Məhkəmə qərarları › İş №2(103)-6594/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6594/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6594/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, qarşılıqlı iddia üzrə Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə digər cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2448/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə 06.10.2020-ci il tarixli 22- 5638/2020 saylı xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, əsas borclu İddiaçı, birgə öhdəlik daşıyan borclu "xxxx" MMC ilə "xxxx" ASC arasında 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsi bağlanmış, 50000 manat kredit götürmüş, İddiaçı müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kreditin əsas məbləğini, birgə öhdəlik daşıyan borclu "xxxx" MMC isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit üzrə hesablanacaq faizlərin "xxxx" ASC-yə qaytarılmasını öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş 09 yanvar 2013-cü il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğinin son ödəniş günü 01.02.2018-ci il müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı tərəfindən üzərinə düşən öhdəlik 58 ay ərzində vaxtlı-vaxtında, gecikdirilmə olmadan yerinə yetirilərək ödənişlər həyata keçirilmişdir. Bir müddət sonra bank tərəfindən birgə öhdəlik daşıyan borclu "xxxx" MMC-nin ödəmələri tamamlamadığı, bu halın İddiaçı tərəfindən kredit məbləğinin ödəməsini gecikdirməsi kimi qiymətləndirilməsi bildirilmişdir. İddiaçı "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentindən daxil olmuş 06.10.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubunda (borcun qaytarılması tələbinə dair) onun tərəfindən kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsi göstərilmiş, hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması "xxxx" MMC tərəfindən yerinə yetirilməli olduğu halda, İddiaçı göndərilən 06.10.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubunun (borcun qaytarılması tələbinə dair) ləğv edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə digər cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcun ödənilməsi” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən bankin xeyrinə 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə aralarında bağlanmış 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 12% dərəcəsi ilə hesablanmaqla, 50000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə bank ilə "xxxx" MMC ilə aralarında bağlanmış 09 yanvar 2013-cü il tarixli 407 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 13.10-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501- ci maddəsinə müvafiq olaraq, borc verən bu müqavilə üzrə yaranan tələblərini öz arzusu ilə həm borcalandan, həm də birgə öhdəlik daşıyandan tələb edə bilər. İddiaçı kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməmiş, Bank tərəfindən İddiaçı kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilmiş müraciət bir nəticə verməmişdir. İddiaçı 26.02.2021-ci il tarixinə banka 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat təşkil edir. Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat pulun, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onlara münasibətdə də iddianın rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq onlar tərəfindən iddia müddətinin tədbiqinə dair ərizə təqdim edilməməsini əsas göstərərək onlara münasibətdə iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasına səbəbləri barədə məlumat vermədən gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılması təşkil edir. Çünki qətnaməni digər tərəflər mübahisələndirməmiş; "xxxx" MMC-nin nümayəndəsi isə yalnız qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən "xxxx" MMC-yə münasibətdə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan müqavilədən görünür ki, "xxxx" ASC ilə borcalan İddiaçı və borcalanla birgə öhdəlik daşıyan "xxxx" MMC arasında 09 yanvar 2013-cü il tarixində 6487 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 60 ay müddətinə illik 12% ödəməklə 50000 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçədə yerləşən 2 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 73,4 kv.metr olan 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə borcalana məlumat verilir və həmin əmlak Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirilir. Eyni zamanda həmin müqavilənin 2.4-cü bəndinə görə birgə öhdəlik daşıyan "xxxx" MMC kredit üzrə hesablanacaq faizlərin borc verənə ödəyəcəyini öz öhdəsinə götürür, bununla yanaşı müqavilənin 2.5-ci bəndindinə görə müqavilə üzrə tərəflər qəbul edillər ki, Borcalan və Birgə öhdəlik daşıyan kredit müqaviləsi üzrə birgə borclulardı və Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən Borcverən birdəfəlik icranı tələb etmək hüququna malikdir. Mülki işin materiallarında olan 09 yanvar 2013-cü il tarixli 407 saylı zaminlik müqaviləsindən görünür ki, borcalan İddiaçı və birgə öhdəlik daşıyan "xxxx" MMC öz üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada qaydada yerinə yetirilməməsinə görə Borc verən "xxxx" ASC-yə dəymiş zərər məbləğində birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 13.2-ci bəndinə görə borclu kreditorla bağladığı 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək müqavilə qüvvədə qalır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, 01.03.2013-cü il tarixindən 01.02.2018-ci il tarixinədək banka kredit müqaviləsi üzrə hər ay 1112 manat olmaqla ödənişlər edilməliydir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 06.10.2020- ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubundan (borcun qaytarılması tələbinə dair) görünür ki, bank borcalan İddiaçı və zamin "xxxx" MMC-dən 09 yanvar 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə əsasən 24.09.2020-ci il tarixinə olan 6602,74 manat faiz borcunun olması və ödənişin hər gecikdirildiyi hər günə görə müqavilə üzrə ödənilməli olan əsas borcdan əlavə faiz və cərimə borcunun ödənilməsi, qanunun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan ərizələrdən müəyyən edilir ki, borcalan İddiaçı borcverən "xxxx" ASC-yə müraciət edərək 09 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə 06.10.2020-ci il tarixli 22- 5638/2020 saylı xəbərdarlığın ləğv edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zaminə ("xxxx" MMC-yə) yönəlmiş tələbin təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 09 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, həmin müqavilə lizinq müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 13.2-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, zaminlə ilə bağlanılmış 09.01.2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış 09.01.2013-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 60 ay müddətində, yəni 09.01.2018-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminlərə qarşı 09.01.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Həmçinin kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən sözügedən kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər ilə bank arasında 09.01.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 09.01.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv edilməli və ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2448/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi “qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən 09 yanvar 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat pulun, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə ödənilməsi” hissəsində ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin iddia tələbləri cavabdeh "xxxx" MMC-yə aid hissədə də təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar