovun və onun yaşadığı evin yaxınlığında yerləşən 15 sot torpaq sahəsi mübahisəlidir, həmin torpaq sahəsi Fəxrəddinin uşaqlarının və keçmiş arvadının adına qeydiyyatda olmasına baxmayaraq onlarda da bununla bağlı akt vardır, həmçinin həmin torpaq sahəsində olan xurma ağaclarını onun atası, ailə üzvləri əkmişdir, hazırda da torpaqla bağlı mübahisələri ilə əlaqədar məhkəmədə araşdırma davam etdirilir, torpaq sahəsində olan ağacları onlar əkdikləri üçün məhsulun da onlara məxsus olmasını fikirləşərək, o, həmkəndlisi Eldar Hüseynova xurma məhsulunu satmış, Eldar Hüseynov xurma ağaclarından 134 yeşik xurma məhsulu yığdırıb həmin yeşiklərin 1 ədədini 2 manat 50 qəpiyə satmış, ümumilikdə 335 manat pul almışdır, ona sonradan məlum olmuşdur ki, əmisi Fəxrəddin Mövsümov bu barədə şikayət vermişdir.
35. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2394/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Möhsümov Fəxrəddin Ağamməd oğlunun, İddiaçı3, İddiaçı2 cavabdeh Möhsümov Zaməddin Ağamməd oğluna qarşı “maddi zərər tələbinə dair” iddiası qismən təmin edilərək, Möhsümov Zaməddin Ağamməd oğlundan dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləğinin alınaraq, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə İddiaçı3, 2/5 hissədə Möhsümov Fəxrəddin Ağamməd oğluna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7127/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır.
36. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdrəsi tərəfindən verilmiş AN seriyalı 797674 saylı, xx.xx.2022-ci il “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən sahəsi 0.1578 ha olan yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 adına **********03 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adınadır, sahəsi 0.1578 ha olan həyətyanı torpaq sahəsi hər birinə 0.0526 ha olmaqla İddiaçı3, İddiaçı2, İddiaçı1 məxsusdur, cavabdeh həmin həyətyanı torpaq sahəsində məhsul toplayaraq satmış və bundan 335 manat qazanc əldə etmişdir. Bununla belə, cavabdehin həmin torpaq sahəsində olan ağacların bəhərindən istifadə hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi qeyd olunan xurma ağaclarının cavabdeh tərəfindən əkilməsi ilə bağlı qeyd edir ki, ağacların yerləşdiyi torpaq sahəsi iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılara məxsusdur. Mülki Məcəllənin 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmçinin mülki qanunvericiliyə əsasən, ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. Hazırkı mübahisə üzrə maddi zərər tələbinin əsasını təşkil edən xurma ağacları məhz iddiaçılara məxsus olan torpaq ərazisinin daxilində yerləşir. Həmin ərazidən cavabdehin istifadə hüququnun olması ilə bağlı iş materiallarına sübut əlavə edilməmişdir.
39. Qeyd edilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, üç yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik pul məbləğinin alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ödənilməlidir.
40. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2023 nömrəli, 16 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.